Məhəmməd Əsədullazadə: “Minsk Qrupu ilk növbədə rəsmi İrəvana obyektiv və substantiv danışıqlara başlamaq üçün təzyiqlər etməlidir”
Məlum olduğu kimi, aprelin 13-dən Ermənistanda başlayan mitinqlər öz bəhrəsini verdi. Etiraz hərəkatının lideri Nikol Paşinyan ölkənin baş naziri seçildi. Ancaq Paşinyanın baş nazir seçiləndən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü şərtlər təəccüblə qarşılanır.
Məsələ ondadır ki, mayın 8-də Ermənistanın baş naziri seçilən N.Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu deyib. Ancaq o bununla bağlı özünəməxsus şərt irəli sürüb. Paşinyan deyib ki, Qarabağdakı separatçı rejim də danışıqlarda iştirak etməlidir. Təbii ki, Paşinyanın şərti qəbuledilməz və absurddur. Paşinyanın digər sərsəm açıqlaması Türkiyə ilə sərhədlərin açılması ilə bağlı olub. O bildirib ki, Türkiyə ilə münasibətləri düzəltmək istəyir. Bu barədə siqnalı isə o Azərbaycanın işğal altında olan torpaqlarında olarkən verib. Xankəndidə jurnalistlərə açıqlama verən Paşinyan bunun heç bir ilkin şərt olmadan baş tutmasını arzu edir: “Şərtləri Türkiyə irəli sürüb. Bu şərtlər isə məntiqsizdir”. O, deyib ki, iki ölkənin əlaqəsi üçüncünün maraqlarına xidmət etməməlidir.
Maraqlısı odur ki, Ermənistanın yeni baş nazirinin bu açıqlamalarına Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan beynəlxalq qurumlar, xüsusən də ATƏT-in Minsk Qrupu heç bir reaksiya verməyib. Ekspertlər beynəlxalq qurumların bu mövqeyini necə şərh edirlər? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, beynəlxalq qurumlar nədənsə gözləmə mövqeyi tuturlar: “Bu da ümumən yaxşı hal deyil. Onlar buna öz münasibətlərini bildirməlidirlər. Ermənistanda etiraz aksiyaları nəticəsində baş nazir kürsüsünü ələ keçirən N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə dərhal səfəri, burada hərbçilərlə və separatçılarla görüşü əsasən özünə dəstək almağa hesablanıb. Onun Qarabağda verdiyi açıqlamalar münaqişənin tənzimlənməsinə zərbədir və köhnə rejimin siyasətini aparmaqdır. Çünki Paşinyanın ritorikasında münaqişənin həlli ilə bağlı elə təkliflər irəli sürülür ki, bu təkliflərlə danışıqlara getmək Azərbaycan üçün əlverişsizdir. Minsk Qrupu ilk növbədə rəsmi İrəvana obyektiv və substantiv danışıqlara başlamaq üçün təzyiqlər etməlidir. Ancaq görünən odur ki, Ermənistanın yeni hakimiyyətinə güc tətbiq etməyincə, onlar öz avantürist siyasətlərindən geri çəkilməyəcəklər. Türkiyə ilə bağlı verdiyi bəyanatlar absurddur və bu ölkənin Ermənistana ehtiyacı yoxdur. Yeni hakmiyyət çalışmalıdır ki, problemi tezliklə həll edib, qonşu ölkələrlə diplomatik əlaqələr qursun. Ölkəni iqtisadi defoltdan çıxarsın. Görünür ki, Paşinyanın bu siyasəti qaranlıqdır və indiki hakmiyyət Rusiyadan asılılığı davam etdirmək niyyətindədir. Bir məsələni qeyd edim ki, Paşinyan ABŞ-ın maliyyə qaynaqlarından vəsait əldə edib. Onun hazırkı siyasi kursu Rusiyaya yaxın olsa da, növbəti üç ayda Ermənistanda həm Qarabağ danışıqları ilə bağlı vəziyyətə aydınlıq gələcək, həmçinin, Ermənistanda proseslərin hansı istiqamətdə gedəcəyini görəcəyik. Hələ ki, keçiddir. Bu keçid siyasətdə Paşinyan Rusiyanın xoşuna gəlməyə çalışır. Hesab edirəm ki, münaqişənin həllinə çalışmasa, Paşinyanın siyasəti effekt verməyəcək”.
Vidadi ORDAHALLI