Yeganə Hacıyeva: “Neft və enerji məhsullarının qiyməti artmaqda davam edəcək”
ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxmaq qərarı dünyada birmənalı qarşılanmayıb. Bir çox ölkələr, o cümlədən ABŞ daxilindəki bəzi siyasətçilər Trampın qərarını tənqid ediblər.
ABŞ prezidenti nüvə razılaşmasından çıxandan dərhal sonra İrana qarşı sanksiyaların "ən yüksək səviyyəyə" çatdırılacağını qeyd edib: "Biz sanksiyaları ən yüksək səviyyəyə çatdıracağıq. İrana nüvə proqramında kömək edən istənilən ölkə də ABŞ sanksiyaları ilə qarşılaşa bilər. Güclü sanksiyalar tam həyata keçiriləcək. Rejim nüvə proqramını davam etdirsə, onun həmişə olduğundan daha çox problemi yaranacaq".
Tramp bəyan edib ki, Tehran 2015-ci il müqaviləsinin əvəzində yeni müqavilə imzalamalıdır: "Sözsüz ki, İran liderləri yeni müqavilə üzərində işləməyəcəklərini bildirəcəklər. Qoy olsun. Onların yerində olsaydım, mən də belə edərdim. Amma fakt bundadır ki, onlar İran üçün yeni uzunmüddətli razılaşma istəyəcəklər. Onlar bunu istəyəndə, mən danışmağa hazır olacağam".
Trampın addımını hələ ki, ancaq İsrail və Səudiyyə Ərəbistanı dəstəkləyib. İsrail baş naziri Benyamin Netanyahu televiziya ilə çıxış edərək, bu qərarın düzgün olduğunu bəyan edib. Netanyahu növbəti dəfə, müqaviləyə baxmayaraq, İranı nüvə proqramı üzərində işləməkdə ittiham edib.
İranla daimi düşmənçiliyi olan Səudiyyə Ərəbistanı da qərarı alqışlayıb. Rusiya, Böyük Britaniya, Almaniya və Fransa isə bu qərardan təəssüf hissi keçirdiklərini bildiriblər. Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini də qərardan təəssüfləndiyini bəyan edib. Aİ-nin ancaq öz maraqlarını nəzərə alaraq hərəkət edəcəyini açıqlayan diplomat, İranın razılaşmaya riayət etdiyi müddətdə Aİ-nin də razılaşmaya sadiq qalacağını vurğulayıb.
Öz növbəsində, Türkiyə ABŞ sanksiyaları səbəbindən İranla ticari əlaqələri dayandırmayacağını açıqlayıb. İqtisadiyyat naziri Nihat Zeybəkçi İranla ticarət məsələsində heç kimin qarşısında hesabat verməyə hazırlaşmadıqlarını vurğulayıb.
İran prezidenti Həsən Ruhani ABŞ-ın nüvə razılaşmasından çıxmaq qərarını sərt tənqid edib. Ruhani bu qərarın qanunsuz olduğunu deyib. Prezident bildirib ki, bundan sonra müqavilə ancaq İran və beşlik ölkələri (Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında mövcud olacaq. O, Xarici İşlər Nazirliyinə yaxın həftələr ərzində adları çəkilən ölkələrlə danışıqlar aparmaq barədə göstəriş verdiyini də vurğulayıb. Bununla yanaşı, İran nüvə razılaşmasından çıxacağını da istisna etməyib. Ruhani bildirib ki, İran Atom Energetikası Təşkilatına hər şeyə hazır olmaq göstərişi verib: "Əgər lazım olsa, heç bir məhdudiyyət qoymadan uranın zənginləşdirilməsi prosesini bərpa edəcəyik".
İranla ABŞ arasında yaranan yeni nüvə qalmaqalı dünya üçün nə vəd edir?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranYaxın Şərq və Fars körfəzi regionunda olan konfliktlərin çoxunda stabilliyə təsir imkanlarına malik bir ölkədir: “Məlumat olaraq deyim ki, İran nüvə enerjisinin istehsalı üçün ilk addımlarını 1967-ci ildən atmağa başlayıb. Şah rejiminin devrilməsindən sonra isə, 1979 cu ildə sanksiyaların tətbiqi ilə yeni hökumət bu istiqamətdə işlərini dondurdu və AES-lərin tikintisindən imtina etdi. 1992-ci ildə İran Rusiya ilə nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi haqqında razılaşma imzalamaqla nüvə sənayesinin inkişafının davamına start verdi. Bu razılaşma çərçivəsində 1995-ci ildə Buşerdə Atom Elektrik Stansiyasının ilk bloku, ölkənin cənub-qərb vilayəti Huzistanda ikinci atom elektrik stansiyası tikildi. 2000-ci ildən sonra isə İran nüvə sənayesinin aktiv inkişafına start verib və 3 vilayətdə - Natanzda, Arakda və Fardoda uranın zənginləşdirilməsi üçün obyektlərin inşasına başladı.
Öncə qeyd etdiyim kimi, İrana ilk sanksiyaların tətbiqi 1979-cu ildən başlayıb, amma məhz 1995-ci ildən ABŞ İrana birtərəfli qaydada iqtisadi sanksiyaları tətbiq edib. İranın prezidenti Əhmədi Nejatın idarəçiliyi dövründə isə sanksiyalar daha da genişləndi. İranın iqtisadiyyatına, neft sektoru və beynəxalq enerji nəqliyyatı, maliyyə, fond və bank sektoruna, beynəlxalq hava və gəmi şirkətlərinə, ABŞ və Avropada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə və onların mal-mülkiyyətlərinə sanksiyalar tətbiq edilir. Sanksiyalardan kənarda, sadəcə, İranın neft sektorunun Avropa üçün əhəmiyyətli və İranın özü üçün isə həyati əhəmiyyətli bir necə şirkəti saxlanır.
2014-cü ildə İran, ABŞ və Avropa Birliyi arasında İranın nüvə proqramının 10 illik beynəlxalq nəzarətə götürülməsi istiqamətində və altı mühüm bənddən ibarət nüvə sazişi imzalandı. Qeyd edim ki, İran tərəfindən razılaşmanın şərtlərinə əməl edilməsinə MAQATE nəzarət edirdi və MAQATE bu günə qədər İranın razılaşmanın hər hansı bir bəndini pozması haqqında hesabat dərc etməyib.
Bu razılaşmanın İran-ABŞ münasibətlərini yaxşılaşdıracağı haqqında proqnozlara mən heç vaxt optimist yanaşmamışam və bu barışığın olacağına inanmırdım. Belə ki, İrana qarşı ABŞ sanksiyalarının ləğvinə Konqres qərar verməli idi, Konqresdə isə sazişin imzalanması detallarının müzakirəsi zamanı nüfuzlu demokrat konqresmenlər və respublikaçı çoxluq İranla nüvə danışıqlarının əleyhinə çıxış edirdilər. Sazişin imzalanmasından bir ay öncə isə 47 respublikaçı konqresmen İranın ali liderinə məktub yazaraq, əldə olunan razılaşmanın bundan sonrakı respublikaçı prezidentin bir imzası ilə dayandırılacağı haqqında xəbərdarlıq etmişdilər.
ABŞ-ın birtərəfli qaydada nüvə sazişindən çıxması hansı nəticələr verəcək sualına cavab kimi, ilk olaraq bu sazişin imzalanmasında tərəflərin iki deyil, bir neçə tərəf olmasını diqqətinizə çatdırıram. Tramp administrasiyasının ABŞ-ın nüvə sazişindən çıxması haqqında ilk məlumatları verməsindən sonra AB rəsmiləri artıq təəssüf etdiklərini, ancaq İranla imzalanmış saziş çərçivəsində əməkdaşlıqlarını davam etirəcəkləri haqqında fikirlər bildirmişlər və bu əməkdaşlıq davam edir. İkinci məqam sazişin imzalanmasında əsas hərəkətverici şərt olan Hörmüz boğazı hövzəsi - Qərb üçün strateji neft nəqliyyatı kanalına olan nəzarət idi və iştirakçılardan heç kim İran qədər bu imkana malik deyil. Üçüncü məqam ABŞ-ın özünün də maraqlı tərəf olduğu Yaxın Şərq - Suriya konfliktində tərəflərdən biri olan İranla münasibətlərin korlanmasıdır, bu, regionda mümkün sülhün yaranması prosesinə neqativ təsirini göstərəcək. Nəzərə alsaq ki, Yaxın Şərq – Suriya konfliktində digər maraqlı tərəfi olan Rusiya da İran kimi ABŞ-ın sanksiyalarına məruz qalan bir ölkədir, hər iki dövlətin bu regionda ortaq maraqlar ətrafında birləşməsi daha da möhkəmlənəcək və Yaxın Şərq regionunda ABŞ-ın mövqeyi daha da zəifləyəcək. Bütün bunlar isə dünya iqtisadiyyatına ikili - həm neqativ və həm də pozitiv impulslar verməklə özünü göstərəcək. Neft və enerji məhsullarının qiyməti artmaqda davam edəcək”.
Məhəmmədəli QƏRİBLİ