Ermənistan hakimiyyəti insanlar küçələrə çıxmamışdan xeyli qabaq ölkədə onlara qarşı etiraz prosesinin hazırlandığının fərqində idi və hətta onların təşkilində iştirak etmişdi.
Bunu Ermənistanda baş verən "məxməri inqilab"ı Sputnik Azərbaycan-a şərh edən hüquq müdafiəçisi, bir neçə il əvvəl erməni hakimiyyətinin təzyiqləri altında ölkəni tərk edərək İsveçrəyə mühacirət etmiş Vahe Avetyan deyib.
Onun sözlərinə görə, Ermənistanda baş verən aprel qarşıdurmaları daha əvvəl hazırlanmışdı. Dövlətin xüsusi xidmətləri bunu bilirdi.
"Mən çox dəqiq təşkilatçılıq görürəm və proses çoxdan hazırlanmışdı. Bu, o deməkdir ki, ssenarinin hazırlanmasında erməni xüsusi xidmətləri də iştirak edib. Ermənistanda bunun baş verəcəyinə hazır idilər və ehmalca buna hazırlaşırdılar" — deyə hüquq müdafiəçisi bildirib.
O, əmindir ki, Ermənistan hakimiyyəti müxalifətin mitinqlərini təzə baş qaldıranda dayandıra bilərdi. Lap əvvəldə hakimiyyətin bunu etmək üçün bütün resursları var idi. Lakin bütün bu günlər ərzində aydın oldu ki, hakimiyyət o addımı atmayacaq.
"Özünüz götür-qoy edin. Nikol Paşinyanın əli yaralananda onu maşına qoyub xəstəxanaya çatdırdılar, yarasını sarıyandan sonra onu geri gətirdilər və o, başladığı işi davam etdirdi. Odur ki, hakimiyyət lap başlanğıcda bu prosesləri dayandıra bilərdi, amma bunu eləmək istəmədi" — deyə Avetyan bildirib.
Hüquq müdafiəçisi onu da istisna etmir ki, son hadisələr Serj Sarkisyanın özü tərəfindən ssenariləşdirilib. Onun siyasi səhnədən kütlənin "təzyiqi ilə" getdiyini göstərməkdə məqsədi özündən sonra hakimiyyəti öz adamlarına ötürmək olub. Avetyanın sözlərinə görə, belə bir variant tamamilə mümkündür. Çünki orada bir çox maraqlar toqquşurdu.
O, istefaya getmiş Sarkisyanın bir müddət Ermənistandan kənarda yaşayacağını istisna etmir. "Onun pulu var və bu, ona yoxsul olmamağa imkan verəcək" — deyir hüquq müdafiəçisi.
Ermənistan hökumətinin nümayişçiləri qovmaq üçün niyə güc təbiq etmədiyinə gəlincə isə Avetyan deyib ki, bu, etiraz aksiyalarında əsasən gənclərin iştirak etməsi ilə bağlıdır. Onun sözlərinə görə, küçələrə çıxanların əksəriyyəti tələbələr, məktəblilər idi və onlara güc tətbiq etmək əks effekt doğura bilərdi.
"Bunu nəzərə almaq lazımdır. Bu gün vəziyyət hakimiyyətin insanlara qarşı güc tətbiq etdiyi 2008-ci ildəki kimi deyil" - deyə hüquq müdafiəçisi bildirib.
Avetyan hesab edir ki, müxalifət lideri (artıq baş nazir) Nikol Paşinyanın arxasında müxtəlif qüvvələr dayana bilər. Ona Paşinyanın kimin sifarişini yerinə yetirdiyi məlum deyil, Sarkisyanın, yaxud başqasının. Bununla belə, hüquq müdafiəçisi o fikirdədir ki, Paşinyan xalqın arasından çıxmayıb, xalq da özbaşına çıxıb üsyan eləməyib.
"Burada ola bilsin hansısa razılaşma var, yaxud da bu gün sadəcə tamaşa oynanılır. İstisna etmirəm ki, buna qədər Paşinyanı rusiyalı və ya erməni oliqarxlar qrupu dəstəkləyirdi, yaxud da hansısa dövlət strukturu" - Avetyan bildirib.
Avetyan bu gün Qərbin Ermənistanı özünə tərəf döndərməyə cəhd edəcəyinin az inandırıcı olduğunu bildirib: "Əgər Qərb buna zərurət görsə, istədiyinə nail olacaq, amma inanmıram ki, bu ona lazım olsun".
Avetyan bu gün Ermənistanda baş verən hadisələri ölkədə demokratiyanın bərqərar olması kimi qələmə verilməsi ilə də razılaşmır. Onun fikrincə, qiyam yalnız bu istiqamətdə çağırışdır: "Demokratiya - təşkil olunmuş demokratik həyat tərzidir".
Hüquq müdafiəçisi qeyd edib ki, Ermənistanda demokratiyanın bərqərar olmasından danışmaq üçün ölkədə bir sıra sistemli dəyişikliklər baş verməlidir. Onun sözlərinə görə, demokratiya biliklər, vergi siyasəti deməkdir ki, bu da çox-çox çətindir.
"Ermənistan isə hələ bundan çox uzaqdadır" - o əlavə edib.