“İşğalçı siyasət dəyişməsə, Ermənistanın demoqrafik vəziyyəti daha da kritikləşəcək”
Ermənistanda demoqrafik vəziyyətin acınacaqlı olması ilə bağlı mövzuya dəfələrlə toxunmuşuq. BMT-nin təqdim etdiyi yeni “2018-ci il dünya urbanizasiyasının perspektivləri” adlı hesabatında bildirilir ki, Ermənistan əhalisinin sayı 2050-ci ilə kimi 2,7 milyon nəfərə qədər azalacaq. Ermənistan Statistika Komitəsinin verdiyi rəsmi məlumatda bildirilir ki, həmin ölkənin əhalisinin sayı 1 aprel 2018-ci ilə kimi 2 milyon 969 min nəfər təşkil edib. 2017-ci ilin eyni vaxtı ilə müqayisədə əhalinin sayında 11,6 min nəfər azalma olub. BMT-nin məlumatında qeyd edilir ki, ötən əsrin ortalarında Ermənistan əhalisinin sayı 3,5 milyon olub. 1950-ci ildə Ermənistan əhalisinin 40,3 faizi şəhərdə yaşayıb, 1990-cı ildə bu rəqəm 67,4 faiz olub, 2050-ci ilə kimi isə 74,3 faiz olacağı gözlənir. Ermənistan Statistika Komitəsinin 1 aprel 2018-ci il tarixinədək olan məlumatına görə, şəhər əhalisinin sayı 894,5 min nəfər təşkil edib. Bildirilir ki, hazırda paytaxt İrəvanda 1 milyon 75 min nəfər yaşayır.
BMT-nin məlum hesabatında Azərbaycan əhalisinin 2050-ci ilə kimi say tərkibində artımın olacağı və bu rəqəmin 11 milyona çatacağı proqnozlaşdırılır.
Ermənistan KİV-ləri tərəfindən yayımlanan bu məlumatlardan görünür ki, yaranmış vəziyyət onları bərk narahat edir. BMT-nin təqdim etdiyi hesabatdan sonra Ermənistandakı demoqrafik şəraiti katostrafik saymaq olarmı?
Ekspert Şəlalə Cəsurun sözlərinə görə, Ermənistandakı demoqrafik vəziyyətin olduqca acınacaqlı olmasına dair məlumatlar bundan əvvəl də vardı: “BMT-nin bu hesabatı həmin vəziyyətin katostrafik olduğunu bir daha açıb ortaya qoydu. Göründüyü kimi, əhalinin say artımında ciddi problem var və bu, ötən əsrin ortalarından müşahidə olunmağa başlayıb. Kənd əhalisi, demək olar ki, yoxa çıxmaq üzrədir. Əhalinin çox böyük bir hissəsi şəhərdə cəmləşib. Biz bunların ətrafında ciddi təhlillər də aparmışıq. Hazırda isə həyəcan təbilini onların özləri çalır. Nə qədər maraqlı olsa da, onlar rəqəmləri gizlətmədiklərini göstərmək istəyirlər. Bəlkə də gizlədildikdən sonra bu rəqəm ortaya çıxır. Yenə də acınacaqlı mənzərədir. Mən sizə onların dövlət qurumlarının açıqladığı rəqəmləri də təqdim etmək istərdim. Ermənistanın Statistika Komitəsinin açıqlaması ölkədə daimi əhalinin 2001-2016-cı illərdə 228,7 min nəfər azaldığını göstərib. Azalma şəhər əhalisi arasında 181,7 min nəfər, kənd əhalisi arasında isə 46,9 min nəfər təşkil edir və ölkə əhalisinin 8 %-nin itirilməsi ilə nəticələnib.
Bu statistik göstərici Ermənistanda doğrudan da ciddi demoqrafik problemlərin olduğunu göstərir. Xüsusən miqrasiya, ölkəni tərk edənlərin sayının çoxluğu aşağı doğum göstəricisi ilə paralel statistikanı bərbad vəziyyətə salır. Bu ölkədə əhali köçünün bir çox səbəbləri var. Əsas səbəblər kimi dondurulmuş Dağlıq Qarabağ münaqişəsi, Türkiyə və Azərbaycanla sərhədlər bağlı olduğundan iqtisadi təcrid, yerli elitanın korrupsioner mahiyyəti, gömrük inhisarı və ədalətsizliklə bağlıdır.
BMT-nin Əhali Fondunun məlumatına görə, son 25 ildə Ermənistandan mühacirət edənlərin sayı 1 milyondan çox olub. Keçmiş SSRİ respublikalarının heç birində belə göstərici qeydə alınmayıb. Sonda qeyd etmək lazımdır ki, 1991-ci ildə 4,2 milyon əhalisi olan işğalçı ölkədə 2017-ci ilin 1 oktyabrı üçün 2,979 milyon vətəndaş yaşayır. Bu göstərici 1976-cı ilin əhali sayı ilə bərabərdir. Əhalinin sayı ilə bağlı təqdim edilən ən son rəqəm isə 2 milyon 969 min nəfərdir. Belə vəziyyətin yaranmasının Ermənistanın yürütdüyü siyasətlə birbaşa əlaqəsi var. İşğalçı siyasət dəyişməsə, Ermənistanın demoqrafik vəziyyəti daha da kritikləşəcək”.
Məhəmmədəli QƏRİBLİ