“Hazırda Ermənistandakı kabinetin tərkibi nə qədər cavan və Qərbə meylli olsa da, onların bir çox məsələlərin həllinə gücü çatmır”
Ermənistanda yeni baş nazir Nikol Paşinyan, demək olar ki, yeni komandasını formalaşdırıb. Ancaq hələ də onun Rusiyaya və ya Qərbə meylli olması ətrafında müzakirələr davam etməkdədir.
Məlum olduğu kimi, o, mayın 14-də ilk xarici səfərini Rusiyaya etdi və həmin ölkənin prezidenti Vladimir Putinlə görüşdü. Qeyd edək ki, Paşinyan hakimiyyətə gələnə qədər anti-Rusiya meylli siyasətçi kimi tanınırdı. Hakimiyyətə gəlməzdən əvvəl N.Paşinyan Rusiya, Avropa Birliyi, İran və Gürcüstan səfirləri ilə ayrı-ayrılqda görüşdü. Çox güman ki, o bu cür addımları ilə balansı qorumağa çalışıb. Hər halda, Paşinyanın hansı siyasəti yürüdəcəyinə ən dolğun cavabı onun formalaşdırdığı komandanın tərkibi verə bilər. Paşinyanın təyin etdiyi rəhbər vəzifəlilərin tərkibində Qərbə, yoxsa Rusiyaya meyllilər üstünlük təşkil edirlər?
Politoloq Zərdüşt Əlizadə qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın davranışlarında ora-bura meyllilik nəzərə çarpsa da, onun formalaşdırdığı kabinetin tərkibi yenidir və cavanlardan ibarətdir: “Mən həmin tərkibə ətraflı nəzər salmışam. Yalnız bir adam əvvəl nazir işləyib, qalanları yeni simalardır. Əksəriyyəti cavan olan bu adamlar xalqa söz verirlər ki, Ermənistanın qarşısında duran bütün problemləri həll edəcəklər. Bu cəhdləri də edirlər. Hələlik Dağlıq Qarabağla bağlı onlardan nəsə ümid gözlənilmir. Çünki bu problemin nizama salınması Ermənistandan asılı deyil. Rusiyanın inhisarında olan bu problemlə bağlı addımlar Moskvanın izni ilə atılmalıdır. Cavan komanda xalqla bağlılığı saxlamağa meyllidir. Onların yeganə gücü xalqdır. Cünki bilirlər ki, xalq gücü ilə hakimiyyətə gəliblər. İrəvanda bir bələdiyyənin qarşısında keçirilən aksiyadan da göründü ki, yeni komanda gücü çatmayan problemlərin həllini xalqın təzyiqi ilə həyata keçirir. Paşinyan məhz xalqa söykənərək hakimiyyəti tam şəkildə əlinə almaq istəyir. Hazırda Ermənistandakı kabinetin tərkibi nə qədər cavan və Qərbə meylli olsa da, onların bir çox məsələlərin həllinə gücü çatmır. Çünki parlament çoxluğu köhnə komandanın əlindədir. Onların başlıca qayəsi budur ki, ölkədə növbədənkənar parlament seçkilərini keçirməyə nail olsunlar və tam olaraq köhnə qvardiya ilə vidalaşsınlar. Yeni parlamentin tərkibi də Paşinyanın Qərbmeylli komandasından təşkil olunsa, onda ciddi irəliləyişlərdən söhbət gedə bilər. Buna nail olsa, ciddi islahatlar həyata keçirə bilər. Hələlik isə yalnız bir necə populist bəyanat verməklə yadda qalıb. Gömrükdə rüşvətlə bağlı danışıb və deyib ki, ölkəyə gələn mal cəmi bir saat ərzində sənədləşməlidir. Ermənistanın ciddi iqtisadi problemləri var. Onları həll etmək üçün elə də böyük səy tələb olunmur. Çünki Ermənistan mürəkkəb iqtisadiyyata malik olan ölkə deyil. Ən başlıcası isə, bu yeni Qərbyönümlü komanda ilə o, ölkədəki ictimai ədaləti də bərpa edə bilər. Ölkə, faktiki olaraq, 20 il ərzində bir klan tərəfindən tar-mar olunub”.
Məhəmmədəli QƏRİBLİ