Elşən Həsənov: “Bununla çəkdiyi filmə daha çox diqqəti cəlb etmək istəyib”
Artıq bir neçə gündür Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri ssenarist Rüstəm İbrahimbəyovun ərsəyə gətirdiyi “Qafqaz üçlüyü” adlı filmə öz etirazını, daha doğrusu, üsyanını bildirir. Qeyd edək ki, həmin filmdə R.İbrahimbəyov əsl xəyanətə imza atıb. Filmdə Azərbaycan xalqı guya vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər kimi göstərilir.
Ssenari müəllifi R.İbrahimbəyov və onun oğlu Fuad İbrahimbəyov, eləcə də Eldar Şengelayanın olduğu, 2015-ci ildə çəkilən "Qafqaz üçlüyü" adlı filmdə üç Qafqaz ölkəsinin bir-birilə müqayisəsi aparılır. Bu müqayisədə Azərbaycan xalqı Cənubi Qafqazın ən pis xalqı kimi xarakterizə edilir. Filmin elə başlanğıcında qorxaq azərbaycanlı uşağın fonunda mərd və cəsur erməni uşağın müqayisəsi verilir. Erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması ilə guya vəhşi azərbaycanlıların dinc ermənilərə qarşı qəddarlığı göstərilir. Hətta öldürülən oğlunun xəbərini almaq üçün Azərbaycana gələn qoca erməninin sonda hava limanında sərhəd xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü də təsvir olunub.
Məsələyə münasibət bildirən tanınmış kinoşünas Ayaz Salayev deyib ki, bu filmin mövcud reallıqla heç bir əlaqəsi yoxdur.
Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti açıq şəkildə öz əksini tapıb.
Kinorejissor Cəmil Quliyev isə bildirir ki, R.İbrahimbəyov nəinki bu filmə görə edilən tənqidlərdən nəticə çıxarıb, əksinə, bu ssenaridə yeni bir film çəkməyə də hazırlaşır.
Göründüyü kimi, Azərbaycan xalqının bu mövzuya haqlı etirazı müşahidə olunur. Eyni zamanda suallar ortaya çıxır ki, üç il əvvəl çəkilən filmdən biz niyə indi xəbər tuturuq və belə nadanlığa R.İbrahimbəyovu nə vadar edə bilərdi?
Mövzu ətrafında apardığımız araşdırmalar zamanı maraqlı bir faktla rastlaşdıq. Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, həmin film barəsində onda hələ iki il əvvəl məlumat olub: “Mən bu məsələni ilk ictimailəşdirənlərdənəm. Film 2015-ci ildə çəkilib, 2016-cı ildə isə onun premyerası olub. Bir faktı da nəzərinizə çatdırım ki, mən 1983-cü ildən 1992-ci ilə kimi Cəfər Cabbarlı adına Azərbaycanfilm Studiyasında müxtəlif vəzifələrdə çalışmışam. Bunu ona görə xatırladıram ki, kinoya olan həvəsim indi də qalır. Tez-tez Rusiya mətbuatında bu qəbildən olan məlumatları oxuyuram. 2016-cı ildə təsadüfən R.İbrahimbəyovun belə bir film çəkdiyini Rusiya mətbuatından oxudum. Filmin adı məni cəlb etdi. Axtarış verib baxdım. Dəhşətə gəldim. Elə həmin gün də sosial şəbəkələrdə film barədə təəssüratımı yazdım, hətta filmin linkini də paylaşdım. Çox təəssüf edirəm ki, həmin vaxt buna reaksiya verən tapılmadı. Mən hətta ictimaiyyətə bu təhlükə ilə bağlı cağırış da etdim. Yaxşıdır ki, yenə bu məsələ, gec də olsa, gündəmə gətirilib. Mən R.İbrahimbəyova ortaya qoyduğu işə görə bir qiyməti verə bilərəm. O, xalqına, millətinə xəyanət edib. Məqsədinin nə olduğu bəllidir - kosmopolitizmdən irəli gələn xəyanət. Bununla çəkdiyi filmə daha çox diqqəti cəlb etmək istəyib. Amma bir şeyi unudub ki, bu filmlə öz xalqının tarixinə xəyanətkar bir ziyalı kimi düşdü. Film professionallıq baxımından da yüksək səviyyədə deyil ki, ona hansısa bir yüksək mükafat verilsin. Yəni mən dünya çapını nəzərdə tuturam. Bununla, R.İbrahimbəyov iç üzünü tam açıb ortaya qoymuş oldu”.
Məhəmmədəli QƏRİBLİ