Vüqar Qədirov: “Bununla Rusiya onun nəzərinə çatdırıb ki, Dağlıq Qarabağla bağlı danışıqlar elə hazırda mövcud olan format üzrə də aparılacaq”
Məlum olduğu kimi, Ermənistanın yeni hakimiyyət komandası, başda Paşinyan olmaqla, Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda yeni formatın tətbiqinin zəruriliyini vurğulayır. Bu fikri ifadə edən açıqlamalar onların dilindən bir neçə dəfə səslənib.
Xatırladaq ki, Paşinyan Qarabağ probleminin həlli prosesinə yeni elementlər daxil etməyə çalışır. Məsələn, qondarma “DQR”in danışıqlarda iştirakını daim qeyd edir. Maraqlıdır ki, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən Rusiya açıqladığı rəsmi mövqeyində bildirib ki, Moskva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamaqda davam edəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib ki, qəbul olunmuş və səmərəliliyi sınanmış üsullarla Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq arzumuz var. XİN nümayəndəsi bildirib: “Rusiya həmişə bu məsələdə fəal rol oynayıb. Qəbul olunmuş və səmərəliliyi sınanmış üsullar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq arzumuz var. Biz çox aktiv rol oynamışıq və bunu tərəflərlə sıx əlaqədə davam etdirəcəyik”.
Göründüyü kimi, Zaxarova hansısa yeni formatdan deyil, qəbul edilmiş, sınanmış vasitələrdən söz açıb. Belə olan təqdirdə, Zaxarovanın sözlərini Paşinyana dolayı cavab saymaq olarmı?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, Ermənistanda baş verən inqilabdan sonra hakimiyyətə gələn Paşinyan xalqa çoxlu vəd verib: “Bura, ən başlıcası, Dağlıq Qarabağ münaqişəsinin həlli, işsizlik, miqrasiya və oliqarxiyanın özbaşınalığına qarşı mübarizə aparacağı ilə bağlı verilən vədləri aid etmək olar. Bu situasiyada onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər çox önəmli idi. Daim Robert Köçəryan və Serj Sarkisyanı münaqişədə tutduqları mövqeyə görə tənqid edən yeni baş nazir hələ aprel döyüşləri zamanı Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin “müstəqilliyinin” tanınmasına tərəfdar olmuşdu.
Lakin baş nazir seçildikdən sonra Nikol Paşinyanın fikirləri daha yumşaq forma aldı. Seçiləndən sonra ilk səfərini Dağlıq Qarabağa edən Paşinyan orada bildirdi ki, Dağlıq Qarabağ müstəqil tərəf kimi danışıqlarda iştirak etməlidir. Təbii ki, Paşinyanın bu təklifi yalnız ölkə xaricində deyil, Ermənistanın öz daxilində də narazılıqla qarşılandı. Tanınmış siyasətçilər belə ona Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilməməklə bağlı irad bildirdilər. Məlumdur ki, danışıqların formatı uzun illər bundan əvvəl müəyyən edilib. Bu format bütün vasitəçilər tərəfindən razılaşdırılıb. Orada iki əsas tərəf var - Ermənistan və Azərbaycan. Əlavə tərəf kimi isə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları daxildir. Zaxarovanın son bəyanatı birbaşa Paşinyanın formatı dəyişmək cəhdlərinə cavabdır. Bununla Rusiya onun nəzərinə çatdırıb ki, Dağlıq Qarabağla bağlı danışıqlar elə hazırda mövcud olan format üzrə də aparılacaq”.
Məhəmmədəli QƏRİBLİ