Tural Abbaslı: “Ərdoğanın etdiyi bu dəyişiklik partiyaya əlavə dinamizm verəcək və bunun seçkilərə müsbət təsiri olacaq” Samir Adıgözəlli: “Bu həqiqətən belə olarsa, düşünürəm ki, hakim partiyanın ziyanına işləyəcək”
Türkiyədə 24 iyunda keçiriləcək parlament seçkilərində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasından (AKP) hazırda mandat daşıyan 200 deputatın yenidən millət vəkili seçilməsinə icazə verməyəcək. Bu barədə partiya kulislərində artıq neçə gündür söhbətlər dolaşır.
Bütün siyasi partiyalar deputatlığa namizədlərinin siyahısını hazırlayaraq başa çatdırıblar. Siyahılar Ali Seçki Komissiyasına təhvil veriləcək. AKP-də isə siyahıya daxil olmayan namizədləri bir-bir özü müəyyənləşdirən Ərdoğan sonuncu dəfə siyahıya göz gəzdirərək, sənədin yekun variantını təsdiqləyib.
Türkiyə mətbuatının məlumatına görə, hər parlament seçkisi öncəsi AKP-dən olan millət vəkillərinin təqribən 50 faizini dəyişdirən Ərdoğan, bu dəfə daha çox deputatı Türkiyə Böyük Millət Məclisindən uzaqlaşdıracaq. 316 millət vəkilindən 200-nün parlamentdən uzaqlaşdırılacağı gözlənir.
Qeyd olunub ki, siyahıdan kənar qalacaq adlar seçkilərdən sonra nazirlik, yaxud bələdiyyə sədrliyi xülyası qurmaqla özlərini təsəlli edəcəklər. Həmçinin vurğulanıb ki, AKP-dən deputatlığa namizədlər siyahısına daxil olmaq uğrunda yaxın ətrafı və dostlarından gələn xahişləri azaltmaq üçün Ərdoğan Bosniyaya səfər edib. Bundan əvvəlki seçkilər ərəfəsində də o, eyni məqsədlə birgünlük İrana səyahətə çıxmışdı.
Maraqlıdır, AKP-nin yeni deputat siyahısı Azərbaycandan necə görünür?
Azərbaycanda fəaliyyət göstərən Ağ Partiyanın sədri Tural Abbaslı qəzetimizə açıqlamasında bildirdi ki, belə bir yenilənmə məsələsi uzun müddətdir Türkiyədəki hakim partiyanın gündəmində olub: “Hətta Ərdoğan “dəmir yorğunluğu” adlı bir termin də işlətmişdi. O bununla hakim partiyanın bütün strukturlarına da mesaj göndərmişdi ki, yorğunluq hiss edilir. Onun əsaslandırması belə idi ki, uzun müddət məmur və deputat həyatı yaşayan siyasilərdə bir arxayınlaşma prosesi gedir və onlar ləng tərpənirlər. Bu özünü Əhməd Davudoğlunun baş nazir olduğu seçkilər dönəmində də açıq göstərdi. Həmin zamandan belə xətt götürüldü. Partiyanın yenilənməsi istiqamətində atdığı addımlar partiyadaxili müqavimətlə üzləşdi. Məcbur oldu ki, bu siyasəti bir qədər arxa plana keçirsin. Xatırlayırsınızsa “Evet”, “Hayır” seçkilərindən sonra bir çox bələdiyyə sədrləri istefaya getdi. Çünki Ərdoğanın rəhbəri olduğu partiya böyük şəhərlərdə uduzurdu. Bu baxımdan da seçki siyahısının belə olacağı gözlənilirdi. Bu yenilənmə kursunu hakim partiya çoxdan götürüb. Hesab edirəm ki, Ərdoğanın etdiyi bu dəyişiklik partiyaya əlavə dinamizm verəcək və bunun seçkilərə müsbət təsiri olacaq”.
Türkiyə siyasətinə yaxından bələd olan siyasətçi Samir Adıgözəlli isə qəzetimizə açıqlamasında bildirdi ki, siyasətdə manevrlərin edilməsi zərurətdir: “Türkiyədə seçkilərə əhalinin böyük marağı olur. Yəni edilən hər bir jest, atılan hər bir kiçik addım seçkinin nəticəsinə təsir edə bilər. Siyahı ilə bağlı ciddi müzakirələr var. Ərdoğanın opponentləri hətta bildirirlər ki, Ərdoğan bir neçə qohumunun adını da yeni siyahıya əlavə edib. Bu həqiqətən belə olarsa, düşünürəm ki, hakim partiyanın ziyanına işləyəcək. Çünki Türkiyə cəmiyyəti siyasətdə bu sayaq gedişləri yaxşı qarşılamaya bilər”.
Məhəmmədəli QƏRİBLİ