Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam dövlət başçısının humanizm siyasətinin növbəti göstəricisidir. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bu vaxta qədər Prezident İlham Əliyev dəfələrlə əfv sərəncamı, amnistiya aktı imzalayıb: "Nəticədə minlərlə məhkum azadlığa qovuşub, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bu sərəncamlarla minlərlə ailə sevinib. Prezident vaxtilə cinayət törədən və səhvlərini başa düşüb bağışlanmasını istəyən vətəndaşlara qayğısını göstərir. Həmin şəxslər də bu qayğını dəyərləndirəcək və bağışlandığını dərk edib təkrar cinayət törətməkdən çəkinəcəklər".
Millət vəkili qeyd edib ki, bu sərəncam, həmçinin vətəndaşın dövlətə, Prezidentinə etimadının daha da artmasına yönələn bir addımdır: "Bütövlükdə Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin bu addımlarını həmişə yüksək qiymətləndirib və dövlət başçısına minnətdarlığını bildiriblər. İnanıram ki, budəfəki sərəncamla azadlığa buraxılan şəxslər də bundan sonra Azərbaycanın nümunəvi vətəndaşları olacaqlar".
Millət vəkili Rauf Əliyev isə deyib ki, son illər ərzində ölkə Prezidenti cəzasını çəkən məhbuslara qarşı humanizm göstərərək minlərlə insana azadlıq bəxş edib.
R.Əliyevin sözlərinə görə, artıq mühüm ümumilli dövlət bayramları ərəfəsində belə sərəncamların imzalanması ənənə halını alıb: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyev Ümumilli Lider Heydər Əliyev siyasətinin mərhəmətlilik və humanizm ənənələrinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətimizə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini nəzərə alaraq növbəti əfv sərəncamı imzalayıb. Bu növbəti əfv sərəncamı 28 May Respublika Günü ərəfəsində əfv olunanların ailələrinə, yaxınlarına, qohumlarına ikiqat sevinc bəxş edib".
Millət vəkili bu böyük humanist addımına görə Prezident İlham Əliyev cənablarına dərin minnətdarlıq hisslərini bildirib və müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı yorulmaz fəaliyyətində ugurlar arzu edib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.