“Sahibkarlar sözügedən dəmir yolu vasitəsilə daha geniş səviyyədə öz məhsullarını xaricə çıxarmaq imkanı əldə edəcəklər”
“Azərbaycan hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcək. Hər halda planımız bundan ibarətdir”.
Məlum olduğu kimi, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, belə olan halda, Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaq: “Yəni bu mühüm işlərin görülməsi bir daha onu göstərir ki, Naxçıvanın çox böyük potensialı var. Bir daha demək istəyirəm ki, burada görülən işlər çox böyük qiymətə layiqdir”.
O da məlumdur ki, Ermənistanın apardığı işğalçılıq siyasəti üzündən uzun illərdir Naxçıvanla dəmir yolu vasitəsilə gediş-gəlişi təmin etmək mümkün deyil. Bu da, öz növbəsində, bir sıra çətinliklər yaradır. Bir sıra məhsulların ora aparılması və yaxud da oradan gətirilməsi zamanı daşınma xərclərini artırır. Bu da məhsulun maya dəyərinin artmasına gətirib çıxarır. O baxımdan dəmir yolu işə düşsə, həm yükdaşımalarda, həm də sərnişin daşınmasında qiymətlər digər nəqliyyat vasitələri ilə müqayisədə daha sərfəli olacaq.
Bütün bunların fonunda, Naxçıvanla dəmir yolu əlaqəsinin qurulması nə dərəcədə realdır? Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, bu mümkün variantdır: “Nəzərə almaq lazımdır ki, ölkə başçısının bununla bağlı səsləndirdiyi fikirlər əsaslıdır. Onun məqsədi Naxçıvanı blokadadan çıxarmaqdır. Bunun üçün müxtəlif variantlar nəzərdən keçirilir. Bunlardan biri də “Şimal-Cənub” nəqliyyat dəhlizi variantıdır. Vaxtilə Naxçıvanla Bakı arasında dəmir yolu əlaqəsi var idi və bu yol Ermənistanın Mehri rayonundan keçirdi. Məlum hadisələr baş verəndən sonra bu yol bağlandı. Hələ 90-cı illərdə İran vasitəsilə Naxçıvanla dəmir yolu əlaqəsinin qurulması ideyası var idi. O vaxt fikirlər səslənirdi ki, Horadizdən İrana dəmir yolu çəkilsin. Qeyd edim ki, sözügedən marşrut üzrə avtomobil yolu var. Ancaq təbii ki, dəmir yolunun olmasına daha böyük ehtiyac var. “Şimal-Cənub” nəqliyyat dəhlizi işə düşdükdən sonra bununla bağlı imkan yaranacaq. Bu dəhliz təkcə İran üçün deyil, bura qoşulan digər ölkələr üçün də yeni imkanlar açacaq. Naxçıvan da Azərbaycanın tərkib hissəsi olaraq həmin imkanlardan yararlanmaq fürsətini əldə edəcək. Bunun üçün isə təbii ki, Naxçıvan dəmir yolunun İranın dəmir yolu qovşağı ilə birləşdirilməsinə ehtiyac var. Daha sonra isə “Şimal-Cənub” nəqliyyat dəhlizinə çıxışı təmin etmək lazımdır. Bu, Naxçıvanın blokadası ilə bağlı yaranan boşluğu aradan qaldırmış olacaq. Nəticədə həm Naxçıvana gedən yüklərin, həm də oradan gələn yüklərin intensivliyi təmin olunmuş olacaq. Məsələ ondadır ki, avtomobil və hava nəqliyyatı ilə yükləri lazım olan səviyyədə, həcmdə daşımaq olduqca çətindir. Həmçinin, kifayət qədər bahalıdır. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi fikirlər perspektivlidir. Eyni zamanda, reallaşması mümkün olan ideyalardır. Sözügedən dəmir yolu bir sıra parametrlərə görə Naxçıvan üçün çox sərfəli olar. Ən azından, Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli imkanlar yaradacaq. Onlar bunun vasitəsilə daha geniş səviyyədə öz məhsullarını xaricə çıxarmaq imkanı əldə edəcəklər. Nə qədər çox məhsul çıxarsalar, bir o qədər yerli istehsalata töhfə verəcəklər. Bu, Naxçıvanın inkişafı üçün çox önəmli faktor olacaq”.
Vidadi ORDAHALLI