Qabil Hüseynli: “Naxçıvandan onlara veriləcək cavab tədbirlərini isə, Ermənistana edilən həmlə kimi dəyərləndirməyə çalışacaq ki, prosesə KTMT-ni qoşmağı bacarsın”
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Müdafiə Nazirliyi bildirib ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur: "Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaqlar".
Doğrudan da Naxçıvanda şəhid olan əsgərimizlə bağlı erməni tərəfinin törətdiyi təxribat maraqlı zamana təsadüf edir. Prezident İlham Əliyevin Naxçıvana etdiyi səfərin ardınca Ermənistanın yeni seçilən xarici işlər və müdafiə nazirlərinin Naxçıvanla həmsərhəd olan bölgələrə etdikləri səfər diqqəti cəlb etdi. Bundan əvvəl isə onlar məhz bu tərkibdə Dağlıq Qarabağ ərazisində olmuşlar. Diqqətçəkən vacib məqam ondan ibarətdir ki, erməni tərəfi uzun müddətdir sülh danışıqlarından müxtəlif bəhanələrlə yayınır. Məhz Ermənistanın günahı üzündən bu gün də Qarabağ danışıqlarının nə vaxt başlanacağı məlum deyil. Bu azmış kimi, təmas xəttində və sərhədlərdə təxribatlar törətməkdən də çəkinmirlər. Naxçıvanda baş verən son hadisə bunun bariz nümunəsi sayıla bilər. Ermənilərin bu taktikasının arxasında hansı məqsədlər dura bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Naxçıvanla həmsərhəd ərazidə baş verən hadisə təsadüfi xarakter daşımayıb: “Əvvəlcə həmin hadisənin törədildiyi zamana diqqət etmək lazımdır. Azərbaycan Prezidentinin Naxçıvana səfərindən dərhal sonra Ermənistanın xarici işlər və müdafiə naziri Naxçıvanla sərhəddə yerləşən ərazilərə gəldi. Məlumdur ki, İlham Əliyev Naxçıvanda olarkən oradakı ordunun gücü ilə bağlı bir sıra mühüm bəyanatlar səsləndirdi. Təbii ki, bu, Ermənistanda ciddi narahatlıq yaratmaya bilməzdi. Bilirsiniz ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr hələ yerlərində tam oturuşmayıb. Hətta Ermənistanın öz daxilində Dağlıq Qarabağla bağlı sülh danışıqlarının formatına fərqli yanaşma var. Bu təxribatın həyata keçirilməsində məqsədlərdən biri də hakimiyyətə tam sahiblənə bilməyən Paşinyanın diqqəti daxili proseslərdən yayındırmaq niyyəti ola bilər. Ola bilsin ki, Paşinyan xarici təhlükədən daxildəki prosesləri sabitləşdirmək üçün yararlanmaq niyyətindədir. Digər istəkləri isə bu üsulla gərginliyi artırıb indiyə qədər yayındıqları sülh danışıqlarında bir qədər də fasilə əldə etməkdir. Təxribatın məhz Naxçıvanda törədilməsinin ən vacib detalı isə yeni Ermənistan hakimiyyətinin bu məsələyə Rusiyanın impulsunu yoxlamaq istəyidir. Bilirsiniz ki, Ermənistan KTMT deyilən hərbiləşmiş bir qurumun üzvüdür. Hələ Serj Sarkisyanın hakimiyyəti dönəmində onlar bir neçə dəfə KTMT-ni də proseslərə qoşmaq istədilər. Amma qurumdan bildirildi ki, onlar Ermənistanın sərhədlərinin qorunması ilə bağlı birgə məsuliyyət daşıyırlar və Dağlıq Qarabağın daxilindəki proseslərə hərbi müdaxilə etmək səlahiyyətinə malik deyillər. Bu tezisi əsas tutan Paşinyan məhz Naxçıvanda vəziyyəti gərginləşdirməklə prosesə Rusiyanın diqqətini cəlb etmək istəyir. Naxçıvandan onlara veriləcək cavab tədbirlərini isə Ermənistana edilən həmlə kimi dəyərləndirməyə çalışacaq ki, prosesə KTMT-ni qoşmağı bacarsın. KTMT-dən lazımi dəstəyi görməyəcəyi halda isə Paşinyan bu adla Rusiyanı əhalinin gözündən salmağa çalışacaq”.
Məhəmmədəli QƏRİBLİ