Məhəmməd Əsədullazadə: “Ancaq ordumuzun arsenalı günü-gündən kəmiyyət və keyfiyyətcə təkmilləşir”
ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya növbəti dəfə özünün ənənəsinə sadiq qalaraq tərəfsizlik prinsipinə zidd addım atıb. Bu arada məlum olub ki, bir neçə ay sonra İrəvan Rusiyadan aşağı radiuslu “Tor M2” zenit-raket komplekslərini alacaq. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.
Məlumatda deyilir ki, zenit-raket kompleksi Rusiyanın Ermənistana silah təchizatı üçün ayırdığı ikinci güzəştli kredit (100 milyon dollar) çərçivəsində çatdırılacaq. Bu kredit razılaşması çərçivəsində Ermənistan ötən ilin sonlarında Rusiya ilə üç müqavilə bağlamışdı, amma müqavilələrin detalları açıqlanmamışdı. Müqavilələrin ümumi dəyəri 100 milyon dollardan çoxdur, qalan hissəsi Ermənistan büdcəsi tərəfindən maliyyələşdirilir. Qeyd edək ki, “Tor M2” müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsafə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Kompleksin buraxılış qurğusunda 16 döyüş raketi olur. “Tor M2” kompleksinin əsas vəzifəsi quru qoşunlarını döyüş əməliyyatları zamanı havadan müdafiə etmək, komanda məntəqələrini, mühüm infrastruktur obyektlərini qorumaqdır.
Ötən il Rusiya Ermənistana “Verba” daşınan zenit-raket komplekslərinin böyük partiyasını çatdırmışdı. Heç şübhəsiz, Rusiyanın bu addımı qəbul olunan deyil. Bu, işğalçı dövlətə danışıqlarda daha aqressiv mövqe tutmağa stimul verə bilər. Heç şübhəsiz ki, Rusiyanın bu addımı nə vasitəçilik, nə də qonşuluq, müttəfiqlik prinsiplərinə uyğundur.
Bütün hallarda, görünən odur ki, Ermənistana yeni silah partiyasının verilməsi ilə bağlı proses artıq başlayıb. Ümumən bunu ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya silahlanmada balans yaratmaq istəyir: “Rusiyanın Ermənistana silah təchizatı 20 ildir ki, davam edir. Buna baxmayaraq, Azərbaycanla pariteti qoruyub saxlaya bilmir. Ona görə ki, Rusiyanın verdiyi silahların böyük partiyası əsasən nasaz və texniki parametrləri zəif olub. Buna baxmayaraq, son illərdə Moskva, görünür, Azərbaycanın müasir silah arsenalını görərək, işğalçıya müəyyən qədər müasir silahlar verib. 100 milyon dollar civarında olan bu silah müqaviləsi tədricən həyata keçiriləcək və işğalçının hava məkanının qorunmasına hesablanıb. Bura əsasən "Tor M2" zenit-raket kompleksləri də daxildir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi həm separatçılarla görüş keçirir, həm də işğalçını silahlandırır. Bu, Azərbaycana qarşı yeni təzyiq siyasətinin işartısıdır. Rəsmi Kremlin Ermənistanın yeni hakimiyyətinə jest olaraq bu kimi siyasət aparması regionun təhlükəsizliyinə təhdiddir. Rusiya Ermənistanı silahlandırsa da, bu, Azərbaycana qarşı təzyiq olmayacaq. Çünki ordumuzun arsenalı günü-gündən kəmiyyət və keyfiyyətcə təkmilləşir. Rusiyanın siyasəti regionda qalmaq, bu münaqişə ilə ölkəmizə təzyiq etməkdir. TANAP-ın 12 iyunda açılışı gözlənir. Bu açılış öncəsi Kremlin siyasətində ölkəmizə qarşı Ermənistan tərəfindən müəyyən təxribatlara cəhd edilir. Ancaq belə təxribatlar tarix boyu nəticəsiz qalıb”.
Vidadi ORDAHALLI