Dünyanın diqqətinın Yaxın Şərqə, burada böyük dövlətlərin arasında artan hərbi gərginliyə yönəldiyi bir vaxtda başqa bir bölgədə, özü də yenə kifayət qədər əsgəri gücə malik dövlətlər arasında çox təhlükəli savaşın ilkin nüansları özünü göstərməkdədir.
Söhbət Cənubi Çin dənizində yaranan təhdid dolu vəziyyətdən gedir. Hazırda burada hərbi gərginlyin sürətlə yüksəlməsi, bölgəyə əlavə hərbi qüvvələrin cəmləşdirilməsi müşahidə olunur. Yaranmış durumda ilk olaraq Çin və ABŞ arasında savaş ehtimalı yüksəlir. Artıq tərəflər bir-birinə qarşı açıq əzələ nümayişinə də başlayıb.
Son məlumatlara əsasən, Çin aralarında H-6K strateji təyyarələri də olan yüzlərlə bombardmançı və qırıcılarını ABŞ-ın diqqət mərkəzində olan, eyni zamanda bölgənin 6 dövlətinin iddia etdiyi Cənubi Çin dənizindəki mübahisəli ada və oradakı hərbi bazalarına endirib. Bununla da Qərbi Sakit Okean və Cənubi Çin dənizlərini əhatə edən böyük təlimə start verən rəsmi Pekin dünyaya meydan oxuyub. Məlumata görə, praktik savaş hazırlığı məqsədi daşıyan təlimdə yüzlərlə qırıcı və eyni zamanda hərbi donanmanın döyüş gəmiləri iştirak edib.
Rəsmi Pekin bu təlimi ehtimal olunan hər hansı hərbi təcavüzə qarşı önləyici tədbirlə yanaşı, bütün istiqamətlərə eyni anda sistemli hücum etmək planını sınaqdan çıxarmaq məqsədilə əlaqələndirib. Ölkənin hərbi strukturları bununla bağlı bildirib: “Buradan dünyanın bütün torpaqlarına yetişmək, istənilən zaman bütün istiqamətlərə hücum edə bilmək məqsədilə böyük hərbi təlimə başladıq. Bu, müharibəyə praktik hazırlıqdır”.
Çinin bu addımına ABŞ Müdafiə Nazirliyi dərhal sərt reaksiya verib. Pentaqon sözçüsü Kristofer Loqan bildirib ki, Pekinin bu hərəkəti bölgədə və dünyada gərginliyi artırmağa xidmət edir: “Çinin bu hərəkəti qəbuledilməzdir. Pekin bununla bölgəni və dünyanın təhlükəsizliyini təhdid edir”. Pentaqondan bildirilib ki, ABŞ bölgəyə son model silahlarla təchiz edilmiş əlavə qüvvə yeridəcək.
Onu da qeyd edək ki, Çinin böyük güc topladığı Cənubi Çin dənizində mövcud olan adalara Fillipin, Tayvan, Malayziya və digər 3 bölgə dövləti də iddia edir. O üzdən bu ölkələr də Çinin start verdiyi böyük hərbi təlimə sərt etiraz edib. İakin buna rəğmən o da bəlli olub ki, Çin Cənubi Çin dənizində yerləşən mübahisəli adalarda həm də gəmi əleyhinə qanadlı raketləri və zenit-raket komplekslərini qurub. Amerika kəşfiyyatının məlumatları ilə tanış mənbələrə istinadən CNBC telekanalı bildirib ki, adaların sonrakı hərbiləşdirilməsi bu əraziyə iddia edən tərəflər arasında gərginliyin və etibarsızlığın artmasına xidmət edəcək. Daha əvvəl “Wall Street Journal” qəzeti bildirib ki, Çin mübahisəli adalarda xüsusi avadanlıqlar yerləşdirib. Bu avadanlıqlar radiolokasiya sistemlərinin fəaliyyətinə maneələr yaratmağa qadirdir.
Yuxarıda qeyd edildiyi kimi, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq sulara iddia edir. ABŞ isə Çinin bu regionda möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib. ABŞ-ın son təhlükəsizlik strategiyasında Çin və Rusiya ən böyük təhdidlər adlandırılıb. ABŞ bildirir ki, Çin süni adalar tikərək onların hesabına ərazi sularını genişləndirir və bu adalarda hərbi obyektlər inşa edir. Çin ABŞ-ın ittihamlarını rədd edir.
2016-cı ilin iyulunda Filippinin iddiası üzrə Haaqa Arbitraj Məhkəməsinin daimi palatası qərara alıb ki, Çin Cənubi Çin dənizində ərazi iddiaları üçün əsaslara malik deyil. Çin arbitrajın qərarını tanımayıb. Analitiklərin proqnozlarına görə, yaranmış vəziyyətdə Amerika əsas gücünü Çinlə mübarizəyə istiqamətləndirir. Bunun nə demək olduğu məlumdur. Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması risqinin ciddi şəkildə artdığını vurğulayır.
Pekin isə Donald Trampın prezidentliyi dövründə ABŞ-la müharibənin qaçılmaz olduğunu bildirir. Hələ ötən ilin yanvarında Çinin Müdafiə və Səfərbərlik Komissiyasından olan yüksək çinli zabitin “Çin Xalq Qurtuluş Ordusu”nun saytında yayımlanan məqaləsində deyilirdi ki, “Trampın prezidentliyi dövründə baş verə biləcək müharibə” kimi sözlər artıq şüar yox, reallıqdır. Hazırda ABŞ bölgəyə yeni qüvvələr yeridir. Çin də hərbi cəhətdən bölgədə möhkəmlənir. Qeyd edək ki, Çin ordusu dünyanın ən böyük hərbi heyətinə malik silahlı qüvvədir. Çin ordusunun şəxsi heyəti 2 milyon nəfər təşkil edir. 2012-ci ildə hakimiyyətə gələn Si Cinpin ölkənin hərbi gücünün artırılmasını strateji hədəf olaraq müəyyənləşdirib. Hesab olunur ki, hadisələrin inkiaşf axarında dəyişiklik olmasa, ABŞ - Çin toqquşması qaçılmaz olacaq.
NAHİD