Azərbaycanla Rusiya arasında indiki mərhələdə strateji kimi xarakterizə olunan münasibətlərin möhkəmlənməsində xüsusi xidmət məhz Heydər Əliyevə məxsusdur.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Heydər Əliyev Mərkəzində açılmış “Heydər Əliyev: Şəxsiyyət, missiya, irs” Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin iştirakçılarına ünvanlanmış məktubunda deyilir. Məktubu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov oxuyub.
Məktubda deyilir: “Heydər Əliyev təkcə postsovet məkanında deyil, həm də bütün dünyada yüksək nüfuz qazanmış görkəmli dövlət və siyasi xadimdir. Uzun illər ərzində respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycan SSR-in rəhbəri, daha sonra SSRİ Nazirlər Şurası sədrinin birinci müavini qismində əldə olunmuş dövlət idarəçiliyi üzrə zəngin təcrübə və yüksək təşkilatçılıq bacarıqları ona müstəqil Azərbaycana rəhbərlik etməyə və ən çətin dövrdə ölkəni dərin böhran vəziyyətindən dayanıqlı inkişaf yoluna çıxarmağa imkan verdi.
Azərbaycanla Rusiya arasında indiki mərhələdə strateji kimi xarakterizə olunan münasibətlərin möhkəmlənməsində xüsusi xidmət məhz Heydər Əliyevə məxsusdur. Müstəqillik illəri ərzində dövlətlərimiz mehriban qonşuluq və səmərəli əməkdaşlıq ənənələrini nəinki qoruya, hətta artıra bildi.
Sevindiricidir ki, Bakıda keçirilən sərgidə təkcə Heydər Əliyev şəxsiyyətinin hərtərəfliliyi deyil, həm də onun irsi ilə tanış olmağa imkan verən çoxsaylı arxiv sənədləri və fotoşəkillər təqdim olunub. Çox şadam ki, bu mühüm hadisə üçün Ümummilli Lider tərəfindən əsası qoyulan siyasi kursun varisliyinin aydın əks olunduğu rəngarəng kataloq hazırlanıb. Ümid edirəm ki, bu nəşr bir çox kitabxanaların fondlarında öz layiqli yerini tutacaq.
Mən bu layihənin təşəbbüskarı olan Rusiya tərəfinə dərin minnətdarlığımı, eləcə də hər iki ölkənin tarixçilərinə və arxiv işçilərinə təşəkkürümü bildirmək istərdim”.
“Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi ona həm öz həmvətənləri arasında, həm də ölkə xaricində böyük nüfuz qazandırıb”. Bu barədə isə Rusiya Prezidenti Vladimir Putinin sərgi iştirakçılarına ünvanlanmış məktubunda deyilir. Məktubu Rusiya Prezident İdarəsinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə rəisi Vladimir Çernov oxuyub.
Məktubda deyilir: “Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin məğzini anlamaq qabiliyyəti, böyük təşkilatçılıq istedadı ona həm öz həmvətənləri arasında, həm də ölkə xaricində böyük nüfuz qazandırıb. Müstəqil Azərbaycana qəliz tarixi dövrdə rəhbərlik etməklə o, öz ölkəsinin əsl liderinə çevrildi, Azərbaycan ictimaiyyətinin möhkəmlənməsi üçün çox şey etdi. Qeyd edim ki, Heydər Əliyev Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələrinin qurulması, ölkələrimiz arasında səmərəli əməkdaşlığın möhkəmlənməsi və konstruktiv tərəfdaşlığı Azərbaycanın uğurlu inkişafının əsas şərtlərindən biri hesab edirdi. Sevindiricidir ki, bu kursu Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev layiqincə davam etdirir. Bu böyük sərgi tarixçilərin, arxiv işçilərinin və dövlət qurumlarının nümayəndələrinin birgə səylərinin nəticəsidir. Bu sərgidə və onun hazırlığında iştirak edən hər kəsə minnətdarlığımı bildirmək istərdim”.