Məhəmməd Əsədullazadə: “Paşinyanın Sarkisyan kimi status-kvonu qorumaq cəhdləri mümkün olmayacaq”
Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Yeni baş nazirin vətəndaşlara müraciətindən sonra da etirazlar səngimir. Ermənistanda küçə inqilabının təzyiqi altında reallaşan baş nazir dəyişikliyi Qarabağ danışıqları ətrafında qeyri-müəyyənliyi artırıb.
Bu, bir yandan, avantürist baş nazir Nikol Paşinyanın özünə təzə komanda formalaşdırması, prosesə təzə-təzə girməsi ilə əlaqələndirilirsə, digər yandan, gözlənilən erkən parlament seçkilərinə görə nizamlanma prosesində taym-autun davam edəcəyi deyilir. Məsələ ondadır ki, sentyabrın əvvəllərində Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Müşahidələr göstərir ki, Paşinyan, ən azından, parlament seçkilərinə qədər danışıqları yubatmaq istəyir. Yaxud da ilin sonuna kimi Qarabağ mövzusu münaqişə tərəfləri arasında ciddi müzakirə predmeti olmaya və ya faktiki, dondurula bilər. Bu isə təmas xəttində yeni və genişmiqyaslı hərbi toqquşma risqinin artması deməkdir. Nədən ki, işğalçı tərəfə mövcud status-kvonun davam etməsi sərfəlidirsə, ərazisinin 20 faizi işğal altında olan Azərbaycan üçün belə durum məqbul sayıla bilməz.
Hərçənd Ermənistan üçün də nə sülh, nə də müharibə vəziyyətinin uzun müddət davam etməsi yaxşı heç nə vəd etmir. Çünki blokada vəziyyətinin davam etməsi, ölkədə sosial-iqtisadi vəziyyətin psləşməsi əhalinin ölkəni tərk etməsi ilə müşayiət olunur. Yəni belə olan halda, Paşinyan ölkədə köklü islahatlar apara, iqtisadiyyatı dirçəldə, Ermənistandan kütləvi köçü dayandıra, böyük xarici sərmayələri ölkəyə cəlb edə və çoxsaylı iş yeri aça bilməyəcək. Ona görə də mütləq Dağlıq Qarabağ məsələsi öz həllini tapmalıdır.
Maraqlıdır, bəs ekspertlərin Dağlıq Qarabağ danışıqları ilə bağlı gözləntiləri nədən ibarətdir? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistanda inqilabla formalaşan yeni hökumətin konsepsiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli prinsipial deyil. Baş nazir Nikol Paşinyanın verdiyi açıqlamalar göstərir ki, status-kvonun qorunmasında maraqlıdırlar. Buna baxmayaraq, Ermənistanın danışıqlar masasında oturması şübhəsizdir. Yoxsa, növbəti aprel eskalasiyası baş verə bilər. Bu da yeni hakimiyyətin fiaskosuna aparar. Hazırda danışıqlarda fasilə yaranıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin gələn ay regiona səfəti gözlənir.
Bu səfərdən sonra İrəvanın danışıqlara başlaması istisna deyil. Ancaq Ermənistanda qeyri-müəyyən siyasi vəziyyət yaranıb. Danışıqların kim tərəfindən aparılması sual altındadır. Hesab edirəm ki, Ermənistanda parlament seçkilərinə qədər danışıqların aparılması gözlənilmir. Nöbbəti seçkilərdən sonra danışıqlar başalaya bilər. Üzümüzə gələn aylarda danışıqlar olmayacaq. Hər halda belə gedərsə, danışıqlar gələn il bərpa oluna bilər. Çünki Ermənistan danışıqlara hazır vəziyyətdə deyil. Siyasi durumu əlverişsizdir. Azərbaycan da Ermənistanın bu vəziyyəti ilə barışmamalıdır. Çünki münaqişənin açarı Rusiyadadır. Rusiya ilə danışıqlar aparılmalıdır. Ermənistanda parlament seçkilərindən sonra yeni formatda olacaq hökumət artıq məcburdur ki, danışıqlara getsin. Qeyd edim ki, Paşinyanın Sarkisyan kimi status-kvonu qorumaq cəhdləri mümkün olmayacaq. Çünki ölkəmizin hərbi potensialı artıq imkan verir ki, rəsmi İrəvana təzyiq edək. Hazırda Ermənistana ən böyük güzəştimiz indiki situasiyada Ermənistana təzyiq etməməkdir. Yoxsa Paşinyan hökumətinin duruş gətirməsi qeyri-mümkün olar. Xalq Paşinyanı hərbi uğursuzluğa görə cəzalandırar”.
Vidadi ORDAHALLI