Arzu Nağıyev: “Bir daha əmin olursan ki, Azərbaycanın apardığı balanslı və müstəqil siyasət bir çox qurumu qane etmir”
AŞ PA-nın keçmiş sədri Ann Brassör qurumun korrupsiya ilə bağlı hesabatını şərh edərkən maraqlı detalları açıqlayıb: "İctimai təşkilatlar məni Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) bəyanatla çıxış etməyə, Azərbaycanı və ayrı-ayrı deputatları ittiham etməyə çağırırdılar".
A.Brassör bir müddət əvvəl təşkilatda irimiqyaslı korrupsiya barədə söz-söhbətlərin olduğunu qeyd edib: “Mən birinci hesabatı yaxşı xatırlayıram. Orada maraqlı məqamlar olsa da, sübutlar yox idi. Sübut olmayanda isə ehtiyatlı olmaq lazımdır. İctimai təşkilatlar məni AŞ PA-da bəyanatla çıxış etməyə, Azərbaycanı və ayrı-ayrı deputatları ittiham etməyə çağırırdılar. Mən bundan imtina etdim, çünki bu, çox təhlükəli yoldur”.
Qeyd edək ki, bir müddət əvvəl Strasburqda AŞ PA-da korrupsiya iddialarını araşdıran Müstəqil Kənar İstintaq Orqanı (IBAC) Assambleya Bürosuna öz məruzəsini təqdim edib. İstintaq Orqanı Azərbaycana qarşı korrupsiya iddiaları ilə bağlı heç bir fakt aşkarlamayıb və son nəticədə təşkilatın ölkəmizlə əlaqədar fəaliyyətində AŞ PA deputatlarının, xüsusilə məruzəçilərinin işində neytrallıq tələblərinin pozulmadığı qənaətinə gəlib.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov öz bəyanatında bildirmişdi ki, AŞ PA-da növbəti anti-Azərbaycan kampaniyasının başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır: "Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar. Məlumdur ki, 2018-ci il başlayandan Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi etmiş, ölkənin həyatında mühüm əhəmiyyət kəsb edən hadisələr baş vermişdi. Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən İlham Əliyevə etimad referendumu kimi dəyərləndirildi".
Doğrudan da AŞ PA-nın keçmiş sədri Ann Brassör qurumun korrupsiya ilə bağlı hesabatını şərh edərkən maraqlı detalları açıqlayıb. Burdan açıq-aydın görünür ki, Azərbaycana qarşı olduqca çirkin və qərəzli kampaniya aparılıb. Bunu artıq AŞ PA-nın ən yüksək qatında təmsil olunan və oranın “mətbəxinə” hamıdan yaxşı bələdçiliyi olan şəxslər etiraf edirsə, yayınmağa yer qalmır. Bu açıqlama Azərbaycana qarşı aparılan çirkli kampaniyanın mahiyyətini tam açırmı?
Politoloq Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bizə qarşı qərəzli kampaniyaların mütəmadi aparıldığının şahidi olmuşuq: “Azərbaycan gənc dövlət olsa da, həmin kampaniyalara layiqincə sinə gərib, hətta əksər hallarda həmin savaşlardan qalib ayrılıb. Başqa sözlə desək, bizdə belə qərəzli, çirkli kampaniyalara qarşı möhkəm immunitet yaranıb. Korrupsiya ilə bağlı bizim üstümzə atılan böhtan da kampaniya xarakterli olub və onun müəllifləri istədikləri hədəfə çata bilmədilər. Biz ölkə olaraq ittihamlara, kampaniyalara həm rəsmi, həm də qeyri-rəsmi sahədə cavab veririk. Onda bizi tərəf kimi qəbul edib, bizim cavabları özünümüdafiə instikti kimi yozmağa çalışırlar. Amma AŞ PA-nın sabiq rəhbəri səviyyəsində verilən bu açıqlama onların iç üzünü tam açmış oldu. Gec də olsa, belə bir açıqlamanın verilməsi mühüm bir addım kimi dəyərləndirilməlidir. AŞ PA-nın sabiq sədri Ann Brassör qurumun korrupsiya ilə bağlı hesabatını şərh edərkən Azərbaycana qarşı ikili standart yanaşmanın olduğunu bildirib. Belə bir etirafla çıxış etmək, özü də Brassör səviyyəsində, onu göstərir ki, Azərbaycana qarşı aparılan siyasi oyunlar səngimir və bu proseslər daim adlarını ictimai təşkilat qoyaraq müxtəlif lobbi və qurumların, hətta deyərdim dövlətlərin maraqlarını ifadə edirlər. Hazırda deputat olan Ann Brassör bu ictimai təşkilatların adını qeyd etməsə də, yenə də bizə tanış olan həmin dəst-xətt görünməkdədir. Təqdirəlayiq haldır ki, sabiq sədr bu bəyanatı məhz qurumun korrupsiya ilə bağlı hesabatını şərh edərkən deyir. Bir daha əmin olursan ki, Azərbaycanın apardığı balanslı və müstəqil siyasət bir çox qurumları qane etmir və hətta belə bir səviyyədə hərtərəfli maneələr etməyə çalışırlar. Məlumdur ki, ölkəmizə qarşı korrupsiya iddiaları ilə bağlı heç bir fakt aşkarlanmadı”.
Məhəmmədəli QƏRİBLİ