Akif Nağı: “Belə olan halda, niyə həmin pulun ayrılması ilə bağlı layihədə separatçı məqsədlər üçün pulun xərclənməməsi şərtini qoymurlar?”
Birləşmiş Ştatlar Nikol Paşinyanın rəhbərlik etdiyi yeni Ermənistan hökumətində islahatların aparılmasına 140 milyon dollar məbləğində maliyyə yardımının ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır. Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun çərşənbə axşamı Amerikanın Erməni Milli Komitəsinin saytında dərc olunan məktubunda qeyd olunur.
"Biz "Minilliyin çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrant ayrılması məsələsini nəzərdən keçirməyə hazırıq. Amma Ermənistan layihədə iştirak etmək üçün ərizə ilə ölkədə baş verən müsbət dəyişikliklər barədə məlumat verməlidir", - deyə məktubda bildirilir.
Faktiki olaraq bu pulun Ermənistana verilməsi reallaşmaq üzrədir. Əslində, ABŞ-ın bu addımı başadüşülən deyil. Çünki işğalçı bir ölkəyə bu qədər vəsaitin verilməsi daha ciddi problemlərə yol aça bilər. Kim zəmanət verir ki, Ermənistan həmin vəsaiti Dağlıq Qarabağdakı separatizmin daha da möhkəmlənməsinə xərcləməyəcək və belə ölkəyə bu həcmdə maliyyə yardımının edilməsi doğrudurmu?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə bildirdi ki, ABŞ-ın bu addımı doğru deyil: “İşğalçı ölkəyə qarşı birmənalı mövqe olmalıdır.Amma hiss olunur ki, ABŞ-ın siyasətində Ermənistanın bəslənməsinə yönəlik addımlar çoxdur. Fikir verin, ABŞ özünün maraqlarının kəsişdiyi Şimali Koreya, İran, Rusiya ilə bağlı necə prinsipiallıq ortaya qoyur. Hətta onlara qarşı digər ölkələrin də sanksiya tətbiq etməsinə çalışır. Bu, ABŞ-ın ermənilərə göstərdiyi ilk yardım deyil. İndiyə kimi də belə addımlar olub. Hətta separatçı quruma birbaşa dövlət səviyyəsində yardımlar da edilib. Onlar budəfəki yardımın məqsədini yeni hakimiyyətə gələn qüvvələrin möhkəmlənməsi ilə izah edirlər. Artıq hiss olunur ki, ABŞ Ermənistanı Rusiyadan çox ciddi cəhdlə qoparmağa çalışır, hətta bunu gizlətmir də. Onlar gözəl bilirlər ki, Ermənistan əlinə düşən pulun böyük bir hissəsini Dağlıq Qarabağdakı separatçı rejimin möhkəmlənməsinə sərf edir. Belə olan halda, niyə həmin pulun ayrılması ilə bağlı layihədə separatçı məqsədlər üçün pulun xərclənməməsi şərtini qoymurlar? Axı ABŞ mahiyyət etibarilə özünü terror, separatçılıqla mübarizə aparan ölkə kimi qələmə verir. Demək belə çıxır ki, həmin dövlətin öz maraqları hər şeyin fovqündədir. Hesab edirəm ki, Azərbaycan bütün vasitələrlə ABŞ-ın bu istəyinə etiraz etməlidir. Çünki ABŞ-ın atdığı addım onun özünü təqdim etdiyi obrazla uzlaşmır”.
Məhəmmədəli QƏRİBLİ