İlham Quliyev: “Tək Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində Azərbaycan Xalq Cumhuriyyəti dövrünün və onun banilərinin xatirəsini əbədiləşdirmək istiqamətində addımlar atılmalıdır”
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı İstanbulda park açılacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin və İstanbul Maltepe Bələdiyyəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək.
Komitənin yaydığı məlumatda qeyd olunur ki, 2018-ci ilin “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində mayın 15-də İstanbul Maltepe Bələdiyyəsinin ərazisində “Azərbaycan Xalq Cumhuriyyəti - 100-cü il Parkı”nın açılışı olacaq.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi bağlı Türkiyədə park açılması barədə fikir bildirən “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əlamətdar tarix münasibətilə dövlət səviyyəsində silsilə tədbirlər keçirilir: “Müxtəlif dövlət qurumları, ictimai təşkilatlar Cumhuriyyət ilinə töhfə verməyə çalışırlar. Bu tip tədbirlər tək ölkəmizdə deyil, eyni zamanda xaricdə də həyata keçirilir. Türkiyədə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı parkın açılması sevindiricidir. Qardaş ölkədə hər dəfə səfərdə olarkən Azərbaycana münasibətin yüksək səviyyədə olduğunu müşahidə edirik. Məlumdur ki, Türkiyənin park və ya digər məkanlarına Azərbaycanla bağlı müxtəlif adlar verilib. Cumhuriyyət tarixinin əbədiləşdirilməsinə dair parkın açılması alqışlanası bir addımdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, tək Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində Azərbaycan Xalq Cumhuriyyəti dövrünün və onun banilərinin xatirəsini əbədləşdirmək istiqamətində addımlar atılmalıdır: “Diasporla İş üzrə Dövlət Komitəsinin və İstanbul Maltepe Bələdiyyəsinin əməkdaşlığı bizim üçün bir nümunə olmalıdır. 100 illik çərçivəsində digər ölkələrdə də cumhuriyyətin və onun banilərinin adına parkların və digər məkanların açılmasına nail olmaq mümkündür”.
Günel CƏLİLOVA