Vüqar Rəhimzadə: “Bu həm də qarşılıqlı əlaqələrin daha intensiv şəkildə inkişaf etməsinə öz töhfəsini verəcək”
Məlum olduğu kimi, Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana səfəri baş tutub. Serbiya Prezidenti A.Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. İki ölkənin dövlət başçısı görüş zamanı bir sıra məsələləri müzakirə ediblər.
Görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu və bundan istifadə edilməsinin vacibliyini vurğulayıblar. Sonra müzakirələr geniş tərkibdə davam etdirilib.
Daha sonra Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı hər iki ölkənin dövlət başçısı tərəfindən imzalanıb.
Bundan əlavə, iki ölkə arasında səhiyyə, ədliyyə, kənd təsərrüfatı, beynəlxalq avtomobil daşımaları, hava əlaqələri sahəsində əməkdaşlığı nəzərdə tutan ümumilikdə 6 sənəd imzalanıb.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Serbiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Beynəlxalq müstəvidə bütün məsələlərdə, xüsusilə ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə qarşılıqlı dəstək mövcuddur. İqtisadi əlaqələrdən də danışan dövlət başçısı mövcud əməkdaşlığın iki ölkə arasındakı potensialı əks etdirmədiyini vurğulayıb.
Serbiya Prezidenti də çıxışında strateji tərəfdaşlıqdan bəhs edərək prinsipial məsələlərdə qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkib.
Ümumilikdə, iki ölkə prezidentinin strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı imzalamasının nə kimi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə buna bir neçə prizmadan yanaşdı: “Hesab edirəm ki, Serbiya Prezidentinin Azərbaycana gəlməsi qarşılıqlı əlaqələrin daha yaxşı inkişaf etməsində, iki ölkə arasında münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, Serbiya hər zaman Azərbaycanla münasibətlərə önəm verir. Fikrimcə, strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planına bir sıra məsələlər daxildir. Bu hər iki ölkənin qarşılıqlı maraqlarının təmin olunmasını özündə ehtiva edir. Ona görə də sözügedən maraqlara uyğun bir sıra tədbirlərin keçirilməsi önəm kəsb edir. Yəni qarşılıqlı önəm kəsb edən bir çox halları nəzərdə tutur. Hesab edirəm ki, iki ölkə arasında əməkdaşlıq Azərbaycan və Serbiya üçün vacib əhəmiyyət kəsb edir. Serbiya Prezidentinin ölkəmizə ikigünlük səfəri siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir. Ona görə də düşünürəm ki, sözügedən səfər çox önəmli bir səfərdir. Strateji əməkdaşlıq çox vacib önəm kəsb etməklə yanaşı, qarşılıqlı əlaqələrin daha intensiv şəkildə inkişaf etməsinə öz töhfəsini verəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan bütün Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. İstər Avropa İttifaqına üzv olan ölkələrlə, istərsə də üzv olmayan ölkələrlə əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu baxımdan Serbiya Prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanan sazişləri, keçirilən görüşləri müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu hər iki ölkənin maraqlarına uyğun olacaq”.
Vidadi ORDAHALLI