Ermənistanda yeni rəhbərliyin son açıqlamaları bu ölkənin ağıllanması üçün yeni aprel dərslərinə getdikcə daha çox ehtiyac duyulduğunu göstərir. Ermənistanda baş nazir seçilən Nikol Paşinyanın Azərbaycanın işğal altındakı ərazilərinə gəlişi, Xankəndidə çoxsaylı jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər bu şəxsin diplomatiya sarıdan savadının kifayət qədər kasad olduğunu üzə çıxarır. Bu mənada tamamilə aydındır ki, ətrafı diplomatiya məsələsində Paşinyanın başına lazımi ağıl qoymasa, Azərbaycan bunu güc yolu ilə etməli olacaq.
Elə indinin özündə də Paşinyanın açıqlamaları Dağlıq Qarabağda münaqişəni alovlandıra biləcək başlıca faktorlardan sayılır. Məsələ burasındadır ki, Paşinyan baş nazir kreslosuna oturan kimi Qarabağ mövzusunda sələfləri kimi məntiqdən uzaq açıqlamalar verməyə başlayıb. Məsələn, o iddia edir ki, Dağlıq Qarabağ ayrıca subyekt kimi qatılmadan danışıqlar mümkün deyil, güzəştlər, kompromislər barədə erməni tərəfi ancaq Azərbaycanın Dağlıq Qarabağı tanımağa hazır olmasından sonra danışmaq olar. Bununla Paşinyan indiyə qədər həmsədrlər tərəfindən təklif edilən sülh variantlarına, o cümlədən məhşur “Madrid prinsipləri“nə də xələl gətirmiş olur. Həmin sənədlərin hamısı zəbt olunmuş ərazilərin mərhələli şəkildə Azərbaycana qaytarılmasını nəzərdə tutur. Amma Paşinyanın Qarabağ məsələsində açıqlamaları Ermənistanın mövqeyində müsbətə doğru dəyişikliyin baş verə biləcəyini böyük sual altına alır. Rəsmi Bakı hələlik məsələyə təmkinlə yanaşır və problemin sülh yolu ilə həllində maraqlı olduğunu bir daha bəyan edir. Bunu Azərbaycan Xartici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasına dair şərhində də görmək mümkündür. Bununla bağlı Hikmət Hacıyev bildirir: “Bir daha vurğulamaq istəyirik ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara hazırdır”.
Azərbaycan Xarişi İşlər Nazirliyinin şərhində Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin səhvlərini təkrar etməyəcəyi, sağlam siyasət yürüdəcəyi və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibətlər qurmağa çalışacağına ümid edildiyi də vurğulanır: “Münaqişənin həll edilməsi regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə, bundan da ilk növbədə Ermənistan əhalisi faydalana bilər. Odur ki, top Ermənistanın meydançasındadır və yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur”. Bundan əlavə, şərhdə Paşinyanın bəyanatının ziddiyyətli olmasına da diqqət çəkilir: “Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi agitasiyaya üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir. Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib”. Hacıyev xatırladıb ki, ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk Qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb: “Münaqişənin siyasi həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənir, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.
Mətbuat xidmətinin rəhbəri hesab edir ki, Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etməsi kimi hüququ prinsipdən sui-istifadə edir və onu təhrif edir: “Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilər. Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində erməni və azərbaycanlı icmalarının sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur”. Bütün bunlar Paşinyan üçün kifayət qədər vacib diplomatik xatırlatmalardır və indi, qeyd olunduğu kimi, top Ermənistanın meydançasındadır. İrəvan ya yola gəlib Qarabağ məsələsinin sülh yolu ilə tənzimlənməsinə və beləliklə Ermənistanın xilasına razılıq verməli, ya da yeni savaşla fəlakətinə hazır olmalıdır. Bütün bunlara ukraynalı ekspert Vitali Portnikovun baxışları da olduqca maraqlıdır. Portnikov hesab edir ki, Paşinyanın dərhal Qarabağa baş çəkməsi Ermənistan siyasəti fonunda təəccüblü deyil: “Hətta bunu “Qarabağ klanı”na qarşı xalqın üsyanından sonra etməsi belə o qədər də gözlənilməz deyil. Ola bilər ki, Paşinyan əhalinin əhval-ruhiyyəsinə uyğun hərəkət edir və elan edir ki, erməni siyasəti dəyişməzdir. Hərçənd, Ermənistanda problemlərin əsas səbəbi heç də hansısa klanın hakimiyyəti və korrupsiya deyildi. Klanların hakimiyyəti və korrupsiya, təbii ki, pisdir. Amma reallıqda Ermənistanın düşdüyü vəziyyət Qarabağ münaqişəsinə görədir. Qarabağ problemi Ermənistanın boynuna atılmış ilgəkdir və ona nəfəs almağa imkan vermir. Lakin ən pisi odur ki, erməni dövləti bu ilgəyi zəiflətmək əvəzinə, onu bir az da sıxır”.
Portnikov Ukraynadakı və Ermənistandakı inqilabları müqayisə edir və bildirir ki, xalq hərəkatı heç də həmişə yaxşı nəticələrlə müşahidə olunmur: “Ukrayna nümunəsi buna sübutdur, görünür, Ermənistan da dəyişmir. “Çarəsizlərin inqilabı” ölkəni yalnız o zaman dəyişdirməyə nail olur ki, cəmiyyət öz problemləri haqqında həqiqəti bilir. Bu həqiqəti onlara yeni lider deməlidir. Ermənistanın problemlərindəki həqiqət isə Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə həll olunmadığı təqdirdə Ermənistan Kremlin mühasirəsində qalacaq. Bunu Paşinyan da anlayır, lakin o, Qarabağa gedərək, erməni siyasətinin dəyişməz olduğunu göstərir. Hərçənd bu, Ermənistanı uçuruma aparır”. Ukraynalı ekspert “bundan sonra nə olacaq” sualını önə çəkir: “Ola bilsin ki, Paşinyan hakimiyyətini gücləndirəcək, yaxud da zəifləyəcək. Lakin dəyişməyən bir həqiqət var: yoxsulluq və çarəsizlik ermənilərin evini tərk etməyəcək. Beləliklə, inqilabın məyusluğu yaranacaq. Paşinyan Qarabağa gedişilə Ermənistanın gələcəyini müəyyən etdi”.
Səslənən fikirlərdən bir daha aydın olur ki, Nikol Paşinyanın və ümumilikdə Ermənistanın taleyi Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsindən asılıdır. Paşinyanın seçkidən dərhal sonra Qarabağa gəlişi və alovlu “vətənpərvər çıxışlar” etməsi indiki məqamda sadəcə bir neçə gün Ermənistan auditoriyasını sakitləşdirə bilər. Reallıqda o, Qarabağ məsələsində əməli addımlar atmasa, ermənilərin həyatında hansısa dəyişiklyin olması mümkün deyil, Ermənistanın məhvi isə qaçılmazdır. Bunu millət vəkili Aydın Mirzəzadə də xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, bu gün Azərbaycanın inkişafı elə bir situasiya yaradıb ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, həmin şəxs Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur. O bildirib ki, özünütəcrid, qonşu ölkənin torpağını neçə illərdir işğalda saxlamaq Ermənistanı çox ağır vəziyyətə salıb: “Paşinyan nümunəsi də bir daha göstərdi ki, Ermənistan məhz Qarabağ məsələsinə görə bu gün çox ağır böhran içərisindədir. Buna görə də Paşinyanın mövcud vəziyyətlə tanışlığına vaxt lazımdır. O, kütlənin hakimiyyətə gətirdiyi şəxsdir. Onun idarəçiliklə, Qarabağ probleminin dəırinlikləri ilə bağlı ciddi məlumatı yoxdur. Bu gün o, kütləyə işləməyə, kütlənin eşitmək istədiyi fikirləri bildirməyə çalışır. Amma müəyyən qədər tanışlıqdan sonra nə qədər ağır bir yükü çiyninə götürdüyünün şahidi olacaq. Bu yükün ən ağırı Dağlıq Qarabağ problemidir. Bunun üçün torpaqlarımızı işğaldan azad etməli və Azərbaycanla dostluq münasibətləri qurmağa çalışmalıdır ki, ölkəsinin iqtisadi dirçəlişinə nail ola bilsin”.
Millət vəkili qeyd edib ki, Paşinyan bunu edəcəksə, Ermənistanda böhran bitəcək: “Yox, o da özündən əvvəlkilərin yolu ilə gedəcəksə, Ermənistanda böhran daha da dərinləşəcək. Azərbaycanın artan siyasi nüfuzu, iqtisadi gücü, Silahlı Qüvvələrinin potensialı problemi həll etmək üçün kifayətdir”. Beləliklə, yaxın tezlikdə Ermənistanın yeni hakimiyyətinin, o cümlədən də Paşinyanın mövqeyində Qarabağ məsələsi ilə bağlı hansısa dəyişiklik olmaycağı təqdirdə, məsələnin güc yolu ilə həlli kifayət qədər aktuallaşacaq. Düzdür, hesab edilir ki, Paşinyan tərəfindən indiki sərt mövqe nümayiş etdirilməsində Ermənistanda yaranmış hazırkı situasiyanın təsiri də rol oynayır. Baş nazir vəzifəsini yeni tutmuş və yaxın aylarda parlament seçkilərinə gedəcək şəxsin indidən durub Dağlıq Qarabağ məsələsində hansısa güzəştlərdən danışa bilməsi inandırıcı sayılmır. Lakin yeni parlament seçkilərindən sonra mümkündür ki, Paşinyan hər hansı ilkin şərt irəli sürmədən, o cümlədən qondarma rejimin tərəf kimi tanınmasında israr etmədən danışıqlar masasına qayıtsın. Əks təqdirdə, qeyd olunduğu kimi, bunu Azərbaycan güc yolu ilə təmin etməli olacaq.
Tahir TAĞIYEV Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.