Ermənistanda yeni rəhbərliyin Dağlıq Qarabağ münaqişəsinə yanaşması hələlik daha çox qeyri-obyektivlik üzərində köklənməkdə, reallığın təhrifi ilə diqqət çəkməkdədir. Xüsusən də onun Dağlıq Qarabağ separatçı rejiminin ayrıca subyekt kimi danışıqlara qatılmasını gündəmə gətirməsi baş nazir Nikol Paşinyanın münaqişə ilə bağlı çox naşı mövqe sərgilədiyini göstərir. Populist və aqressiv bəynatlarla o, sadəcə, Qarabağ münaqişəsinin dinc müstəvidə həllini əngəlləmiş olur.
O da aydındır ki, bu bəyanatlar gücün nümayişi yox, Azərbaycan tərəfini bu və ya digər şəkildə təxribata çəkərək, hansısa məqsədlərə çatmaq niyyəti güdür. Lakin rəsmi Bakı proseslərə hələ kifayət qədər təmkinlə yanaşır. Bununla Paşinyan və ümumilikdə Ermənistana Qarabağ məsələsində xəbərdarlıqlar da edilir. Qeyd olunan xüsusda Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında səsləndirdiyi fikirlər xüsusi diqqət cəlb edir və İrəvana ünvanlanmış növbəti mesajlar kimi qiymətləndirilir. Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Ölkə başçısı xatırladıb ki, 2003-2018-ci illərdə - 15 il ərzində bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişə ilə bağlı Azərbaycanın mövqeyini, ədaləti əks etdirən qərar və qətnamələr qəbul edib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır”. Prezidentin fikrincə, Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın: “Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Bunu ədalət və beynəlxalq hüquq tələb edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarix deyir, mədəniyyət deyir, bunu beynəlxalq hüquq deyir. Dağlıq Qarabağda keçirilmiş son qondarma “referendum” heç bir ölkə, heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bu bir daha onu göstərir ki, beynəlxalq aləm, bütün ölkələr Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz öz prinsipial mövqeyimizi bundan sonra da gücləndirəcəyik. Azərbaycanın həm beynəlxalq müstəvidə, həm də regionda kifayət qədər imkanları var. Bizim iştirakımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Ermənistanda bu reallığı nə qədər tez başa düşsələr, münaqişə o qədər də tez həll edilər və bölgəmizdə sülh təmin olunar”.
Prezident, həmçinin, Azərbaycan ordusunun gücündən söz açıb. Bildirib ki, biz güclü ordu qurmuşuq. Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan ordusunu 50 güclü ordu sırasında görür: “Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır. İki il bundan əvvəl Azərbaycan ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir və o torpaqlarda – bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaqdır”.
Bütün bunlar isə proseslərdə hələlik burnunun ucundan o tərəfi görməyən Paşinyan üçün həm dərs, həm də xəbərdarlıq sayıla bilər. Yəni Bakı göstərir ki, Qarabağ münaqişəsində ədalət və hüquq onun tərəfindədir. Ermənistan bunu nə qədər tez anlayıb problemin çözümü istiqamətində konstruktiv addımlar atsa, bir o qədər tez bölgədə sülh bərqərar olar. Bundan isə fayda görən tərəflərdən biri elə Ermənistan özü olacaq. Əks vəziyyətdə Bakının güc yoluna əl atmaqdan başqa çarəsi qalmır və Prezidentin Azərbaycan ordusunun gücünü xatırlatması da bu mənada əbəs deyil. Hər halda, İrəvan bütün bunlardan nəticə çıxarmalıdır.
İndilikdə isə sərgilənən mövqeyə əsasən demək olar ki, Paşinyandan Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe gözləməyə dəyməz. Amma bu vəziyyət həm onun özü, həm də Ermənistan üçün ciddi problemlər deməkdir. Rusiyalı politoloq Andrey Yepifantsev də bildirir ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ölkənin gələcəyini müəyyən edən əsas faktor məhz Dağlıq Qarabağ konfliktinin həllidir: “Çox zaman keçməyəcək və Paşinyan xalqın kumirindən uğursuz liderə çevriləcək. Prinsipcə, Ermənistanın “siyasi prinsiplərindən” (Qarabağ və qondarma ”erməni soyqırımı”) imtina etmədən, blokadada və nəqliyyat marşrutlarından kənarda qalmaqla iqtisadiyyatı dirçəldib vətəndaşların yoxsulluq səviyyəsini aşağı salmaq necə mümkün ola bilər? Hələlik, ermənilər hesab edirlər ki, siyasi prinsiplərdən imtina etməyəcəklər. O zaman belə çıxır ki, hakimiyyətə ya sehrbaz gəlməli və nəzəri olaraq çarəsiz situasiyadan “konfet düzəltməyi” bacarmalı, ya da onların xərclərini başqaları ödəməlidir. Bunlar isə ya Rusiya, Avrasiya İttifaqı, ya Qərb, yaxud birgə Rusiya-Qərb və ya diaspor olmalıdır. Yəni kim edirsə etsin, amma qürurla öz prinsiplərinə sadiq qalsınlar.
Bugünkü ana qədər belə cəhdlər Ermənistan üçün uğurlu olmayıb, amma çox aktiv şəkildə davam edir. Paşinyanın iqtisadi proqramı zəif və populistdir. O, mikroskopik erməni bazarının demonopolizasiyasından, kölgə iqtisadiyyatı ilə mübarizədən və sairədən danışır. Ermənistanın saxlanmasına mənbə kimi isə o, yenə də strateji tərəfdaşlarını görür. Aktiv şəkildə varli diasporu ölkəyə cəlb etmək Qərbə doğru getmək deməkdir. Bu isə Rusiyadan gələn mənbələrin qapadılması və həm də Ermənistanın sonu deməkdir. Paşinyan iqtisadiyyata yeni heç nə gətirmir. O, Ermənistanın siyasi tələblərindən də imtina etmir, nəticədə Ermənistanı iqtisadi kollapsa aparır. Digər tərəfdən, Paşinyan başqa ölkələrdən pul gətirib vətəndaşları yemləyəcəyini deyir, lakin hələ də bəlli deyil ki, onlar niyə Ermənistana bu pulları verməlidir. Paşinyanın proqramı Ermənistanın blokadadan və təcriddən çıxarmayan, indiki siyasi mövqeyini qoruyub saxlayan digər proqramlar kimi uğursuzluğa məhkumdur. Məncə, bir il ərzində biz Paşinyanın iqtisadiyyat və rifah məsələsində heç nə edə bilməyəcəyini görəcəyik. Demək ki, ictimaiyyətdə neqativ əhval-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq”.
Əslində, qarşıdakı günlər ərzində ekspertin qeyd etdiklərini Paşinyan praktiki olaraq yaşamalı olacaq. Özü də bütün bunlar o vaxtda baş verir ki, Ermənistanın iqtisadi vəziyyəti daha sürətlə pisləşir. Belə ki, oliqarxlar var-dövlətlərini, pullarını Ermənistandan çıxarır. Diaspor isə Ermənistana yeni maliyyə transferləri etməyə hazırlaşmır. Rusiya da iqtisadi müstəvidə Ermənistana artıq ilk təzyiqlərə başlayır. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Ermənistandan göndərilən pomidor və xiyar məhsullarında karantin məhsulu aşkar edildiyi üçün onların idxalına müvəqqəti məhdudiyyət tətbiq etməyə hazırlaşır. Bununla bağlı qurum bildirir: “Karantin altında olan, o cümlədən Ermənistan Respublikası üçün qeydiyyata alınmayan karantin orqanizmlərinin olduğu məhsulların göndərilməsi davam edəcəyi təqdirdə “Rosselxoznadzor” Ermənistan Respublikasından Rusiya Federasiyası ərazisinə tədarük ediləcək karantin altında olan məhsullara müvəqqəti məhdudiyyət tətbiq etmək məcburiyyətində qalacaq”. Qeyd edilir ki, 2018-ci ilin mayında “Rosselxoznadzor” “Yuxarı Lars” çoxtərəfli avtomobil keçid məntəqəsi ilə Ermənistandan daxil olan məhsullar üzərində fitosanitar nəzarəti gücləndirib. Mayın 3-dən 9-dək xidmətin mütəxəssisləri tərəfindən Rusiya üçün iki növ məhsulda – pomidor və xiyarda karantin orqanizmlərinin aşkar edildiyi yeddi obyekt müəyyən edilib. Məhsulların hamısı sahibinə qaytarılıb. Moskvanın iqtisadi təsir rıçaqlarını daha da genişqləndirməsi gözlənir. İran da indi Ermənistan yox, Azərbaycanla iqtisadi əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirir. Nikol Paşinyanın Xankəndidə xarici jurnalistlər üçün keçirdiyi brifinq zamanı Türkiyə ilə sərhədlərin açılması fonunda iqtisadi vəziyyətin yaxşılaşaması ilə bağlı dedikləri də indiki reallıqda mümkün deyil. Çünki Ankara bildirir ki, Azərbaycan əraziləri azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması haqqında söhbət belə gedə bilməz. Türkiyə prezidentinin administrasiyasında qeyd ediblər ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir: "Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəqiq və aydındır, və Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir". Bütün bunlar, xüsusən də iqtisadi gücə malik qonşularla iqtisadi əlaqələrin yoxluğu qarşıdakı günlər ərzində Ermənistanda vəziyyətin daha da ağırlaşmasını şərtləndirən faktorlardan sayılır. Paşinyan üçün dərin iqtisadi, siyasi və hərbi böhran yaşayan Ermənistana başçılıq etmək asan olmayacaq. Xüsusən də Paşinyan Ermənistanın gələcəyi ilə bağlı eyni siyasi kursu davam etdirsə, ölkədə heç nə dəyişməyəcək. Yəni Sarkisyan dönəmindəki kimi Ermənistanda miqrasiya problemi və iqtisadi böhran daha da dərinləşəcək. İndiki mövqeyində qalmaqla isə Paşinyan Azərbaycanla uzlaşmaq imkanını da artıq əldən verir. Halbuki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli təkcə Paşinyanın yox, bütün Ermənistanın xilası deməkdir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.