ABŞ prezidenti Donald Trampın, İranla 5+1 ölkələri - ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə və Almaniya arasında 2015-ci ildə imzalanan razılaşmadan çəkilməsi, Orta Şərqdə yeni müharibəni də özü ilə bərabər gətirir. Artıq bunun işartıları da görünür.
Baki-xeber.com xəbər verir ki, Trampın qərarından dərhal sonra, Vaşinqtonu uzun müddətdir nüvə sazişindən imtina etməyə razı salmağa çalışan İsrail Suriyada İran mövqelərini vurub. Məlumata görə, İsrailin Dəməşqin cənubunda yerləşən İrana aid hərbi obyektlərinə hücumu nəticəsində 8-i İran əsgəri 15 nəfər öldürülüb. Suriya isə havadan müdafiə sistemlərinin iki raketi havada məhv etdiyini bəyan edib.
Bununla yanaşı, İsrail ordusu Suriyadan gələ biləcək İran təhlükəsinə qarşı hazırlıqlara başlayıb. Ölkədəki havadan müdafiə sistemləri, Golan Təpəsindəki sığınacaqlar hazır vəziyyətə gətirilib.
Bir müddət əvvəl isə İsrailin Energetika və Təbii Sərvətlər naziri Yuval Steinitz Suriya prezidenti Bəşər Əsədi bundan sonra da öz ölkəsində İrana fəaliyyət göstərməsinə imkan verəcəyi təqdirdə öldürüb, onun rejimini devirməklə hədələyib. "Əgər Suriya prezidenti Bəşər Əsəd iranlılara bundan sonra da Suriyada fəaliyyət göstərməsinə izn verərsə, onda İsrail onu öldürəcək və onun rejimini devirəcək", - deyə nazir bildirib.
Burada ən diqqət çəkən məqam isə, İsrailin Suriyada İran mövqelərini bombalamasının ardından Yəməndəki İran dəstəkli husilərin Səudiyyə Ərəbistanını hədəf almasıdır. Belə ki, İsrailin Suriya bombardmanlarından dərhal sonra husilər Yəmən ərazisindən Səudiyyəyə bir neçə raket atıb. Məlumata görə, raketlərdən 2-si paytaxt Riyad, biri isə Cazan vilayəti səmalarında vurularaq zərərsizləşdirilib.
Buradan belə görünür ki, İran İsrailin Suriyadakı hücumlarına, husilərin Yəmən ərazisindən Ərəbistana raket hücumları ilə cavab verir.
Ümumiyyətlə ekspertlərinin fikrincə, Vaşinqtonun Suriyaya qarşı sərt mövqe tutmasında məhz İsrail faktoru ciddi rol oynayıb. İsrail, İranın tamamilə təcrid edilməsini istəyir. Digər tərəfdən, İsrail İranın Suriyada daha da güclənməsindən, tezliklə Aralıq dənizinə çıxa biləcəyindən ehtiyatlanır. Bütün bunlar isə İsrail və İran arasındakı qarşıdurmanı daha da dərinləşdirir.
Vaşinqton və Təl Əvivin addımlarının İrana qarşı Suriya və Livan üzərindən başladılacaq yeni bir savaşın siqnalı kimi dəyərləndirilir. Ekspertlərə görə, ABŞ və İsrail Suriya və Livanda İrana qarşı daha sərt mübarizəyə başlayacaq. İlk hədəf Suriyadakı İran hərbi obyektləri, İran əsgərləri olacaq. Əvvəllər də baş vermiş bu hücumlar bundan sonra daha da artacaq. İki ölkənin növbəti hədəfi Livanda İranın dəstəklədiyi “Hizbullah” olacaq. Ehtimallara görə, İsrail İran təsirini yox etmək üçün “Hizbullah”la müharibəyə başlayacaq. ABŞ və İsrailin burada əsas hədəfi isə İranın Suriyadakı varlığını sona qoymaqdır.
İkinci hədəf İrandan İraqa, Suriyanın cənubundan Livana uzanan İran-Livan əlaqəsini kəsməkdir. Bu mərhələdə isə əsas rolu ABŞ-ın dəstəklədiyi PKK/PYD yaraqlıları oynayır.
Bütün hallarda Trampın qərarının bölgədə yeni bir müharibəni alovlandıracağı qaçılmaz görünür.
TAHİR