Fazil Mustafa: “Avropa Şurasında bu tendensiyanın ifşa olunması üçün təşkilatdakı mövqeyimizi daha da gücləndirməliyik”
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi “korrupsiyada” adı hallanan AŞ PA üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər - Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq. Adı sadalanan bu dörd deputatın davranış kodeksini guya ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq assambleyanın mandatından məhrum edildiyi bildirilir. Onlar təyin olunma və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər.
Sadalanan dörd AŞ PA üzvü bu müddət ərzində seçki müşahidəçisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri, ya sədr müavini ola, AŞ PA-nın prezidenti olmaq üçün seçkilərdə namizədliyini irəli sürə bilməyəcək. Onlar, həmçinin, assambleyanı və ya öz komitələrini təmsil etmək, Avropa Şurasının icra orqanına - Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum ediliblər. Qeyd edək ki, S.Seyidov eyni zamanda Azərbaycan nümayəndə heyətinin rəhbəri sayılır. Hazırkı situasiyada Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti bir qədər çıxılmaz vəziyyətlə üzləşib. Bu, bir növ, kapitansız komanda oyununu xatırladır. Vəziyyətdən çıxış yolu kimi, ölkəmizin AŞ PA-dakı nümayəndə heyəti S.Seyidova təyin edilən 2 illik sanksiya müddətini qurumdakı iştirakdan imtina ilə kompensasiya edə bilərmi?
AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafanın sözlərinə görə, hədəf olaraq S.Seyidovun seçilməsində məqsəd Azərbaycan nümayəndə heyətinin zəiflədilməsinə yönəlib: “Bu, qondarma ittihamdır və birbaşa Azərbaycan dövlətinin mövqeyinin zəiflədilməsinə xidmət edən addımdır. Həmçinin, sanksiya tətbiq edilməsinin arxasında ölkəmizə qarşı olan qüvvələrin həmrəyliyi dayanır. Sanksiyaların tətbiq edilməsində konkret səbəb korrupsiya faktı idisə, sanksiya Ermənistanın keçmiş baş naziri Serj Sarkisyana tətbiq edilməli idi. Halbuki, o, qəhrəman kimi qarşılandı. Sonunda isə cinayətkarlardan biri kimi Ermənistanda hakimiyyətdən qovuldu. Sanksiyalar gələcəkdə Azərbaycan əleyhinə qərarları daha rahatlıqla qəbul etmək, başqalarını belə ittihamlarla qorxudaraq, Azərbaycanı dəstəkləməkdən çəkindirmək mahiyyəti daşıyır. Ermənistanı daha üstün mövqeyə çıxarmaq üçün bu metodlardan istifadə edirlər. Ümumilikdə isə sanksiyalar Avropa Şurası üçün utancverici addımdır. Bu qərarın hər hansı şəkildə təsiredici qüvvəsi ola bilməz. S.Seyidov Avropa auditoriyasında kifayət qədər təcrübəli, hazırlıqlı şəxslərdən biridir. Onun Avropa Şurasında Azərbaycanı təmsil etməməsi ölkəmiz üçün ciddi itkidir. İstənilən halda, Azərbaycan nümayəndə heyəti mübarizəni davam etdirməlidir. Avropa Şurasında bu tendensiyanın ifşa olunması üçün, sanksiya müddətində AŞ PA-dakı iştirakdan imtina yox, əksinə, təşkilatda mövqeyimizi daha da gücləndirməliyik. Oradakı gələcək fəaliyyətimizlə bağlı nümayəndə heyətinin tərkibi Milli Məclisin rəhbərliyi səviyyəsində müzakirə olunur. Hansı formada qərara alınsa, nümayəndə heyəti o formada fəaliyyətini davam etdirəcək. Vaxtaşırı rotasiya qaydasında dəyişikliklər olunur. Yenidən nümayəndə heyətinin tərkibi dəyişdirilə bilər. Amma bu hansı formada ediləcək, bilgim yoxdur”.
Məhəmmədəli QƏRİBLİ