Xəzər Teyyublu: “Onlar bu addımı Türkiyənin acığına atmaq istəyirlər”
Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, qondarma soyqırımla bağlı layihənin son variantı İsrail parlamentinə təqdim olunub və onun ətrafında mayın 30-da müzakirələr aparılacaq. Bu məlumatı Qüdsdə fəaliyyət göstərən erməni milli komitəsinin üzvü Noem Nalbandyan verib.
Onun sözlərinə görə, mayın 23-də İsrail Knessetində bu istiqamətdə dinləmələr keçirilib və qərara alınıb ki, qanun layihəsi ilə bağlı son müzakirə mayın 30-da keçirilsin. Sitat: “Biz ümid edirik ki, mayın 30-da İsrail parlamenti “erməni soyqırımı”nı tanıyacaq. 23 maydakı dinləmə çox yaxşı atmosferdə keçdi. Müzakirələrdə erməni diasporunun nümayəndələri dedilər ki, bu məsələnin İsraillə Türkiyə arasındakı münasibətlərə heç bir aidiyyəti olmayacaq. Biz qanun layihəsinin səsə qoyulmasını istəyirik”.
İndiki şəraitdə İsrail niyə buna gedir və belə məzmunda bir qanun layihəsinin qəbulu gələcəkdə hansı fəsadlara yol aça bilər?
Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, İsrailin bu addımı atması Azərbaycanla əlaqəli deyil: “Bilirsiniz ki, onlarla Azərbaycan arasında olan münasibətlər çox yaxındır. İsrail parlamenti bu addımı Türkiyənin Qüdslə bağlı sərgilədiyi sərt mövqeyə cavab olaraq atır. Qondarma soyqırım iddiaları sanki Türkiyənin başı üstündə asılan bir “Domokl qılıncı”dır. Kimin həmin ölkə ilə sözü çəp gəlirsə, həmin məqamda parlamentinə bu müzakirəni çıxarır. Görürsünüz ki, indiki hal da İsraillə Türkiyənin gərginləşən münasibətləri fonunda baş verir. İsrailin həm parlamentində, həm də siyasi dairələrində Azərbaycana dəstək olan qüvvələr kifayət qədərdir. Parlamentdə “soyqırım” məsələsi əleyhinə çıxan şəxslər də az deyil. İndiki şəraitdə bu qəbildən olan insanların dəstəyi olduqca vacibdir.
Qondarma soyqırım iddiasının qəbuluna çalışan şəxslərin əksəriyyəti isə ermənipərəst deyil. Onlar bu addımı sadəcə Türkiyənin acığına etmək istəyirlər.
Bunun qəbulu, təbii ki, yolverilməzdir və böyük fəsadlara səbəb ola bilər. Əgər belə bir qərar qəbul edilsə, sonra onu ləğv etmək çətin olacaq. Odur ki, hazırda İsrailin daxilində də bununla bağlı siyasi diskussiya gedir. Düşünürəm ki, Azərbaycanın fəalları da aktivliyini artırmalıdır. Bizim İsraildə diasporumuz da, fəallarımız da var. İndi onların aktivliyindən çox şey asılıdır və bu aktivlik çox şeyi dəyişə bilər. Hesab edirəm ki, İsrail parlamentinin belə bir qərarı qəbul etməsi həmin ölkə ilə Azərbaycan arasında olan xoş münasibətlərə də mənfi təsirini göstərə bilər”.
Məhəmmədəli QƏRİBLİ