Elşən Həsənov: “Bütün bunlar hansısa uğurlu layihənin həyata keçirilməsini qeyri-mümkün edir”
Ermənistanın yeni müdafiə naziri David Tonoyan Dağlıq Qarabağa etdiyi səfər zamanı hərbi hissələrdən birində “Bu mənəm” layihəsi çərçivəsində qulluq edən hərbçilərlə görüşüb. Onu həmin səfər çərçivəsində yüksək rütbəli hərbçilər müşayiət ediblər. Ermənistan mətbuatının verdiyi məlumata görə, müdafiə naziri hərbçilərlə söhbətdə xidmət keçdikləri yeni layihənin effektivliyi ilə maraqlanıb və ona ünvanlanan sualları cavablandırıb.
Qeyd edək ki, Ermənistan ordusunda tətbiq edilən “Bu mənəm” layihəsi sabiq müdafiə naziri Vigen Sarkisyanın müəllifi olduğu “Ordu-Xalq-2017” adlı layihənin tərkib komponenti sayılır. “Bu mənəm” layihəsi kontrakt əsasında ön xəttə xidmət edənlərin sayının artırılmasına hesablanıb. Layihənin şərtləri belədir ki, 5 aylıq təlim mərhələsindən sonra kontrakt imzalanan hərbçilər 1+1+2 prinsipi üzrə qulluq keçəcəklər. Hər ayın birinci həftəsini hərbçilər öz evlərində keçirirlər. Sonrakı bir həftədə hərbi hissədə döyüş hazırlığı keçirlər. Ən son iki həftəni isə ön cəbhəyə yollanırlar. Bu layihə çərçivəsində xidməti başa vuran hərbçilərin şəxsi hesabına 5 milyon dram pul köçürüləcəyi nəzərdə tutulur. Onlar həmin pulla özlərinə ipoteka əsasında ev ala, fermer təsərrüfatlarını inkişaf etdirə və təhsil proqramları üçün ödənişlər edə bilərlər.
Bu layihənin mahiyyətindən də görünür ki, Ermənistan ordusunda ön xətdə xidmətlə bağlı ciddi problem yaşanır. Məhz bu istiqamətdə olan əsgər çatışmazlığına görə onları belə şirnikləndirici üsullarla stimullaşdırmağa çalışırlar. Ermənistan ordusunda həyata keçirilən bu siyasətin digər aspektləri ilə bağlı ekspertlər nə düşünürlər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənovun sözlərinə görə, bu, Serj Sarkisyan zamanından qalan bir layihədir: “Ermənistan ordusunun can verdiyini görən köhnə hakimiyyət müəyyən cəlbedici vasitələrə əl ataraq, gənclərin könüllülük prinsipi əsasında orduda, xüsusilə də ön cəbhədə xidmət keçməsini təmin etmək məqsədilə müxtəlif layihələr həyata keçirməyə başladı. Onlardan biri də “Bu mənəm”dir. Vigen Sarkisyan yaranmış vəziyyətdən çıxış yolunu belə addımların atılmasında gördü. Təsəvvür edin ki, iqtisadi resursları olmayan, özünü ətraf aləmdən təcrid edən, iqtisadi çətinliklər səbəbindən demoqrafik problemlə üzləşən bir ölkə üstəlik də müharibə vəziyyətində yaşayır. Bununla belə, işğalçı siyasətindən əl çəkmək istəmir. Hazırda Ermənistan ordu daxilində yaşanan neqativlikləri müəyyən proqramların həyata keçirilməsi adı ilə kompensasiya etməyə can atır. Ortaya atılan “ordu-xalq” adlı bir konsepsiyanın məqsədi ondan ibarət idi ki, ordu ilə xalq arasında inam yaratsınlar, “yandırılmış körpüləri” bərpa etsinlər. İndiyə kimi bu layihə çərçivəsində ortaya heç bir iş qoyulmayıb. Əksinə, həmin sahədə olan vəziyyət daha da pisləşib. Bunu Ermənistan mətbuatında gedən yazıların ruhundan aydın sezmək olur. Xoş təsəvvür yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək mümkün deyil. Yaxud pulla gəncləri xidmətə cəlb etmək ermənilərin orduya münasibətinin əsl göstəricisi sayıla bilər. Bugünkü mənzərəyə baxdıqda görmək olur ki, Ermənistan ordusundakı korrupsiya halları bu münasibətlərin qurulması yolunda böyük səddir. Orduda islahat adı ilə atılan bütün addımlar kosmetik xarakter daşıyır. Silahlı qüvvələrin modernləşməsi üçün böyük vəsaitin xərcləndiyinin söylənməsinə baxmayaraq, ordunun acınacaqlı vəziyyəti göz qabağındadır. Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq yüksək templə artır. İslahatların reallaşdırılması üçün qanunverici baza da yoxdur. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar hansısa uğurlu layihənin həyata keçirilməsini qeyri-mümkün edir. Sadəcə, müxtəlif cəlbedici adlarla onlar ictimai rəyi səhv istiqamətdə yönləndirməyə çalışırlar. Hesab edirəm ki, vəziyyət belə davam edərsə, Ermənistan ordusu qarşıdakı illər ərzində heç pul müqabilində belə orduda qulluq etməyə adam tapa bilməyəcək”.
Məhəmmədəli QƏRİBLİ