Qabil Hüseynli: “Bu fikir Paşinyan üçün bir siqnal olmalıdır ki...”
Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə geniş və əhatəli nitq söyləyib.
Prezidentin çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı məqamlar yer alıb: “Biz güclü ordu qurmuşuq. Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər. Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır". Prezident bildirib ki, iki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və o torpaqlarda bu gün Azərbaycan Bayrağı dalğalanır: "Əminəm ki, gün gələcək və Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaq".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlara Ermənistan Respublikasının adı ilə qatılacağını və qondarma rejimin öz rəsmi nümayəndəsinin olmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, Azərbaycana qarşı sərt və radikal bəyanat verən yeni baş nazir yerli publikaya hesablanmış çağırışlar edib. Bu baxımdan da İlham Əliyevin çıxışının hansı məqamlarını Paşinyanın baş nazir seçiləndən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesinə və beynəlxalq hüquqa zidd olan təcavüzkar bəyanatına yerində verilən reaksiya saymaq olar?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyanın baş nazir kimi ilk addımları onun barəsində çox aydın təsəvvür yaratmış oldu: “İlk addımından sübut etdi ki, demokratik düşüncəyə malik siyasətçi deyil. Səsləndirdiyi bəyanatlardan görünür ki, o davakar millətçidir və Zori Balayandan heç nə ilə fərqlənmir. Bu adamın Azərbaycan torpaqlarında nə işi-gücü var? O torpaqların rəsmi statusu Azərbaycanın adınadır. Paşinyan torpağımızda Azərbaycana təhqiramiz bəyanatlar verməklə Azərbaycan xalqına meydan oxuyub. Ali təhsili olmaya-olmaya baş nazir olan bir adamın dünya siyasəti, çevrədə baş verənlər haqqında erməni xislətinə uyğun tərzdə danışması onu göstərir ki, ondan qətiyyən konstruktiv addım gözləmək olmaz. Çox primitiv, bəsit və yonulmamış bir adamdır. Paşinyanın çıxışına cəmiyyətimizdən ciddi reaksiyalar verildi. İlham Əliyev məxsusi olaraq onun adını çəkib hansısa fikir söyləmədi. Ancaq son çıxışında cənab Prezident Dağlıq Qarabağla bağlı bir daha Azərbaycanın rəsmi mövqeyini dilə gətirdi. Fikir versəniz görərsiniz ki, bu istiqamətdə Azərbaycanın yürütdüyü siyasətdə heç bir dəyişiklik yoxdur. Çünki bizim Dağlıq Qarabağ siyasətimiz sistemlidir. Hansısa erməninin hakimiyyətə gəlməsi və ya getməsi bizim mövqeyimizə təsir edə bilməz. İlham Əliyevin son çıxışı çox əhatəli idi. İqtisadi sahədən tutmuş, tarixə qədər nəzər salındı. Çıxışın bir hissəsi Dağlıq Qarabağ konfliktinə aid idi. Düşünürəm ki, məhz həmin hissədə Paşinyan öz sərsəm fikirlərinə cavab tapa bilər. İlham Əliyev ordumuzun gücündən danışdı və bildirdi ki, yaratdığımız Silahlı Qüvvələr torpaqlarımızın bir hissəsini qısa müddət ərzində işğaldan azad etdi. Bu fikir Paşinyan üçün bir siqnal olmalıdır ki, nümayiş etdirəcəyi qeyri-konstruktivliyin qarşısında güclü və qüdrətli Azərbaycan Ordusunu görəcək. Prezidentin çıxışında bir daha aydın oldu ki, Azərbaycan öz mövqeyindən bir addım da olsa geri çəkilən deyil. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqlar predmeti ola bilməz. Paşinyanın bu cür davranışından sonra Azərbaycan danışıqlar məsələsini gündəmdən çıxarmalı, hərb məsələsi gündəmə oturdulmalı, ordu ciddi surətdə hazırlıq keçməli, eyni zamanda, bu məsələnin beynəlxalq və daxili aspektləri üzərində ciddi düşünülməlidir”.
Məhəmmədəli QƏRİBLİ