Dünya gündəminin ən aktual mövzularından biri ABŞ-ın İranla nüvə sazişindən çəkilməsi və bunun hansı nəticələrə gətirib çıxaracağıdır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlı nüvə sövdələşməsindən çıxdığını elan edib: “İran terror təşkilatlarını dəstəkləyir. İran dövləti terrorun sponsorudur. İran “Hizbullah”, HƏMAS, Taliban və “Əl-Qaidə”ni dəstəkləyir. İranla nüvə razılaşması İrana uranı zənginləşdirməyə imkan verdi. Bu müqavilə utancvericidir. Bu birtərəfli müqavilədir. Nüvə razılaşmasına icazə versəm, Yaxın Şərqdə silahlanma olacaq. Bu razılaşma İranın bölgə ilə bağlı planlarına maneə törətməyib. İranın nüvə bombasını əldə etməsinin qarşısını bu müqavilə ilə ala bilmərik. İranla razılaşmadan çəkilirəm”.
Xatırladaq ki, 2015-ci ildə bağlanmış Vyana sazişinə əsasən, İran uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırıb. Bunun əvəzində Qərb ölkələri Tehrana qarşı iqtisadi sanksiyaları yumşaltmağa razılaşıb. Amma indi vəziyyət dəyişir. Donald Tramp bildirib ki, İrana qarşı “ən sərt sanksiyaları” bərpa edir. O əlavə edib ki, İranla əməkdaşlıq edəcək istənilən ölkə də sanksiyalara məruz qalacaq: “ABŞ nüvə şantajının girovuna çevrilməyəcək. Biz yol verə bilmərik ki, “Amerikaya ölüm” şüarı qışqıran rejim bu ölümcül silaha malik olsun”. ABŞ prezidenti xəbərdarlıqla çıxış edərək bildirib ki, İran nüvə silahı istehsalına başlasa, olduqca ağır nəticələrlə üzləşəcək. Prezident İrana Suriya, Yəmən və Yaxın Şərqin digər bölgələrindəki hərbi mövcudluğuna da son qoyması üçün təzyiq göstəriləcəyini bəyan edib.Tehran artıq ABŞ-ın addımlarının yolverilməz olduğunu bildirib. İran parlamentinin sədri Əli Laricani qeyd edib: “İran ABŞ-ın qərarı ilə bağlı tədbirlərə başlamazdan öncə bir neçə həftə gözləyəcək. Bununla da İran dünyaya problemin sülh yolu ilə həllinə cəhd etdiyini sübut edəcək. Bu addım ABŞ üçün utancvericidir. Trampın bu qərarına görə ABŞ-a dünyada inamsızlıq artıb. İran isə dialoqa üstünlük verdiyini və problemlərin həllində siyasi yollar axtardığını göstərdi". İran parlamentinin sədri qeyd edib ki, ABŞ beynəlxalq təhlükəsizliyi risqə atır: “Trampla güc işlədərək danışmaq daha yaxşı olar. Bu vəziyyətdə İran nüvə proqramı ilə bağlı əvvəlki mövqeyindən imtina etməyəcək”.
Artıq baş vernələrin ilk mənfi fəsadları özünü göstərməkdə, ilk növbədə İran və İsrail arasında Suryia ərazisi üzündən savaşı tətikləməkdədir. Belə ki, ABŞ-ın qərarından sonra İsrail Dəməşqin cənubunda İrana aid hərbi obyektlərə aviazərbələr endirib, nəticədə azı 15 nəfər həlak olub. Ölənlərdən səkkizi İran vətəndaşıdır. Bundan başqa, İsrail aviasiyası İrana aid qüvvələrin Colan yüksəkliyindəki mövqelərini atəşə tutub. İranın tabeliyi altında olan qüvvələr də Suriya ərazisindən İsrailin mövqelərinə raket zərbələri endirib. İsrail Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Konrikusın sözlərinə görə, hücumu Qüds briqadası təşkil edib.
O, İsrail ərazisinə 20 raketin buraxıldığını və “Dəmir Gümbəz” hava hücumundan müdafiə sisteminin onların hamısının qarşısını aldığını bildirib. Qeyd edək ki, Qüds briqadasına məşhur İran generalı Qasım Süleymani rəhbərlik edir. Baş verənlər fonunda isə bölgədə vəziyyətin daha da gərginləşməsi gözlənir. Bununla bağlı ABŞ-ın “The Wall Street Journal” nəşri yazır: “Prezident Donald Trampın sələfinin İranla bağladığı nüvə sazişindən çıxmaq qərarı, böyük ehtimal ki, onun bütün prezidentliyi boyunca ən böyük avantüradır. Daha dəqiq deyilsə, bu addım avantüralar silsiləsini təmsil edir. Prezident öz avantürasında əsasən buna ümid edir ki, İrana münasibətdə tamdəyərli iqtisadi sanksiyaların təzələnməsi İran liderlərini Obamanın dövründə bağlanmış nüvə sazişinin yenidən nəzərdən keçirilməsi haqda danışıqlar masasının arxasına qaytarmağa məcbur etməyə yetəcək. Əslində, Tramp sadəcə sezib ki, İran liderləri məhz belə də hərəkət edəcəklər. Görünür o, alternativ kimi nəzərdə tutur ki, ABŞ-ın maksimal basqısının təzələnməsi qiymət artımı, yerli valyuta kursunun düşməsi və sürəkli quraqlıq üzündən onsuz da ağır durumda olan İranın zəif iqtisadiyyatına dağıdıcı təsir göstərəcək. Və nəticədə narazılıq artmağa başlayacaq, daxili iğtişaşlar başlanacaq ki, bu da rejimin varlığı üçün təhlükədir.
Tramp artıq buna ümid edir ki, ABŞ-ın Fransa, Böyük Britaniya və Almaniyadakı prezidenti kursu dəyişməyə çağıran müttəfiqləri iqtisadi sanksiyaların yeni dalğasında ona müqavimət göstərmək və İranla yeni münasibətlər qurmaq üçün irəli çıxmaqdan daha çox, onunla əməkdaşlıq edəcəklər. Avropa ölkələrinin bu cür itaətsizliyi İranın deyil, ABŞ-ın göstərdiyi basqını azaltmağa və nəticədə ABŞ-ı təcrid etməyə səbəb ola bilər. Prezidentin İrana yardım edən istənilən ölkəyə qarşı sanksiya qoymaq vədləri Tehrandakı rejim qədər ABŞ-ın müttəfiqlərini də zərbə altında qoyur və sanksiyalar üzündən təkcə İranla deyil, həm də müttəfiqlərlə münaqişələrə şərait yarada bilər. Avropa liderləri iranlıları sakit reaksiya verməyə, tələsik heç bir iş görməməyə çağırır, lakin Tehranda sərt xəttin tərəfdarları bunun əvəzində heç vaxt dayandırmaq istəmədikləri fəaliyyəti təzələmək üçün məqamdan faydalana bilər.
Amma hər şeydən əvvəl, Trampın bu gün İranla münasibətlərin gərginləşməsinin Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı ilə münaqişəyə keçməyəcəyini hesablaması qərarı avantüradır.
Beynəlxalq Münasibətlər üzrə Şuranın prezidenti Riçard Haas deyir: “İran, ən pis halda, nüvə proqramının gerçəkləşdirilməsi üzrə hədəflədiyi fəaliyyəti təzələyəcək və ya İsrail, ya ABŞ bunu qəbuledilməz sayaraq hərbi güc işlədəcək. İran isə malik olduğu bütün vasitələri tətbiq edərək bölgədə istənilən üsulla cavab verəcək”. Tramp buna da ümid edir ki, İrana yönəlik sərt siyasəti bölgə ölkələrini ABŞ-ın bundan sonra da güzəştə getmək niyyətində olmadığına və İrana heç vaxt nüvə silahına malik olmağa imkan verməyən sarsılmaz mövqe tutacağına inandıra bilər. Prezident deyib ki, bölgənin başqa ölkələrinin öz nüvə silahlarını hazırlamağa can atmamasına zəmanət olacaq və İrana da bunu etməyə imkan verməyəcəklər. Əlbəttə, burada risq ondan ibarətdir ki, düşünülənin əksi də baş verə bilər. Haas qeyd edir ki, İran buna nüvə proqramının gerçəkləşdirilməsi üzrə fəal əməllə cavab verə, eyni zamanda, Səudiyyə Ərəbistanını və başqa ölkələri də nüvə silahını yaymamaq haqda müqavilədən çıxmağa və öz nüvə silahını yaratmaq yoluna qədəm qoymağa təhrik edə bilər”.
Tahir TAĞIYEV