“Bu baş versə, bölgədəki balans tamamilə pozular”
Mayın 18-də Vaziyanidə Gürcüstan Silahlı Qüvvələrinin hərbi təlim mərkəzi açılacaq. Bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib.Tiflisdə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı konfransda çıxış edən İzoriya, ABŞ-ın 2018-2020-ci illərdə sözügedən bazada gürcü əsgər və zabit heyətinin hərbi hazırlıq səviyyəsinin artırılması ilə məşğul olacağını diqqətə çatdırıb. Söhbət Gürcüstan ordusunun doqquz taborundan gedir. Xatırladaq ki, Gürcüstan hökuməti fevral ayında belə təlim mərkəzinin yaradılmasını nəzərdə tutan dövlət layihəsi haqqında yerli ictimaiyyəti məlumatlandırmışdı.
ABŞ Azərbaycan sərhədləri yaxınlığında hərbi obyektə sahib olarsa, bunun regiona hansı təsirləri ola bilər?
Hərbi ekspert Daşdəmir Əliyevin sözlərinə görə, ABŞ-ın hərbi qüvvələrinin Gürcüstanda olması regiondakı proseslərə və xüsusilə də Qarabağ probleminə bu və ya digər şəkildə təsir edə bilər: “Bu gün reallıq belədir ki, Cənubi Qafqazda ABŞ-ın hərbi baxımdan daha yaxın müttəfiqi Gürcüstandır. Bildiyimiz kimi, Azərbaycan neçə illərdir Qərblə Rusiya arasında neytral mövqeyini qoruyub saxlaya bilir. Amma Gürcüstan Saakaşvili dönəmindən başlayaraq birmənalı olaraq Rusiyadan imtina edib və ABŞ-la hərbi, iqtisadi, siyası əməkdaşlıqlarını dərinləşdirib. Hətta Gürcüstan NATO-ya da daxil olmaq istəyərdi, amma NATO özü hələlik tam formada Gürcüstanı üzvlüyə qəbul etmir. Bir müddət əvvəl ABŞ və Almaniyanın zirehli texnikası təlim adı ilə Gürcüstana gətirildi. Hər bir hərbi təlimin məqsədi sözsüz ki, qarşı tərəfə hərbi, siyasi güc nümayiş etdirməyi nəzərdə tutur. Bu addımlar Rusiyaya əzələ nümayişi xarakterini daşıyır. Bu, ABŞ-ın Rusiya qarşısında Gürcüstana verdiyi açıq dəstəyi nümayiş etdirir. Amma onu da qəbul edək ki, bu iki supergücün Cənubi Qafqazda üz-üzə gəlməsi regionun xalqları və dövlətləri üçün böyük təhlükə yarada bilər. Gürcüstan Azərbaycanla həmsərhəd olan ölkədir və orada baş verənlər, təbii olaraq, Azərbaycana da təsir edir. ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsi cəhdlərinə qarşı Rusiya hansısa cavab addımı atacaq.
ABŞ-ın Gürcüstanda hərbi baza yaratmaq niyyəti barədə hələ ki, nəyisə söyləmək çox tezdir. Ola bilər ki. bütün bu addımların perspektivi həmin niyyət üçün hesablanıb. Çünki bu baş versə, bölgədəki balans tamamilə pozular və açıq demək lazımdır ki, bu, regionda müharibə vəziyyətinin yaranmasına səbəb ola bilər. Amma ABŞ Azərbaycan sərhədləri yaxınlığında hərbi baza yaradarsa, birmənalı demək çətindir ki, bunun ölkəmizə hansı təsirləri ola bilər. ABŞ-ın hərbi bazasının Gürcüstanda olması Rusiyanın Cənubi Qafqazda mövqeyini xeyli zəiflədər. Belə bir vəziyyət Dağlıq Qarabağ münaqişəsi üçün də təsirsiz ötüşməz”.
Məhəmmədəli QƏRİBLİ