Yeganə Hacıyeva: “Ermənistan çox güman ki, dövlət sərhədinin Naxçıvan istiqamətində hərbi təxribatlar törətməkdə maraqlı olacaq”
Rusiyalı tanınmış analitik və tarixçi Oleq Kuznetsov ermənilərin bu yaxınlarda Naxçıvanda törətdiyi təxribatla bağlı maraqlı mövqe ortaya qoyub. O bildirib ki, Cənubi Qafqaz regionundakı vəziyyətə ən böyük təhdidi Naxçıvan ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusunun öldürülməsi faktı yaradır:
“Belə ki, bu ərazidə cəbhə xətti Azərbaycanla Ermənistan arasında dövlət sərhədidir. Bu insidentə dövlət sərhədlərini tənzimləyən 1921-ci il Moskva və Qars müqavilələrinə söykənən beynəlxalq sistemdən baxılır. Məhz bu səbəbdən Rusiya və Türkiyənin bu münaqişəyə bilavasitə cəlb olunması təhlükəsi gündəmə gəlir (doğrusu, bu təhlükə daim mövcud olub – O.K.). Bu halda, adıçəkilən ölkələrin münaqişə tərəflərinə dəstək verəcəkləri qaçılmaz hala çevriləcək. Müvafiq olaraq Türkiyə Azərbaycan tərəfinə, Rusiya isə Ermənistana keçəcək. İlin əvvəlindən mən arxasında ABŞ və Qərbin siyasi elitasının dayandığı rəsmi İrəvanın buna ciddi cəhd və səylər etdiyi barədə daim çıxışlar etmişəm. Onların əsas məqsədi Rusiya ilə Türkiyənin yaxınlaşmasına mane olmaq, Türkiyəni NATO-da saxlamaq və Rusiyanın beynəlxalq təcridini dərinləşdirməkdir. Bu gün Ermənistan ABŞ tərəfindən Rusiyaya qarşı çıxış edir, lakin çox təəssüf ki, Moskva bunu başa düşmür”.
Analitik daha sonra qeyd edir ki, Paşinyanın məhz Naxçıvanda təxribat törətməklə bağlı təlimatı ABŞ və Qərbdən alması şübhə doğurmur. Rusiyalı ekspertin bu iddiasını nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, uzun illərdir cəbhənin Naxçıvan istiqamətində sakitlik hökm sürüb: “Paşinyanın hakimiyyətə gəlişindən sonra həmin istiqamətdə belə bir vəziyyətin yaranması doğrudan da bir çox suallar yaradır. Niyə məhz indi? Naxçıvan mövzusunun aktuallaşdırılması təsadüfi deyil. Çünki Naxçıvan istiqamətində hərbi əməliyyatlar digər istiqamətlərdəki hərbi əməliyyatlardan tamamilə fərqlidir. Ermənistanın fikrincə, Naxçıvanda hərbi əməliyyatlar olacağı təqdirdə 1921-ci ilin Qars müqaviləsinə görə Türkiyə Azərbaycanı dəstəkləməlidir və Türkiyənin Azərbaycanı dəstəkləməsinə cavab olaraq Rusiya Ermənistanı dəstəkləyəcək. Bu da regionda yeni bir qaynar ocağın yaranmasına səbəb olacaq. Təbiidir ki, belə bir vəziyyətə İran da seyrçi qalmayacaq və həmin ölkə də mövqeyini konkretləşdirməlidir. Nəticədə İran da tərəflərin birini seçməli olur. Bu üç ölkənin üz-üzə gəlməsi ilk növbədə Qərb və ABŞ-ın maraqlarına xidmət edir. Orada qızışa biləcək müharibə hətta NATO-KTMT müharibəsinə çevriləcək və beləliklə, Qərb və ABŞ arzuladığı qarşıdurmanı Rusiyanın sərhədlərinə xeyli yaxınlaşdıracaq. ABŞ və Avropa yeni hakimiyyətə gələn Paşinyanın üzərinə müəyyən öhdəliklər qoyub. Paşinyandan indi həmin addımların atılması tələb edilir. Bu baxımdan da rusiyalı analitikin gəldiyi qənaəti qəbul edirəm. Biz həmin istiqamətdə ayıq-sayıqlığı gücləndirməliyik. Ermənistan çox güman ki, dövlət sərhədinin Naxçıvan istiqamətində hərbi təxribatlar törətməkdə maraqlı olacaq. Erməni təbliğat maşını həm də belə bir versiya irəli sürür ki, Türkiyə Naxçıvanda hakim mövqeyə sahibdir. Onların qənaətincə, Türkiyənin Naxçıvana artan marağı İranda qıcıq yaradır. Guya bu vəziyyət İranla Türkiyənin arasında mübahisə obyektinə çevriləcək. Belə təbliğat materiallarını ortalığa qoyan ermənilərin məntiqinə görə, demək, Azərbaycan Naxçıvanda sakitlikdə maraqlı olmalıdır. Çünki Türkiyə ora gələcəksə, demək, İran da gələcək və bu, Naxçıvana təhlükə yarada bilər. Bunu başa düşdükləri halda, ermənilər Naxçıvan istiqamətində hərbi təxribatlarının məsuliyyətini Azərbaycanın üzərinə qoymağa çalışırlar. Məqsəd bəllidir: Naxçıvan üzərində Türkiyə-İran qarşıdurması adı ilə Qərb-Rusiya qarşıdurmasına hazırlıqlarını gizlətmək”.
Məhəmmədəli QƏRİBLİ