Fikrət Sadıqov: “Çünki İranın sərvətləri kifayət qədər zəngindir və bu sərvətlərdən Avropa yan keçmək istəmir”
Avroittifaq ölkələri Amerika sanksiyalarından gələcək ziyanı qarşılamağa yardım edərsə, Tehran “nüvə anlaşması”nın şərtlərinə əməl etməyə hazırdır. Bu barədə “The Wall Street Journal” nəşri yazır. Yazıda bildirilir ki, Brüssel İranın neft və qazını almağa davam etməklə onu nüvə zənginləşdirilməsi fəaliyyətindən çəkindirməyi düşünür. Qəzetin xəbərinə görə, məsələnin həlli üçün Aİ 1996-cı il qanununu tətbiq etməyi nəzərdə tutur. Həmin qanun Avropa təşkilatlarını Amerika sanksiyalarından sığortalayır.
Bu arada İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Avropa ölkələrinin İranın nüvə razılaşması ilə bağlı yalnız siyasi aspektdən dəstək verməsi yetərli deyil: “ABŞ-ın razılaşmadan çıxması və Avropa İttifaqının müqavilənin qorunması ilə bağlı addımları ictimaiyyətin gözləntilərini daha da gücləndirdi. Təbii ki, mövcud şərtlərdə Avropanın yalnız siyasi dəstəyi yetərli deyil. İttifaq daha böyük praktiki addımlar atıb iqtisadi əməkdaşlığı davam etdirmək üçün İranda investisiyalarını genişləndirməlidir”.
Alman mətbuatının yazdığına görə isə rəsmi Tehranın nüvə proqramının məhdudlaşdırılması qarşılığında maliyyə yardımları davam etdiriləcək. Məsələ ilə bağlı növbəti görüş gələn həftə Vyanada keçiriləcək. Görüşdə Almaniya, Fransa, İngiltərə, Rusiya və Çindən olan dövlət rəsmilərinin də iştirakı gözlənir.
Məlumat üçün qeyd edək ki, 2015-ci ildə İranla ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə və Almaniya arasında nüvə fəaliyyətlərinin məhdudlaşdırılması qarşılığında bu ölkəyə qarşı tətbiq olunan iqtisadi embarqonun ləğv edilməsi barəsində müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, İran uranın zənginləşdirilməsini azaldacağına və nüvə silahının hazırlanmasına gərəkli səviyyəyə çıxarmayacağına söz vermişdi. Bunun qarşılığında isə illərdir İrana qarşı davam edən iqtisadi embarqo aradan qaldırılacaqdı. Lakin ABŞ prezidenti İranın imzalanan müqavilənin şərtlərinə uyğun davranmadığını irəli sürərək, 8 may tarixində müqavilədən çəkildiyini elan etdi.
İranın Aİ-yə yönəlik çağırışından belə məlum olur ki, bu ölkəyə qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı kompensasiya ödənilməsə, o zaman bu ölkə razılaşmadan çıxacaq.
Ümumilikdə, bütün bunlarla bağlı nə gözlənir? Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Aİ İranla bağlı məsələdə çalışacaq ki, öz öhdəliklərinə əməl etsin. O bunu bir sıra amillərlə əlaqələndirdi: “Güman edirəm ki, danışıqlar prosesinin gedişindən asılı olaraq, Aİ öz öhdəliklərinə əməl edəcək. Yəni sözügedən saziş qüvvədə qalacaq. Bundan itirən ABŞ olacaq. Çünki İranın sərvətləri kifayət qədər zəngindir və bu sərvətlərdən Aİ yan keçmək istəmir. Nəzərə almaq lazımdır ki, 2015-ci ilin ortalarında İranla əldə edilən nüvə sazişindən sonra bu ölkə ilə böyük iqtisadi layihələrə dair müqavilələr imzalandı. Aİ-nin bir sıra aparıcı dövlətləri – Almaniya, Fransa İranla dəyəri milyardlarla ölçülən sazişlər imzalayıblar. Təkcə İranın təyyarə parkının yenilənməsinə dair 38 milyard avroluq müqavilə imzalanıb. Hesab edirəm ki, Avropa bütün bunlardan faydalanacaq. O baxımdan düşünmürəm ki, bu məsələdə Aİ ilə İran arasında hansısa ciddi fikir ayrılığı yaşansın. Ancaq Birləşmiş Ştatlar İrana yönəlik sanksiyalardan əlavə hansısa güclü ssenari tətbiq edərsə, o zaman vəziyyət mürəkkəbləşə bilər. ABŞ-ın məqsədi odur ki, İranı tam təcrid vəziyyətinə salsın. Ancaq belədə ABŞ-ın müqavilədən çıxması bu ölkənin ziyanınadır. Yəni müəyyən mənada ABŞ bundan itirəcək. Aİ sazişdən çıxmırsa, deməli, bu onları qane edir və kompensasiya məsələsində razılıq əldə oluna bilər. Bu da münasibətlərin daha da inkişaf etməsinə şərait yaradacaq”.
Vidadi ORDAHALLI