Bəhruz Quliyev: “Növbəti raundun başlaması isə Ermənistan-Rusiya münasibətlərinə gərginlikdən başqa nəsə vəd etmir”
Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan 59 deputatın dəstəyi ilə baş nazir seçilib. O, bundan əvvəlki parlament çıxışlarında Qarabağ münaqişəsilə bağlı danışarkən Azərbaycanın Ermənistana hərbi təhlükə yaratdığını qeyd edib. Paşinyan Azərbaycanın Ermənistanı gücdən istifadə ilə hədələdiyini və buna görə kompromisdən söhbət gedə bilmədiyini deyib.
Məlumdur ki, Paşinyan bu vəzifəyə ikinci cəhd səsvermədən sonra, böyük çətinliklə seçilə bildi. Əksər ekspertlər hesab edirlər ki, ona mane olan Rusiya idi. Ancaq, göründüyü kimi, küçə müxalifəti prosesə kimin müdaxilə etməsindən asılı olmayaraq, öz liderini hakimiyyətə gətirməyi bacardı. Bundan sonrakı Rusiya-Ermənistan münasibətləri hansı məcrada davam edəcək, əvvəlki kimi isti və yaxın olacaqmı?
“Səs” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanda baş verən son hadisələri Qərbin Rusiya üzərində qalib gəlməsi kimi dəyərləndirə bilərik: “Amma açığını deyim ki, Ermənistan düşdüyü bu halına sevinməməlidir. Çünki keçmiş postsovet ölkələrində biz Qərbin zorla icra etdiyi layihələri və bunun da nəticəsində baş tutan hakimiyyət dəyişikliklərinin hansı fəsadlara səbəb olduğunu görmüşük. Lap yaxın keçmişə ekskurs etsək, Ukraynanın timsalında bunu müşahidə edə bilərik. Ukrayna bu prosesdən böyük ərazi itkisi ilə çıxdı. Bir qədər əvvəl isə oxşar proses Gürcüstanda oldu. Nəticədə Rusiya həmin ölkəyə qarşı açıq müharibə etməkdən belə çəkinmədi. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya bu istiqamətdə sakit dayanın seyrçi qalmayacaq. Onun planı tam bitməyib. Hazırda Ermənistan demokratiyanın nümunəsini ortaya qoymayıb. Düzdür, Sarkisyan getməli idi, ancaq hakimiyyəti ələ keçirən adam ölkəsi üçün ciddi problemlər yaradacaq. Əslində, belə vəziyyət bizə sərf edir. Çünki Rusiya ilə Ermənistanın yeni rəhbərliyinin münasibətləri əvvəlki kimi mehriban olmayacaq. Hamı bilir ki, Paşinyan anti-Rusiya əhvalında olan siyasətçidir. Onun cəmiyyətdə populyarlıq qazanmasında da anti-Rusiya çıxışlarının böyük rolu olub. Hazırda səsləndirdiyi fikirləri konyuktura elementləri kimi qəbul edilməlidir. Bu vəziyyət Dağlıq Qarabağla bağlı situasiyanı bizim xeyrimizə dəyişə bilər. Bir sözlə, bizim torpaqlarımızın işğaldan azad olunmasının zamanı gəlib çatıb. Ermənistan sülhün yaradılması istiqamətində konstruktiv addımlar atmasa, bundan da pis günə qalacaq. Heç bir Paşinyan onları kritik vəziyyətdən çıxara bilməyəcək. Güclər arasındakı savaşın hələ birinci mərhələsi bitib. Növbəti raundun başlaması isə Ermənistan-Rusiya münasibətlərinə gərginlikdən başqa nəsə vəd etmir”.
Məhəmmədəli QƏRİBLİ