Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbayücanın işğalçı Ermənistan üçün indiyə qədər etdiyi ən böyük güzəşt, heç şübhəsiz ki, məsələnin sülh yolu ilə həllinə sadiq qalmasıdır. Bakı hərbi, iqtisadi, siyasi, diplomatik müstəvidə böyük üstünlüklərinə rəğmən, konflikti əlavə qan tökülmədən dinc yolla həll etməkdə maraqlı olduğunu bildirir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu günlərdə Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşündə bir daha Bakının sülh danışıqlarında maraqlı olduğunu dilə gətirib.
Xatırladaq ki, bu görüşdə Azərbaycanda və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub. Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib. Ermənistan isə, görünür ki, Bakının bu jestlərindən hələ də lazımi nəticələr çıxara bilmir. Əksinə, yeni erməni rəhbərliyi Qarabağ məsələsində sərsəm mövqe sərgiləməkdə davam edir. Ermənistan Xarici İşlər Nazirliyi yenə Azərbaycanın Dağlıq Qarabağla danışıqlar aparmalı olduğunu bildirir. Bu isə Qarabağ münaqişəsinin danışıqlar yox, hərb müstəvsində çözüm ehtimalını artırır. Azərbaycan Xarici İşləri Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də yaranmış vəziyyətin qeyri-qənaətbəxş bir duruma gətirib çıxardığını vurğulayır: “Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, bu ölkədə sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə, münaqişənin həllində irəliləyişə nail olmaq olar. Amma deyəsən, Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır. Paris görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı və Azərbaycan xarici işlər nazirinin açıqlamasının fonunda Ermənistan Xarici İşlər Nazirliyi destruktiv mövqe nümayiş etdirməkdə davam edir. Əgər yeni xarici işlər nazirinin təlimatı ilə Sarkisyan rejiminin ünsürü olanlar belə sərsəm açıqlamanı verirsə, onda əminliklə deyə bilərik ki, Ermənistanı eyni aqibət gözləyir. Azərbaycan münaqişənin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır. Hər hansı qeyri-real yeni elementlərin daxil edilməsi cəhdləri bütün danışıqlar prosesini iflic edə bilər. Çox tezliklə Ermənistanın hansı yol tutduğunu görəcəyik. Amma hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi vardır”.
Beləliklə, rəsmi Bakı növbəti xəbərdarlığını edir və bildirir ki, yeni erməni iqtidarı konstruktiv danışıqlaar gəlməsə, onda konfliktin güc yolu ilə həlli qaçılmazdır. Özü də burada bir məqamı xüsusi nəzəər almaq lazımdır ki, Prezident İlham Əliyev son Naxçıvan səfərində Ermənistana sərt hərbi mesaj verib. Onun sözəlrinə görə, Naxçıvanda yerləşdirilmiş uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Azərbaycan prezident qeyd edib ki, ilk növbədə, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb: “Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir”. İlham Əliyev vurğulayıb ki, bu gün Naxçıvan ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər: “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.
Ekspertlər dövlət başçısının Naxçıvanda səsləndirdiyi bu fikirlərin təsadüfi xarakter daşımadığını bildirir və Ermənistanın bundan lazımi nəticələr çıxarmasının vaciblyini qeyd edirlər. Bu fonda vurğulayaq ki, Naxçıvanda yerləşdirilmiş çoxfunksiyalı “Smerç” raket sistemləri düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir. Onu da xatırladaq ki, 70-90 kilometrlik məsafədə hədəfi vurmaq qabiliyyətinə malik “Smerç”lərin Naxçıvanda saxlanması təsadüf deyil. Çünki Naxçıvanla İrəvanın arası cəmi 80 kilometrdir və bir “Smerç" sistemi ilə hansısa şəhəri yer üzündən silmək mümkündür. TOS-1A “Solntsepek” və TOS-1S odsaçan sistemləri də burada xüsusi qeyd olunmalıdır. Bir neçə on kilometrlik məsafədəki hədəfləri məhv etmək gücünə sahib olan bu sistemlər lokal ərazilərdə müharibənin aparılmasında əvəzolunmaz silahlardır. Xatırladaq ki, Azərbaycan Rusiyadan TOS-1A “Solntsepek” və TOS-1S odsaçan sistemlərini alıb. Qeyd edək ki, TOS-1A “Solntsepek” “Buratino" TOS-1-in əsasında yaradılıb. “Buratino”lar isə ilk dəfə Əfqanıstanda tətbiq olunub və kifayət qədər effekt verib. Bu silahdan o dövrdə Əfqanıstanda mücahidlərin gizləndiyi mağaraları dağıtmaq üçün istifadə edilib. Elə həmin il silahın daha mükəmməl və daha asan istifadə olunan variantı sayılan TOS-1A “Solntsepek" yaradılıb. Bu sistem atəşin daha mükəmməl idarə edilməsi sistemi, raket lülələrinin sayının 30-dan 24-ə endirilməsi, əla zireh müdafiəsi və yeni sursatları ilə fərqlənir. Yeni sistemdə atəş məsafəsi 6 kilometrə qədər artırılıb, hər raketin dağıdıcı radiusu çoxalıb. Bir TOS-1A “Solntsepek" qurğusu 40 min kvadrartmetr ərazidə bütün canlıları məhv edir. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır.
Azərbaycan Ermənistanda nəzərdə tutulan obyektlərin məhvinə imkan verən digər silahların əldə olunması istiqamətində də fəal iş aparır. Məsələn, məlumdur ki, ölkəmiz Pakistandan uzaq məsafədə hədəfi məhv etməyə imkan verən yeni raket sistemləri almaq niyyətindədir. Bura ilk növbədə “Şahin” ballistik raketləri daxildir. “Şahin” ballistik raketlərinin radiusu 500-600 kilometrdən 2300 kilometrə qədər dəyişir. Raketlər 700-1230 kiloqram ağırlığında müxtəlif modifikasiyalı döyüş başlıqları daşıya bilir. Düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün raketlərin döyüş başlığı hədəfə yaxınlaşanda əsas blokdan ayrılır. Bu raketlərin əldə olunması ilə Azərbaycan hərbçiləri ölkəmizin istənilən ərazisindən, hətta Bakıdan belə Ermənistanda istənilən hədəfi məhv etmək imkanı qazanacaq.
Ermənistanın isə mümkün cavab zərbələrini neytrallahırmaq üçün Azərbaycan bütün zəruri vasitələrə malikdir. Hətta Azərbaycan əldə etdiyi hava hücumundan müdafiə sistemləri ilə Ermənistanın malik olduğu “İsgəndər”ləri tam neytrallaşdırmaq gücündədir. Ölkəmizin İsraildən “Dəmir günbəz” və “Barak-8” raketdən müdafiə sistemləri alması da bunun təsdiqidir. Məlumat üçün bildirək ki, bu kompleksləri İsrailin “Rafael" və İAİ hərbi-sənaye şirkətləri birgə istehsal edir. “Barak-8”in buraxılış qurğusu 8 raketlə və nəqliyyat-buraxılış konteyneri, radiolokasiya stansiyaları ilə təchiz olunub. Bu, dünyada ən mükəmməl hava və raket hücumundan müdafiə kompleksi hesab edilir. Sözügedən raketlərin əsas özəlliyi onun, mürəkkəb döyüş şəraitində belə, bir neçə hədəfi eyni anda vurmasındadır. Bu hədəflər səsdən iti və səs sürətinə yaxın uçan qanadlı raketlər, hədsiz aşağıdan uçan ballistik və kvaziballistik raketlər, operativ-taktiki raketlər, təyyarələr, vertolyotlar, idarəolunan bombalar və digərlərindən ibarət ola bilər. Azərbaycanın İsraildən aldığı “Arrow-3" raket hücumundan müdafiə sistemi də etibarlı müdafiənin təşkilində mühüm əhəmiyyət kəsb edir. Bu silahlar Azərbaycan ərazisini “yer-yer" tipli istənilən raketlərin hücumlarından qorumağa yüz faiz qadirdir. Bu da o deməkdir ki, onlar “İsgəndər” raketlərini də zərərsizləşdirmək iqtidarındadır. Onu da xüsusi vurğulamaq lazım gəlir ki, “Arrow-3" raketdən müdafiə sistemi dünyada “yer-yer" tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. rusiyadan alınan S-300 və digər silahlar da etibarlı müdafiyə təminat verir. Digər tərəfdən Ermənistanda hələ də məntiqlə düşünənlər yaxşı bilir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin təchiz edildiyi yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahları, döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumuna qarşı ən müasir qurğuları, zirehli maşınları, tankları, artilleriya qurğuları və digər silahları var. Həmin silahların istifadəsi Ermənistandan gələn istənilən təhlükənin qarşısını almaqla bərabər, həm də bu ölkənin altını üstünə çevirmək iqtidarındadır. bu silahlarn bir qismi isə məhz Naxçıvvanda cəmləşdirilib. Yeri gəlmişkən qeyd edək ki, İlham Əliyevin Naxçıvanda İrəvaan etdiyi xəbərdarlıq fonunda buradakı Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlərdə düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası vəzifələri icra olunub. Burada bütün tapşırıqlar uğurla yerinə yetirilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Tapşırıqların uğurla yerinə yetirilməsi bir daha göstərir ki, bu gün özünün yüksək döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnikalarla tam təchiz edilən Əlahiddə Ümumqoşun Ordu regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirmək və qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə yerinə yetirmək imkanına malikdir. İndi bütün bunlardan Ermənistanın dərs çıxarması olduqca önəmlidir. Əks təqdirdə düşməni sarsıdıcı zərbələr gözləyir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.