Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanda yeni hökumətin mövqeyi İrəvanın faktiki ağası hesab edilən Rusiya üçün də qəbuledilməz hal sayılır. Çünki Kremldə açıq görürlər ki, belə vəziyyət Rusiyanın birmənalı şəkildə əleyhinə olduğu müharibəni tətikləməkdən başqa heç nəyə xidmət etmir.
Yaranmış durum Qarabağ məsələsində mövqeyi həlledici əhəmiyyət daşıyan Rusiyanı qane etmədyindən, xüsusən də İrəvanın zəbt edilmiş ərazilərdə yaradılan separatçı rejimi danışıqlara cəlb etmək istiqamətində sərsəm çağrışlar səsləndirdiyindən, Kreml hərəkətə keçmək qərarına gəlib. Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Zohrab Mnasakanyanın reallaşan telefon danışığı da, ekspertlərin fikrincə, məhz bundan irəli gəlir.
Tərəflər danışıqlar zamanı Qarabağ məsələsini müzakirə edib və artıq müzakirələrin detalları ortaya çıxıb. Məlumata görə, Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Mnasakanyanı Moskvaya dəvət edib. Yaxın günlərdə erməni nazirin Moskvaya səfəri gözlənir. Ermənistanın diplomatik mənbələri Lavrovun Mnasakanyana Qarabağ münaqişəsi üzrə danışıqların əhəmiyyətli mərhələyə keçməsinin vacibliyini çatdırdığını qeyd edir. Bununla bağlı erməni mediasında qeyd olunur: “Ermənistan Qarabağın danışıqlarda tərəf olmasını və Rusiyanın Azərbaycana silah satışının dayandırılmasını istəyir. Lavrovun cavabı müsbət olmayıb, əvəzində o, bütün bunların Moskva görüşündə müzakirə edilməsini istəyib”.
Belə bir vaxtda diqqət yetirilən məqam Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamalarıdır. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ probleminin həllində həmişə rol oynayıb, bundan sonra da aktiv olmaqda davam edəcək. Bu isə o deməkdir ki, Zohrab Mnasakanyanın Moskva səfərində Kreml ona Qarabağ məsələsində hansı sxem üzrə hərəkət etməli olduğunu başa salacaq. İndilikdə isə Moskva münaqişənin qarşısını almaq üçün Ermənistanın problemin həlli istiqamətində müəyyən addımlar atmasını istəyir. Bunu Mariya Zaxarovanın sonrakı açıqlamalarından da görmək mümkündür. Mariya Zaxarova qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sivil yolla tez bir zamanda nizamlanmasını istəyir: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həmişə fəal iştirak edib. Sıralama qaydası üzrə hansısa skripkanı çalmaq istəyimiz yoxdur. İndiyədək qəbul edilmiş, sivil və həqiqətən də praktikada effektiv olduğu sübuta yetirilmiş vasitələrlə nizamlanmaya tezliklə nail olunmasını istəyirik. Bu məsələdə biz çox fəal rol oynamışıq və bunu yenə davam etdirəcəyik”. Bütün bunlardan sonra İrəvanın mövqeyində müəyyən dəyişikliklər qeydə alınır. Hətta Zohrab Mnasakanyan özü də bildirir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdirməyə hazırdır: “Ermənistan tərəfi Qarabağ problemi üzrə danışıqlar dinamikasını davam etdirməyə hazırdır. Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əlaqə yaradırıq və Azərbaycan rəhbərliyi ilə görüşləri bərpa etməyi planlaşdırırıq”. Nazir eyni zamanda bildirib ki, Ermənistan münaqişənin yalnız dinc yolla həllini dəstəkləyir. Bu vaxta qədər isə İrəvan separatçı rejim danışıqlara qatılmadan Azərbaycan tərəfi ilə görüşün keçirilməsini lüzumsuz saydığını bildirirdi. Amma Moskvadan gələn zəng və xəbərdarlıqlardan sonra İrəvan mövqe dəyişikliyinə gedir.
Burada nəzərə almaq lazımdır ki, bölgədə söz sahibi sayılan Minsk Qrupunun başqa bir həmsədri ABŞ da konfliktin həllini vacib sayır. Hətta Birləşmiş Ştatların prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda yaxın tezlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeniliklər olacağını belə vurğulayır. Respublika günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə İlham Əliyevə göndərdiyi təbrikdə Donald Tramp qeyd olunan xüsusda bildirir ki, qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq: "ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır". Ekspertlər isə bütün bunları vacib məqamlar kimi dəyərləndirir və görünən odur ki, ən azından, Qarabağ münaqişəsinin yenidən alovlanmasının qarşısını almaq üçün ABŞ və Rusiya Ermənistana müəyyən təsir göstərmək niyyətindədir. Təbii ki, bu da Qarabağ məsələsinin həllini tezləşdirə biləcək faktorlar sırasında yer alır.
Digər tərəfdən Ermənistanda yeni hökumət yaxşı görür ki, Qarabağ məsələsi həll olunmadan nə təhlükəsizlik, nə də inkişaf sahəsində hansısa irəliləyişdən söhbət açmaq mümkündür. Halbuki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi Ermənistanda iqtisadi problemlərin həllinə böyük bir təkan verə bilər. Başqa bir tərəfdən, Ermənistan münaqişənin həllilə öz təhlükəsizliyini də təmin etmiş olar. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ məsələsi indi Ermənistanda yeni qarşıdurmaya yol açmaqdadır. Söhbət “Qarabağ klanı”nı təmsil edənlərin hakimiyyətə qayıtmaq üçün yeni zərbə planları hazırlamasından gedir. Ermənistanın “Jamanak” qəzeti mənbələrinə istinadən yazır ki, Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin keçmiş “müdafiə naziri”, hazırda həbsdə olan Samvel Babayan Xankəndidə “məxməri inqilab” hazırlayır. Qəzet qeyd edir ki, Xankəndidə erməni hərbi-siyasi mənbələri Samvel Babayanın həbsdən azad olunandan sonra Qarabağa gedəcəyindən və orada inqilab törədəcəyindən əmindir: “Babayanın siyasi meydana qayıdışından ciddi narahatlıq var”. Məlumata görə, digər narahatlıq Azərbaycanın Qarabağda ermənilər arasında qarşıdurmanın başlamasından istifadə edərək ordunu Xankəndinə yeritməsi ilə bağlıdır. Qeyd edək ki, Babayan ötən il keçmiş prezident Serj Sarkisyana qarşı sui-qəsd ittihamı ilə həbs olunub.
Digər tərəfdən, artıq bilindiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi postuna gətirməsi də Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimdə narazılıqla qarşılanıb. “Qraparak” qəzeti bununla bağlı yazır: “Qarabağda hesab edirlər ki, bu təyinat Rusiya ilə münasibətlərin korlanmasına səbəb ola bilər. Paşinyanın bu gedişi Rusiyada, eləcə də İranda da narahatlıqla qarşılanıb”. Məlumatlara görə, Qarabağdakı rejimin “prezidenti” Bako Saakyanın Paşinyan hakimiyyətinə qarşı çıxmaq üçün istənilən vaxt erməni əhalisini ayağa qaldıra bilər. Ermənistan mediası hazırda Xankəndidə qalan “Qarabağ klanı”nın hakimiyyəti qaytarmaq üçün hətta sui-qəsdlərə də əl ata biləcəyini yazır.
Daha bir məsələ odur ki, “Qarabağ klanı”nın hakimiyyətdə təmsil olunan daha bir üzvü - Baş Qərargahın rəisi Movses Akopyan da vəzifəsindən uzaqlaşdırılıb. Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib ki, ölkə prezidentinə Movses Akopyanın işdən çıxarılmasını təklif edib: “Mən prezidentə təklif etdim ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisini işdən azad etsin”. Onun sözlərinə görə, qərar qarşılıqlı razılıq əsasında qəbul edilib.
Qeyd edək ki, Movses Akopyan ən iddialı erməni hərbçilərindən biridir. Baş Qərargah rəisi təyin olunana qədər o, Qarabağ separatçılarının hərbi birləşmələrinə rəhbərlik edib. Qarabağ münaqişəsinin radikal həllinin tərəfdarı kimi tanınan Movses Akopyan mütəmadi olaraq Azərbaycana qarşı təxribatçı çıxışlar edib. “Qarabağ klanı” hesab edir ki, Paşinyanın onların bütün nümayəndələrini hakimiyyətdən uzaqlaşdıırması qəbuledilməzdir və buna qarşı artıq hərəkətə keçmək lazımdır. Belə vəziyyət isə Ermənistanda növbəti qarşıdurmanın yaşanmasını istisna etmir. “Qarabağ klanı”nı narahat edən başqa bir məsələ Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyanın aktivləşməyə başlamasıdır. “Qarabağ klanı”na görə, Levon Ter-Petrosyan Qarabağ məsələsində 21 il əvvəl həyata keçirmək istədiyi planları reallaşdıra bilər. Artıq bunu bir vaxtlar Paşinyanın da təmsil olunduğu Ermənistan Milli Konqresi də tələb edir. Ermənistan Milli Konqresi Narek Sarkisyan bu xüsusda bildirir: “Ermənistanın yeni, qanuni hökuməti gec-tez bizim əsas problemimizlə bağlı suala cavab verməlidir: o öz xalqına sülhü necə gətirəcək? Qoy güzəştlərlə gətirsin, qoy xalqa bunun baha başa gələciyini izah etsin. İnsanlar anlayacaq. Axı əvəzində dəyərli bir şey - sülh qazanacağıq.
Bu mütləq baş verməlidir. Hansı yolla olursa, olsun. İstər Azərbaycanı inandırmaqla, istər kapitulyasiya ilə. Xalq buna dəstək verəcək, bu dəyər uğrunda bir nəfər kimi mübarizə aparacaq. Təki problemin yaxşı bir çözümü olsun. Qarabağ münaqişəsi sonsuzadək uzanacaq problem deyil. Beynəlxalq ictimaiyyət məsələnin həllinə icazə verəcəksə, xalq verməyəcək? Sadəcə, diktator, qatil Serj Sarkisyan heç nə edə bilməzdi. Çünki o, heç zaman səmimi olmayıb. "Məxməri inqilab" isə ilk növbədə insanların qorxusunu aradan qaldırıb. Bundan sonra insanlar cəbhədə veriləcək hər qurbana görə yeni hökumətdən hesabat tələb edəcək. Bir müddət sonra baş nazirin qurbanların dəfnində iştirakı kifayət etməyəcək və dövlət başçısının bu qeyri-adi addımı artıq heç kəsi təəccübləndirməyəcək! Bir sözlə, Qarabağ münaqişəsi həll olunmalıdır! Güzəştlər hesabına da olsa, baha başa gəlsə də, həll edilməlidir! Başqa yol yoxdur! Qonşuları ilə davamlı müharibə şəraitində yaşayan ölkələr azad və xoşbəxt olmur!" . Ekspertlər isə ermənilərin böyük əksəriyyətinin bu fikirdə olduğunu bildirir. Hesab edilir ki, Paşinyan imkan versə və Petrosyan özündə güc tapsa, köhnə təkliflərə yeni don geyindirsə, Qarabağ məsələsi həllini tapa bilər. Hələlik isə Petrosyana hansısa vəzifənin verilməsi istisna edilmir. Petrosyan müəyyən güc toplasa və siyasi platformasını möhkəmləndirsə, hətta Dağlıq Qarabağ məsələsinin hazırkı mərhələsinə daha konstruktiv yanaşma aşılaya bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.