Bəhruz Quliyev: “ATƏT-in Helsinki Yekun Aktında nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ müstəqillik demək deyil”
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı verdiyi sərt, isterik xarakterli açıqlamalarına Azərbaycanın rəsmi şəkildə cavab verməsi özünü çox gözlətmədi. Belə ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Ermənistanın baş naziri N.Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasına çox tutarlı arqumentlərlə cavab verib.
Onun sözlərinə görə, Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə, Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi aqitasiyaya üstünlük verir: “Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”.
XİN rəsmisi Dağlıq Qarabaş münaqişəsi ilə bağlı BMT-nin məlum qətnamələrini qeyd etməklə yanaşı, Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistanın xalqların öz müqəddəratını təyin etmək kimi hüquqi prinsipdən sui-istifadə etdiyini, onu təhrif etdiyini qeyd edib: “Ermənistan bu prinsipin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin birtərəfli qaydada Azərbaycandan ayrılmasına tətbiq oluna biləcəyini iddia edir. Əslində, bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə ATƏT-in Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyin etmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur. Helsinki Yekun Aktının 8-ci bəndində isə öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsi təsbit edilib. Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində “daxili” öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər”.
Sözügedən açıqlama ilə, faktiki olaraq, Azərbaycan tərəfi Paşinyana ilk diplomatik zərbəsini endirmiş oldu. Bununla bağlı ortaya qoyulan arqumentlər bunun əyani sübutudur.
Maraqlıdır, bəs ekspertlər bunu necə şərh edirlər?
Məsələyə münasibət bildirən politoloq, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, məlum arqumentlər Azərbaycanın haqlı mövqedə olduğunu və beynəlxalq hüquqa əsaslandığını göstərdi: “Əvvəla küçə müxalifətinin hakimiyyətə gəlməsi belə isterik açıqlamalara səbəb olub. Küçə müxalifətinin lideri Paşinyan ölkənin üzləşdiyi ağır sosial-iqtisadi vəziyyətin həlli yollarını göstərmək əvəzinə, real olmayan açıqlamalarla çıxış edir. Onsuz da bu dövlət problemlər məngənəsində boğulur və belə vəziyyət get-gedə daha da dərinləşir. Yaxşı olardı ki, hakimiyyətə gələn yeni qüvvələr bu haqda düşünsünlər. Ancaq biz görürük ki, onlar real olmayan isterik bəyanatlar verirlər. Bu da əlbəttə ki, onların ziyanına işləyir. Azərbaycan tərəfi çox əsaslı olaraq beynəlxalq hüquqdan irəli gələn prinsipləri ortaya qoyur. Yəni ATƏT-in Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ müstəqillik demək deyil. Hansı ki, zaman-zaman Ermənistan beynəlxalq hüquqdan irəli gələn prinsipləri özünəməxsus interpritasiya etməklə, özlərinə sərf edən formada təhrif edir. Görünür, Paşinyan da onların yolunu getmək istəyir. Ancaq bu nə Ermənistana, nə də Paşinyana yaxşı perspektiv vəd etmir. Ən azından, Paşinyan Ermənistanı 20 il idarə edən klanın ölkəyə hansı fəlakətlər gətirdiyindən ciddi nəticə çıxarmalıdır. Ermənistan ictimaiyyəti nəinki indi, 10 əvvəl ölkədə keçirilən seçkilər zamanı Sarkisyana qarşı etiraz aksiyaları keçirdi. Paşinyan sərt ritorika ilə çıxış edib onların yolunu davam etdirərsə, bu onu fəlakətə sürükləyəcək. Nəzərə almaq lazımdır ki, Ermənistanda Qərblə Rusiya arasında geosiyasi mübarizə gedir. İlk baxışdan görünən odur ki, Qərb qalib gəlib. Ancaq Rusiya bunu həzm etməyəcək. Rusiya həzm etməz ki, forpostu əlindən alınsın. Ona görə də hesab edirəm ki, Ermənistanda vəziyyət tezliklə stabilləşməyəcək. Çox təəssüflər olsun ki, Paşinyan isterik xarakterli açıqlamalar verərək sərsəm fikirlər səsləndirir. Azərbaycan da məlum bəyanatla diplomatik müstəvidə Ermənistana tutarlı zərbələr endirdi. Bəyan etdi ki, səslənən fikirlər beynəlxalq hüquqa ziddir. Paşinyan nəzərə almalıdır ki, Ermənistanın işğalçılıq siyasəti üzündən ölkə bütün layihələrdən təcrid olunub. Ona görə də o ilk növbədə xarici siyasətdə ciddi dəyişikliklər etməlidir. O isə separatçı qurumu danışıqlarda tərəf kimi görmək istəyir. Bu isə tamamilə anormal yanaşmadır. Bu siyasətlə Paşinyan ölkəni uzun müddət idarə edə bilməz”.
Vidadi ORDAHALLI