Məhərrəm Zülfüqarlı: “ABŞ görür ki, Şərqdə olan bir müsəlman ölkəsi onun indi yaymaq istədiyi dəyərləri hələ 100 il əvvəl mənimsəyib”
Məlum olduğu kimi, bu il ölkəmiz müasir Azərbaycan dövlətinin varisi olduğu Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Bununla bağlı bizə xarici ölkələrdən diqqətin artdığının şahidi oluruq. Xüsusilə də ABŞ-dan bu yöndə ardıcıl dəstəyin verildiyini hiss edirik.
Bir sıra ştatların parlamentləri bu əlamətdar tarixlə bağlı qərarlar qəbul ediblər. ABŞ-ın bəzi şəhərlərinin meriyaları bu bayramın qeyd edilməsi ilə bağlı silsilə tədbirlər planı hazırlayıblar. ABŞ Konqresinin üzvü Skot Perri (Respublikaçı – Pensilvaniya) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib. Bəyanatda bildirilib ki, 1917-ci il inqilabından və Birinci Dünya Müharibəsi zamanı Rusiya qoşunlarının Qafqaz cəbhəsindən çəkilməsindən sonra Azərbaycan 28 may 1918-ci il tarixində öz müstəqilliyini elan edib. İlk müstəqilliyinin qısa olmasına baxmayaraq, o zamankı ölkənin indiki Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyi və Azərbaycanın 1991-ci ildə müstəqillik əldə edəndən sonra regionda və dünyada artan vacib rola malik olduğu vurğulanıb.
Bəyanatda qeyd olunub ki, Azərbaycan ABŞ-ın əsas hərbi müttəfiqlərindəndir. Azərbaycan sülhməramlılarının ABŞ və NATO qüvvələri ilə birgə Kosovo, İraq və Əfqanıstanda xidmət etdiyi, bu gün Azərbaycanın Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasında 120 nəfər qüvvəsinin olduğu bildirilib. Azərbaycanın enerji sektorunda lider olduğu, dünyanın ilk neft quyularından birinin 1848-ci ildə Bakının cənubunda qazıldığı, Azərbaycanın öz təbii ehtiyatlarını inkişaf etdirdiyi, Trans-Anadolu kəmərini tikməklə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa yardım etdiyi bəyanatda diqqətə çatdırılıb. Azərbaycanın zəngin qaz ehtiyatlarının onun “Odlar yurdu” kimi tanınmasına gətirib çıxardığı qeyd olunub. Bəyanatda ABŞ-ın Azərbaycanın dostluğuna görə minnətdarlıq bildirilib və Azərbaycan xalqına davamlı sülh və əminamanlıq arzu olunub.
ABŞ-da Cumhuriyyətimizin 100 illiyinə böyük diqqətin kökündə nə durur?
Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, bunun bir çox səbəbi var: “Əvvəla qeyd edəcəyimiz tarix olduqca əlamətdardır. Bəşəri bir mahiyyət daşıyır. Bu tarix bir Azərbaycanın çərçivəsinə sığmır, onu aşıb keçir. Mən müşahidə edirəm, yalnız ABŞ-da bu hal yaşanmır. Dünyanın bir çox ölkələrindən Cumhuriyyətimizin 100 illiyinə dəstək verilir. Doğru qeyd edirsiniz ki, artıq ABŞ-da bu istiqamətdə atılan addımlar periodik, silsilə xarakteri daşımağa başlayıb. Bunun birinci səbəbi kimi, ABŞ-ın bir dövlət olaraq demokratiyaya verdiyi önəmi qeyd edərdim. ABŞ-ın xarici siyasətinin prioritetini ölkələrə demokratiyanı ixrac etmək təşkil edirsə, bu elə onların da bayramı sayılmalıdır. ABŞ görür ki, Şərqdə olan bir müsəlman ölkəsi onun indi yaymaq istədiyi dəyərləri hələ 100 il əvvəl mənimsəyib. Bu amallar üzərində özünə çağdaş bir ölkə qurub. Bu səbəbdən də tariximizin bu səhifəsinə böyük sayqı nümayiş etdirir. Digər bir amil isə ölkəmizin inkişafı ilə əlaqəlidir. Azərbaycan inkişaf etdikcə, onun diaspor təşkilatları da güclənir, yaxşı iş aparmağa başlayırlar. Azərbaycandan ABŞ-a oxumağa göndərilən tələbələrin də burda əməyi az deyil. Bütün bu qüvvələrin Azərbaycan dövləti ilə müştərək fəaliyyəti belə bir mənzərənin canlanmasına şərait yaradır. Doğrudan da sevindirici bir haldır ki, dünyanın ən inkişaf etmiş ölkəsində Cumhuriyyətin 100 illiyi belə təntənə ilə yada salınır. Burada Azərbaycanda fəaliyyət göstərən bəzi təşkilatların, dövlət qurumlarının da rolunu xüsusilə qeyd etməliyik. Onların gərgin əməyi nəticəsində bu mövzunu əhatə edən tədbirlər dünyanın bütün ölkələrində keçirilir. Bu həm də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edir. Biz çalışmalıyıq ki, ölkəmizlə bağlı olan bütün tədbirlər belə yüksək səviyyədə qeyd edilsin. ABŞ-dan Cumhuriyyətin 100 illiyinə göstərilən böyük diqqət eyni zamanda ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişafına da öz müsbət töhfəsini vermiş olur”.
Məhəmmədəli QƏRİBLİ