“Bütün bu məqamlar Qərbi Ermənistan və konkret olaraq Paşinyanla ölçülü-biçili davranmağa vadar edir”
Avropa Parlamenti Ermənistanla Avropa Şurası arasında 24 noyabr 2017-ci il tarixində imzalanan əməkdaşlıq sazişini təsdiqləyib. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, ancaq bununla yanaşı, Avropa Parlamentinin Xarici əlaqələr komitəsi Ermənistan qarşısında bir sıra mühüm şərtlər qoyur. Tələb qoyulur ki, kütləvi informasiya vasitələrinin azadlığı təmin edilsin, korrupsiya ilə mübarizə sahəsində ciddi irəliləyişlərə nail olunsun. Sənəddə xüsusi olaraq vurğulanır ki, Avropa dəyərləri sayılan: demokratiya, insan hüquq və azadlıqlarının təminatından yayınma baş verərsə, Ermənistanla imzalanan sazişə son veriləcək. Sənəddə avropalı deputatların Ermənistanda baş tutan hakimiyyət dəyişikliyinə görə erməni xalqını təbrik etmələrinə dair məqam da öz əksini tapıb. Xüsusilə də həmin hadisələr zamanı hüquq-mühafizə orqanlarının dinc nümayişçilərlə qarşı nümayiş etdirdikləri davranışlar təqdir edilib. Baş nazir seçilməsi münasibətilə Nikol Paşinyan xüsusi olaraq təbrik edilir.
Avropa Parlameti tərəfindən Ermənistnın qarşısına qoyulan konkret şərtlər nəyin göstəricisi sayıla bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, deyilən sənədlə o da tanışdır: “Mən onu Avropa Parlamentinin saytından, original variantda oxudum. Bilirsiniz ki, hələ Sarkisyanın zamanında Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verməyə başladı. Həmin vaxt ekspertlər Rusiyanın arxa baxçası olan bir ölkənin belə manevrlər etməsini təəccüblə qarşılayırdılar. Ehtimallar səslənirdi ki, belə davranışlar Sarkisyan hakimiyyəti üçün risqlidir. Göründüyü kimi, Ermənistanda inqilab baş verdi. Amma hələ də orada inqilabı kimin etdiyinə dair rəylər haçalanır. Bəziləri hesab edirlər ki, Sarkisyanın hakimiyyətdən gedişini Rusiya sürətləndirib, digər bir qisim isə Paşinyanın Qərb tərəfindən hakimiyyətə gətirildiyi qənaətini bölüşür. Avropa Parlamentinin son yanaşması və Ermənistanla gələcək əməkdaşlığı konkret şərtlər üzərindən müəyyənləşdirməsi bir çox detallardan xəbər verir. Birincisi, aydın olur ki, Avropa İttifaqı Ermənistana daimi, etibarlı tərəfdaş kimi baxmır. İkinci vacib məqam isə həmin sənəddə hakimiyyət dəyişikliyinə işarə olunması və Paşinyanın təbrik edilməsidir. Bununla Qərb demək istəyir ki, Paşinyanı onlar hakimiyyətə gətirib və onların istəyinə uyğun hərəkət olunmalıdır. Hesab edirəm ki, Paşinyanın hakimiyyətə gələn kimi bir qədər Rusiyaya göstərdiyi meyl ona belə bir xatırlatmanın edilməsini zəruri edib. Çünki Avrasiya İttifaqına qarşı çıxan Paşinyan hakimiyyətə gələndən sonra ilk xarici səfərini məhz bu qurumun tədbirinə etdi, Putinlə təmas qurdu. Təbii ki, bütün bu məqamlar Qərbi Ermənistan və konkret olaraq Paşinyanla ölçülü-biçili davranmağa vadar edir”.
Məhəmmədəli QƏRİBLİ