Məhərrəm Zülfüqarlı: “Zatən, həmin şəxslər hər zaman Azərbaycanda görülən müsbət işləri görmək istəməyiblər”
ABŞ Helsinki Komissiyasında Azərbaycandakı seçkilər və fundamental azadlıqlarla bağlı növbəti dinləmələr keçirilib. Dinləmələrdə bir sıra əsası olmayan, reallığı özündə əks etdirməyən fikirlər səsləndirilib. Bildirilir ki, guya aprel seçkilərində bəzi azadlıqlar məhdudlaşdırılıb və sair.
Ən maraqlısı odur ki, sözügedən dinləmələrdə Azərbaycandakı prosesləri yaxından izləyən, ona maraq göstərən insanlarla yanaşı, daim Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv olan şəxslər də iştirak ediblər. Dinləmələrdəki çıxışlardan məlum olur ki, Azərbaycanda baş verən proseslər barədə çox səthi məlumata malikdirlər. Məqsədləri yalnız Azərbaycan barəsində yanlış, həqiqətə uyğun olmayan rəy formalaşdırmaqdır. Qəribə olan həm də odur ki, heç bir etik normalara riayət etməyən, vulqar davranışı, təhqiramiz ritorikası ilə seçilən şəxslərə bu barədə danışmağa şərait yaradılır. Eyni zamanda, belə qeyri-ciddi şəxslərin açıqlamalarına önəm verilir. Halbuki, reallıq ondan ibarətdir ki, belələri anti-Azərbaycan dairələrin əlində bir alətə çevrilib. Onlardan dövləti, xalqı və ölkə hakimiyyətini gözdən salmaq üçün fəal istifadə edirlər. Təbii ki, belələri Azərbaycan barəsində, ölkədə keçirilən seçkilər haqqında obyektiv danışa bilməzlər. Heç şübhəsiz, bütün bunların arxasında xaricdəki bəzi anti-Azərbaycan dairələrdən alınan böyük miqdarda pul, vaxtaşırı verilən təlimatlar dayanır. O üzdən, əsla belə dinləmələr reallığı üzündə əks etdirə bilməz.
Bu baxımdan, sözügedən məsələyə ekspertlərin münasibəti necədir?
Məsələyə münasibət bildirən Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, sözügedən dinləmələrdə Azərbaycana qarşı səslənən fikirlər tamamilə əsassız və həqiqətdən uzaqdır: “Bununla yanaşı, Helsinki Komissiyasında Azərbaycandakı seçkilərlə bağlı dinləmələrin keçirilməsi, ora ölkəmizə qarşı hər zaman qərəzli mövqedən çıxış edən şəxslərin dəvət edilməsi siyasi sifarişdir. Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, Qərb dövlətləri, o cümlədən ABŞ bu kimi məsələlərə öz maraqlarından yanaşırlar. Azərbaycanın müstəqil siyasət yeritməsi, Rusiyaya yönəlik embarqolara qoşulmaması, ölkədə stabilliyin hökm sürməsi və s. onlara öz əməllərini həyata keçirməyə imkan vermir. Ona görə də başlayırlar Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməyə, xüsusən də seçkilər ərəfəsində və bir də ondan sonra. Bir növ, Qərb buna adət edib. Ona görə də artıq biz buna öyrəşmişik. Azərbaycana qarşı hər zaman mənfi mövqedən çıxış edən şəxslərə şərait yaradılması məhz bundan irəli gəlir. Zatən, həmin şəxslər hər zaman Azərbaycanda görülən müsbət işləri görmək istəməyiblər. Məlum məsələdir ki, ölkədə keçirilən prezident seçkiləri tam şəffaf və demokratik normalara uyğun olub. Hesab edirəm ki, Azərbaycan müstəqil siyasətini davam etdirməlidir və belə hallara əhəmiyyət verməməlidir. Eyni zamanda, hər hansı bir ölkənin təsiri altına düşməməlidir, nə Qərb ölkələrinin, nə də Rusiya və İranın. Bununla da müstəqil Azərbaycanı inkişaf etdirmək lazımdır. Kənardan da Azərbaycana qarşı nə cür təzyiqlər olursa-olsun, ölkə buna cavab verməyə hazırdır. Deməyim odur ki, bütün bu qərəzli dinləmələrin kökündə ölkənin müstəqil siyasət yeritməsi dayanır”.
Vidadi ORDAHALLI