Səadət Bənənyarlı: “Görülən bütün işlər, qəbul edilən qanunlar insan hüquqlarının qorunması üçün bir platformadır” Novella Cəfəroğlu: “Bu illər ərzində insan haqlarının qorunması ilə bağlı çoxlu sayda tədbir həyata keçirilib”
Son illər Azərbaycanda insan hüquqlarının qorunması sahəsində davamlı işlər görülür. İnsan hüquqları içərisində şərəf və ləyaqət - özünəhörmət, başqalarına hörmət və ədalətlilik əsas yer tutur. Məlum olduğu kimi, Azərbaycanda hər bir vətəndaşın azad, sərbəst yaşamaq hüquqları təmin edilib və bütün vətəndaşların hüquqları qanun çərçivəsində qorunur. Onu da vurğulayaq ki, vətəndaşların, insanların hüquqlarının qorunması Azərbaycan dövlətinin ən çox diqqət yetirdiyi, həssas münasibət bəslədiyi məsələdir.
Bildiyimiz kimi, mayın 18-dən Azərbaycanda “İnsan Hüquqları Aylığı”ı keçirilməyə başlayıb.
Aylıq iyun ayının 18-dək davam edəcək. Aylığın nəticələri ümumiləşdirilərək təhlil olunacaq və bu barədə ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, Ombudsman Aparatının Mətbuat xidmətindən mətbuata verilən məlumata görə, bununla bağlı Ombudsman dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.
Məlumatlara görə, hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan müddəaları əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur.
Belə aylıqların keçirilməsi əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquq düşüncəsinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpasına və vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.
Bununla yanaşı, “İnsan Hüquqları Aylığı” çərçivəsində müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda konfrans və müxtəlif maarifləndirmə tədbirlərinin təşkili və görülən işlər haqqında məlumatlar, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflər 11 iyun 2018-ci il tarixədək Ombudsmana təqdim edilməlidir.
Artıq bir neçə ildir “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub və keçən illər ərzində insan hüquqlarının qorunması sahəsində nə kimi inkişaf olub? Bu istiqamətdə hansı uğurlara imza atılıb?
Qeyd edək ki, bu sahədə aidiyyəti dövlət qurumları və QHT-lər tərəfindən bir sıra işlər görülüb. Ekspertlərin sözlərinə görə, görülən müsbət işlərin nəticəsi haqqında mütəmadi olaraq yerli KİV-lərdə məlumatlar yer alır. Onlar bildirirlər ki, ölkə başçısının sərəncamı ilə təsdiq olunan Milli Fəaliyyət Proqramı qəbul edildikdən sonra bu sahədə daha intensiv, məqsədyönlü işlər həyata keçirilib.
İnsan hüquqlarının qorunması istiqamətində dövlət və qeyri-hökumət təşkilatlarının uğurlu əməkdaşlıqları nəticəsində xeyli iş görüldüyünü vurğulayan hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirdi ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində də işlər davam etdiriləcək. “Mütəmadi olaraq Milli Fəaliyyət Proqramının müddəalarında əks olunan insan hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər həyata keçirilir. Bu sahədə xeyli iş görülüb. Atılan əhəmiyyətli addımlardan biri də “İctimai iştirakçılıq haqqında” Qanun qəbul olunmasıdır. Bu qanun bir başa insan hüquqlarının qorunmasında çox mühüm rol oynayıb. Belə ki, son illər görülən tədbirlər sırasında qanunların qəbul olunmasını, vətəndaş cəmiyyətinin aktivliyini və s. qeyd edə bilərik. Görülən bütün işlər, qəbul edilən qanunlar insan hüquqlarının qorunması üçün bir platformadır. Bu sahədə dövlət strukturları ilə də birgə işlər görülüb. Bundan başqa, məhkumların müraciətləri nəticəsində amnistiyaların verilməsi və başqa məsələlər bu sahədə uğurlu nəticələrdən biridir. Ancaq bəzi çatışmazlıqları da qeyd etmək istərdim. Bu da orta səviyyəli məmurlarla bağlıdır. İstərdik ki, orta səviyyəli məmurlar fəaliyyətlərində vətəndaşlara münasibətdə bir qədər diqqətli olsunlar və işlərini daha şəffaf şəkildə həyata keçirsinlər” - deyə S.Bənənyarlı bildirdi.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da hesab edir ki, respublikamızda insan hüquqlarının qorunması, müdafiə edilməsi sahəsində müsbət işlər görülüb: “Bu illər ərzində insan haqlarının qorunması ilə bağlı çoxlu sayda tədbir həyata keçirilib. Biz də bu sahədə işlər görmüşük. Biz bölgələrdə insan hüquqlarının qorunması ilə bağlı seminarlar, tədbirlər keçirmişik. Bilirsiniz ki, biz qadınları ömrü boyu məhkəmələrdə müdafiə etmişik. Ancaq qanun qəbul edildikdən sonra hüquq müdafiəçilərinin məhkəmələrdə qadınların hüquqlarının müdafiəçisi kimi çıxış etməsinə icazə verilmədi. Biz Ədliyyə Nazirliyinə müraciət etdik və nazirlik bizə məktub verdi. Nazirliyin icazəsi ilə məhkəmələrdə qadınların hüquqlarını müdafiə edirik. Bu illər ərzində uğurlarımız da çox olub. 2011-ci ildən bəri insan haqlarının qorunması ilə bağlı xeyli sayda təşkilat yaratmışıq, işlər görmüşük, bukletlər çap etmişik. Regionlarda da qurumlar təsis etmişik, məhbusları buraxdırmışıq və s. İnsan hüquqlarının qorunması istiqamətində dövlətin dəstəyi və köməkliyi ilə işlər həyata keçirmişik. Biz ilin sonuna qədər bu sahədə daha böyük işlər görüləcəyinə ümid edirik”.
İradə SARIYEVA