“Azərbaycan Demokratik Respublikası xarici, daxili çağırışlar, çətinliklər olsa da, Şərqdə və müsəlman dünyasında yaradılmış ilk demokratik respublika idi”. APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda deyib.
E. Məmmədyarov bildirib ki, ADR o vaxt həyata keçirdiyi islahatlarla Qərb ölkələrini də üstələmişdi: “Qadınların səsvermə və vəzifə tutmaq hüququ təmin edilmişdi. Milli kimliyi yaratmaq üçün təhsil önəmli hədəflərdən birinə çevrilmişdi. ADR-in fundamental dəyərləri əsasında respublikamızın mövcudluğunu davam etdirmək çox önəmlidir”.
Nazir əlavə edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla qarşılaşıb, erməni aqressiyası, etnik təmizləmə və ərazilərin işğalı 1 milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnib: “Ancaq sonra görülən işlər və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri bizim üçün böyük imkanlar yaratdı. Yoxsulluq 49 faizdən 5 faizə, eləcə də işsizlik 5 faizə qədər düşdü və bu da dövlətin böyük nailiyyətlərindən biridir”.
E. Məmmədyarov qeyd edib ki, ölkənin rifahı yüksəlsə də, torpaqların işğal altında olması hələ də ən böyük problem olaraq qalır: “Son işlər bizi hansı istiqamətə aparacaq bilmirəm, amma reallıq budur ki, Azərbaycan yaxşı qonşuluq çərçivəsində ermənilərlə də yaxşı münasibət qurmağa hazırdır - əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra. Suverenliyimizi və ərazi bütövlüyümüzü əldən buraxmarıq. Sərhədlərimiz beynəlxalq səviyyədə tanınır”.
Nazir qeyd edib ki, Azərbaycan indi dünyada siyasi-iqtisadi baxımdan dayanıqlı müttəfiqə çevrilib: “Həyata keçirilən layihələr ölkəmizi enerji istehsalçısı, tranzit ölkəsi kimi tanıdır. TANAP və TAP müstəqillik və suverenliyə töhfə verəcək. Şərq və Qərb arasında olan rollarımızdan biri də multikulturalizmdir”.
“Ermənistan rəhbərliyi separatçı Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesində iştirakını təklif edirsə, deməli, sülh prosesini öldürmək istəyir”. Bunu da Azərbaycanın xarici işlər naziri deyib.
Nazir bildirib ki, həmsədrlərlə bu yaxınlarda Parisdə keçirilən görüşdə bu məsələ müzakirə edilib: “Onlara da söylədim ki, belə bir təklif gülməlidir”.
Elmar Məmmədyarov bildirib ki, həmsədrlərin iyun ayında İrəvana səfəri onlar üçün ona görə vacibdir ki, gedib oradakı vəziyyətlə tanış olsunlar və fikir mübadiləsi aparsınlar. Nazir deyib ki, danışıqların istiqaməti artıq bilinsə də, İrəvana səfərdən sonra həmsədrlər danışıqları hansı yollarla davam etdirməyi təklif edəcəklər: "Həmsədrlərin bu dəfə Azərbaycana səfəri nəzərdə tutulmayıb. Əvvəlcə Ermənistana gedib yeni hakimiyyətlə tanış olmalıdırlar. Kimlə danışacaqlarını və kimlə işləyəcəklərini bilməlidirlər. Onların ağlında nə olduğunu öyrənsinlər. Bu, həmsədrlər üçün vacibdir".
O əlavə edib ki, həmsədrlər tərəfindən Ermənistan və Azərbaycan XİN başçılarının görüşü təklif edilsə də, hələ tarix və görüş yeri müzakirə edilməyib.