Azər Həsrət: “Bəzilərinin iddia etdikləri kimi tərəfsiz media quruluşu deyil”
ABŞ-ın dünyaca məşhur CNN telekanalı Qarabağla bağlı təxribatçı süjet hazırlayıb. Belə ki, sözügedən kanal “Anthony Bourdain Parts Unknown” şousunun 11-ci mövsümünü təqdim edib.
Bu mövsümdə dünyanı gəzən və müxtəlif ölkələrin mədəniyyəti, eləcə də mətbəxi ilə tanış olan amerikalı baş aşpaz Entoni Burden bu dəfə Ermənistana və Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə gedib. Süjetdə Azərbaycan və Gürcüstan mətbəxinə aid olan yeməklər ermənilərin təamları kimi təqdim olunub. Qarabağı “Artsax” adlandıran Entoni orada “erməni xəngəli”nin, Dilicanda “erməni xaşı”nın, İrəvanda isə “erməni dolması”nın dadına baxıb. Çox təəssüflər olsun ki, lavaş da “erməni milli çörəyi” kimi təqdim olunub. Bununla yanaşı, qondarma “erməni soyqırımı” məsələsinə də toxunulub. Baş aşpaza məlumat verən şəxslər Osmanlı imperiyası tərəfindən 1915-ci ildə guya “1,5 milyon erməninin öldürülməsi” ilə bağlı əfsanələr səsləndiriblər.
CNN kimi nüfuzlu kanalın Azərbaycanın icazəsi olmadan işğal altında olan Dağlıq Qarabağdan reportaj hazırlaması çox böyük təəssüf hissi yaradır. Bu həm də sözügedən kanalın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyidir. Bir sıra məsələləri ciddi araşdırmadan Azərbaycan mətbəxinə aid olan yeməklərin erməni yeməyi kimi təqdim olunması sözügedən kanalın həm də kobud səhvlərə yol verməsinin göstəricisidir.
Bütün hallarda, CNN bu yanlış media siyasətini və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət CNN-in sözügedən reportajını kəskin tənqid etdi. Onun fikrincə, bu, bir sıra prinsiplərə ziddir: “Məsələyə biz jurnalistika prinsipindən yanaşsaq, burada qeyri-etik bir jurnalistika nümunəsini görürük. Çünki jurnalistlər və bütövlükdə medianın özü istənilən məsələdə obyektiv və tərəfsiz olmalıdır. Əlbəttə ki, hansısa məsələlərdə müxtəlif tərəflər varsa, həmin tərəflərə münasibətdə məsafəli davranılmalıdır. Ancaq CNN-in bu davranışlarında etik prinsiplərin gözlənilmədiyini görürük. Birincisi, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı hüququ burada pozulub. CNN kimi nüfuzlu, dünyaca məşhur bir kanalın jurnalistləri Azərbaycandan icazə almadan Dağlıq Qarabağa daxil olublar. Bu artıq konkret olaraq cinayət əməlidir. İkinci bir tərəfdən, daxil olduqları ərazinin işğal altında olduğunu bilə-bilə, oradaki insanlarla təmasa keçiblər. Bu minvalla oradaki adamların bunları yönəltməsinə bu və ya digər şəkildə özləri şərait yaradıblar. Bu yenə də jurnalist prinsiplərinin, etikasının pozulmasının növbəti əlamətlərindəndir. Yəni işğal altındakı torpaqlara gedərək oradan birtərəfli reportajlar hazırlayıb efirə verməyin özü həm qanun pozuntusudur, həm də jurnalist etikasına daban-dabana ziddir. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, istənilən xarici media nümayəndəsi Azərbaycan dövlətindən icazə alaraq həmin ərazilərə gedə bilər. Yəni CNN bu halda Azərbaycan dövlətinə müraciət etməli və XİN-dən icazə alaraq ora getməli idi. İcazə alandan sonra lap elə Ermənistan üzərindən də həmin ərazilərə gedə bilərdilər. Başqa bir tərəfdən, CNN orada reportaj hazırlayandan sonra gərək Azərbaycan tərəfi ilə də əlaqə saxlamalı idi. Onlara verilən məlumatların bizim tərəfdən təsdiq və ya rədd edilməsi ilə bağlı mövqe öyrənməliydilər. Yəni jurnalist etikası bunu tələb edir. Ancaq, göründüyü kimi, CNN-in jurnalistləri bununla bağlı özlərinə əziyyət verməyiblər. Birtərəfli qaydada reportajı təqdim ediblər. Bütün bunlar, təbii ki, təsadüf deyil. Çünki CNN, hamının bildiyi kimi, bütün dünyada təbliğat ruporudur. Bəzilərinin iddia etdikləri kimi tərəfsiz media quruluşu deyil. Təbliğatla məşğul olmaq da jurnalistikaya ziddir”.
Vidadi ORDAHALLI