Fikrət Sadıqov: “Biz bunu heç vaxt unutmamalıyıq”
XX əsr Azərbaycan tarixinin görkəmli dövlət xadimi Heydər Əliyevin alternativsiz siyasi lider kimi gücü və qüdrəti, ilk növbədə, onun müqəddəs bir missiya adamı olmasını sübut etdi. Onun gördüyü işlər, həyata keçirdiyi böyük layihələr bir daha bunu təsdiqləyir. Siyasi liderin böyüklüyü zamanın tələblərini, obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür. Ulu öndər məhz bu keyfiyyətlərə malik idi.
Ötən əsrin 70-80-ci illərində Azərbaycanın siyasi palitrasında rasional təfəkkürə, praqmatik düşüncəyə, zəngin idarəçilik potensialına malik lider siyasətçinin mövcudluğu sistem transformasiyasından sonra müstəqil milli dövlət quruculuğunda həlledici amilə çevrildi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə hökm sürən xaotik və anarxist meyllərin, mürəkkəb dağıdıcı kataklizmlərin qarşısının alınmasında, ictimai-siyasi sabitliyin əldə olunmasında mühüm rol oynadı. Həmin dövrdə qarşıda çox mürəkkəb vəzifələr dururdu. Bunlardan ən başlıcası isə Ermənistanın genişlənən təcavüzünün qarşısını almaq idi. Heydər Əliyev hakimiyyətə gələndə ölkədə vahid nizami ordu yox idi. Cəbhədə vuruşan bir sıra silahlı qüvvələr ölkədəki bəzi siyasi dairələrin iradəsinə tabe idi. Üstəlik, xarici havadarların Ermənistana hərtərəfli dəstək vermələri vəziyyəti daha da çətinləşdirirdi. Regionda proseslərin sürətlə inkişafı, ordu qurmaq üçün vaxt azlığı bir sıra çətinliklərin ortaya çıxmasına səbəb olurdu. Aydın məsələdir ki, Ermənistanın arxasında müəyyən güclər olmasaydı, onlar Azərbaycan torpaqlarını işğal edə bilməzdilər. Bütün bunlara baxmayaraq, böyük dövlət xadimi Heydər Əliyev çevik siyasi manevrlər edərək Ermənistanın genişlənən təcavüzünün qarşısını aldı. Cəbhədə bir sıra uğurlar əldə edildi. Eyni zamanda, 1994-cü ilin 12 mayında atəşkəs əldə edildi. Ondan sonra Azərbaycan iqtisadiyyatı inkişaf etməyə, güclü ordu yaranmağa başladı. Bu baxımdan 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzü hansı istiqamətlərə qədər dərinləşə bilərdi?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Heydər Əliyev olmasaydı, Ermənistan daha çox ərazimizi işğal edəcəkdi: “Məhz Heydər Əliyevin böyüklüyü sayəsində buna imkan verilmədi. Doxsanıncı ilin əvvəllərində Azərbaycana qarşı müxtəlif planlar var idi. Konkret olaraq ölkəni parçalamaq niyyəti var idi. Bununla bağlı müxtəlif ssenarilər ortada idi. Şimalda millətçi “Sadval” təşkilatı təxribatlar törədirdi, cənub bölgəsində qondarma “TMR” yaranmışdı. Faktiki olaraq ölkə daxilində bir sıra proseslər gedirdi. Belə bir mürəkkəb şəraitdə Ermənistanın təcavüzü genişlənirdi. Dağlıq Qarabağın ətrafında bir neçə rayon işğal edilmişdi. Bununla belə, Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan başqa, digər rayonların da işğal edilməsi qarşıya məqsəd qoyulmuşdu. Bax, belə bir vəziyyətdə ölkəni xilas etmək lazım idi. Bunu da ancaq güclü bir siyasi xadim edə bilərdi. Elə bir şəxs məhz Heydər Əliyev idi. O bu çətinliklərin öhdəsindən gəldi və ölkəni ağır vəziyyətdən çaxardı. Onun apardığı məqsədyönlü siyasət sayəsində Ermənistanın genişlənən hərbi təcavüzünün qarşısı alındı. Yoxsa, daha böyük faciələr yaşana bilərdi. O böyük səy göstərərək erməni işğalının qarşısını aldı. İmkan vermədi ki, erməni işğalçıları daha böyük əraziləri ələ keçirsinlər. Bu baxımdan onun gördüyü işlər böyükdür. Əlbəttə, bu bizim uğurumuz idi. Ona görə də biz bunu heç vaxt unutmamalıyıq. Bu bizim tariximizdir”.
Vidadi ORDAHALLI