“İndiki məqamda Prezidentin belə açıqlama verməsi həm də Ermənistanın yeni rəhbərliyi üçün mesaj olmalıdır ki, biz cəbhənin bütün istiqamətlərində güclü və yenilməzik”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvana etdiyi son səfəri zamanı bir sıra maraqlı bəyanatlar səsləndirib. Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib ki, Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Dövlət başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilib: “Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir”.
Prezident İlham Əliyev bəyan edib ki, bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər: “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.
Göründüyü kimi, ölkə başçısı Naxçıvanda cəmləşən ordunun gücündən, texniki imkanlarından geniş bəhs edib və bu fikirləri bütün dostlarla bərabər, erməni separatçıları kimi düşmənlərimiz də eşidiblər. İndiki şəraitdə bu yöndə səslənən fikirlərin nə kimi əhəmiyyəti var?
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizim 20 faiz torpağımız işğal altında olduğu üçün, ordumuzu bacardıqca güclü etməliyik: “Azərbaycan dövləti üçün də bu sahə ən prioritet istiqamətlərdən sayılır. Təsadüfi deyil ki, cənab Prezident daim ordunun maddi-texniki bazasının yüksəldilməsinə böyük diqqət edir. Bizim ordumuz Qafqazın ən güclü ordularından biridir. Cənab İlham Əliyevin ordumuzla bağlı Naxçıvanda səsləndirdiyi fikirlər fakta əsaslanır. Bilirsiniz ki, Prezident nədən danışıbsa, onun mümkünlüyünü əməli ilə təsdiq edib. Xüsusilə də Ermənistanın yeni seçilən baş naziri Paşinyanın Dağlıq Qarabağla bağlı verdiyi bəyanatların ruhunu əsas götürərək, deyə bilərik ki, biz ordu quruculuğu sahəsində daha da ayıq-sayıq olmalıyıq. Bir sözlə, hər an döyüşü gözümüzün önünə gətirməliyik. Hesab edirəm ki, Azərbaycan Prezidentinin Naxçıvandakı ordu birləşmələrinin gücü ilə bağlı səsləndirdiyi fikirlər tam əsaslıdır. Həmin bölgədə komplektləşən Azərbaycan Ordusuna bir əmr kifayətdir ki, Ermənistanın paytaxtına kimi həmlə etsin. Bildiyiniz kimi, Naxçıvan Azərbaycanın ən strateji nöqtəsi sayılır. Faktiki olaraq blokada şəraitində olan Naxçıvana qarşı ermənilər daim ərazi iddiaları səsləndiriblər. Elə zənn edirdilər ki, Naxçıvanın blokada şəraitində olması onlara həmin ərazilərə həmlə etmək üçün əlverişli şərait yarada bilər. Ancaq Naxçıvanda keçirilən hərbi təlimlərdən sonra gördülər ki, həmin bölgədə Azərbaycan Ordusunun ən müasir silahları və texnikası yerləşdirilib. Naxçıvandakı ordunun nəyə qadir olduğunu ən gözəl şəkildə Prezident izah edib. Ermənistan ordusu ilə müqayisədə bizim Silahlı Qüvvələrimiz çox güclüdür. Biz bunun 2016-cı ildə əyani şahidi olduq. Azərbaycan Ordusunun güclü olmasını yalnız biz demirik. Dünyanın aparıcı reytinq agentlikləri bununla bağlı gəldikləri qənaətləri paylaşırlar. İndiki məqamda Prezidentin belə açıqlama verməsi həm də Ermənistanın yeni rəhbərliyi üçün mesaj olmalıdır ki, biz cəbhənin bütün istiqamətlərində güclü və yenilməzik”.
Məhəmmədəli QƏRİBLİ