Zərdüşt Əlizadə: “Pompeo bu cür böhtanları ilə diqqəti özlərindən kənara yayındırmaq istəyir”
ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Türkiyə ilə Rusiya Balkanlarda vəziyyəti gərginləşdirməklə məşğul olurlar. Pompeo keçirdiyi mətbuat konfransında məsələnin detallarını açıqlamayıb, ancaq bildirib ki, onlar üçün vacib olan regionda bu təhlükənin aradan qaldırılması istiqamətində çalışırlar.
ABŞ dövlət katibinin bu iddialarını nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Zərdüşt Əlizadə qəzetimizə açıqlamasında bildirdi ki, Pompeonun bu cür açıqlamalarına inanmaq lazım deyil: “ABŞ elə bir siyasət həyata keçirir ki, onun mahiyyəti Azərbaycan xalqına məxsus olan zərbi məsəldə gözəl ifadə olunub. Deyir, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Əvvəlcə gəlin Balkanların hansı ölkələrdən ibarət olduğunu və hansı regionda yerləşdiyini analiz edək. Həmin regionla həm Türkiyənin, həm də Rusiyanın birbaşa sərhədi var. Yaxşı, baxın görün ABŞ harda yerləşir və Balkanlarla onların arasında nə qədər məsafə var? Balkanlar deyəndə keçmiş Yuqoslaviya nəzərdə tutulur. Həmin ölkəni kim dağıtdı? ABŞ orada müharibə etdi, ölkəni bombalayıb darmadağın günə qoydu. Suriyanı, Liviyanı, İraqı da Türkiyə ilə Rusiya dağıdıb bəlkə? Bütün dağıdıcı fəaliyyətlə özləri məşğul olurlar. Türkiyə ilə Rusiya nə edə bilər ki? Onların imkanları da çox məhduddur. Onlar sadəcə çalışırlar ki, özlərinə yaxın olan Balkan ölkələri ilə siyasi, iqtisadi münasibətlər qurub, yaxınlıq etsinlər. Bütün ölkələrə öz hərbi bazasını soxmaqda maraqlı olan ABŞ-dır. Balkanlarda hazırda kimin bazası var? Araşdırsanız görərsiniz ki, Kosovada yerləşən ən böyük hərbi baza ABŞ-a məxsusdur. Yuqoslaviyanı da buna görə dağıtdı. Serbiya ilə müharibədən sonra Kosovanı oradan ayırıb müstəqil ölkə etdi və öz bazasını gətirib ora yerləşdirdi. Pompeo bu cür böhtanları ilə diqqəti özlərindən kənara yayındırmaq istəyir. Rusiya ilə Türkiyə birləşsə belə, ABŞ-ın etdiklərinin onda birini etmək gücündə deyil. Sadəcə, ABŞ Rusiya ilə Türkiyə arasında yaranan yaxınlıqdan çox narahat olur. Nəyin bahasına olursa-olsun, bu münasibətləri korlamaq istəyir. Balkanlarda elə ölkələr var ki, Rusiya ilə eyni soykökünü daşıyırlar. Məsələn, serblər. Onlar tarix boyu Rusiyanın təəssübünü ABŞ-a verən deyil. Balkanlar əsrlər boyu türklərin əsarəti altında olub. Bu coğrafi, tarixi yaxınlıq həmin ölkəni də oradakı ölkələr və xalqlarla yaxın edir. ABŞ-ın narahatlığı bundandır ki, böhtan atır”.
Məhəmmədəli QƏRİBLİ