Azərbaycan ərazilərinin işğalında əsas fiqurlardan olan, Xocalı soyqırımı kimi dəhşətli qırğının törədilməsində əsas müəlliflərdən biri sayılan Serj Sarkisyanın tezliklə dəmir barmaqlıqlar arasına düşməsi gözlənir.
Buna başlıca səbəb hakimiyyətdən kənarlaşdırıldıqdan sonra onun həbsi barədə çağrışların artması və buna əsas yaradacaq sübutların toplanmasıdır. Özü də qeyd edilənləri tələb edən ermənilərdir. Belə fikirlər səslənir ki, müvafiq təhqiqat aparıldıqdan sonra Qərb Serj Sarkisyanın və onun yaxın ətrafındakı iş adamlarının hesablarını dondurmaq niyyətindədir. Bu tədbirlərin son məqsədi xarici ölkələrdə aşkar olunmuş bütün maliyyə vəsaitlərinin Ermənistana geri qaytarılmasıdır.
Avropa Erməni İttifaqları Forumunun sədri Aşot Qriqoryanın sözlərinə görə, onun ünvanına Ermənistanın keçmiş prezidentinin ofşor sövdələşmələrinin təhqiqatının aparılması ilə bağlı təkliflər gəlib. Qriqoryan Serj Sarkisyanın prezidentliyi dövründə korrupsiya sxemlərindən əziyyət çəkmiş bütün iş adamlarından xahiş edib ki, müvafiq məlumatları təqdim etsinlər.
Xatırladaq ki, bundan əvvəl Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə qoymamağa çağırıb. O, diaspor üzvlərinə Serj Sarkisyan həbs edilmədən Ermənistana getməməyi məsləhət görüb. Ermənistanda uğursuz investisiya təcrübəsindən danışan diaspor təşkilatının rəhbəri bildirib ki, hökumət əhaliyə daim yalan danışır. Onların fırıldaqçılığına görə Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar oradan qaçır. Bildirilir ki, diaspor ölkəyə kifayət qədər pul xərcləyib, biznes planlar hazırlanıb, lakin bütün səylər boşa çıxıb. Sərf olunan pullar təyinatı üzrə istifadə edilməyib. Bundan əvvəl isə rusiyalı erməni əsilli iş adamı Levon Markos da Serj Sarkisyana açıq məktub ünvanlayaraq, Ermənistan hakimiyyətinin korrupsiya sxemi barədə maraqlı məlumatlar səsləndirib. Levon Markos Ermənistan iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb və Sarksiyanın xahişi ilə müflisləşmiş müəssisələri alıb. Lakin sonradan bütün biznesi Markosun əlindən alınıb, özü isə beynəlxalq axtarışa verilib. Levon Markos qeyd edir ki, vaxtilə Serj Sarkisyana inanıb və Ermənistan iqtisadiyyatına böyük məbləğdə vəsait qoymaq qərarına gəlib. Amma Sarkisyan sonradan bütün bu pulları ondan alıb. İndi hakimiyyətdən devrildikdən sonra Serj Sarkisyanın bu əməllərə görə cavab verməsi istənir.
Ermənilər bildirir ki, hakimiyyət rəhbərlyində olduğu müddətdə Serj Sarkisyan ölkədə kriminal rejim yaradaraq iqtisadiyyatı süni inhisarlar vasitəsilə idarə edib, ailəsi və qohumlarının da dövlət büdcəsini talan etmək, qanunsuz maliyyə əməliyyatlarını gerçəkləşdirmək və şəbəkələnmiş yarımmafioz biznes strukturları vasitəsilə varlanmalarına şərait yaradıb. Serj Sarkisyanla yanaşı, onun ailə üzvləri də dövləti soyanlar sırasındadır. Onun arvadı Rita Sarkisyan onlarla şirkət, iri holdinqlər, supermarketlər şəbəkələrindən tutmuş, zavod və fabriklərə sahiblik edir. Ailənin kürəkəni Mikael Minasyan Serj Sarkisyanın qızını alandan sonra bir sıra iri şirkətləri, konsernləri, holdinqləri ələ keçirib. Ermənistan iqtisadiyyatında artıq elə bir sahə, sektor qalmayıb ki, orada Minasyanın planlarının reallaşması üçün tədbirlər planı həyata keçirilməsin. Minasyan ölkəyə ərzaq məhsullarının idxalından tutmuş, ordunun silahla təminatına qədər ən geniş miqyasda şirkətlər quraraq inhisarçı rolunu yerinə yetirib. İndi Minasyanın varidatı yüz milyonlarla dollarla ölçülür. Sarksiyanın qardaşları Levon və Aleksandr Ermənistanda həris, tamahkar, qəddar insanlar kimi tanınırlar. "Saşik" kimi tanınan Aleksandr Sarkisyan ölkədəki bütün yanacaqdoldurma stansiyalarına nəzarəti ələ keçirib. Dağlıq Qarabağda yaşadığı zaman avtobus sürücüsü və qaz texniki işləmiş "Saşik" xaricdə də çoxsaylı daşınmaz əmlaka malikdir. Ermənistan prezidentinin digər qardaşı, ölkənin Tunisdəki sabiq səfiri, indisə İrəvann Dövlət Universitetinin qeyri-rəsmi rektoru olan Levon Sarkisyan da çoxsaylı qanun pozuntuları törətmiş şəxsdir. Milyarder olduğu vurğulanan Levon Sarkisyan İrəvanda onlarla yaşayış binasını inşa etmiş tikinti şirkətlərinin, supermarketlər şəbəkələrinin, ərzaq və yanacaq idxalı ilə məhsul olan konsenrlərin, meyvə-konserv zavodlarının, otellərin sahibidir.
Bundan başqa, Serj Sarkisyan böyük miqdarda korrupsiya müqabilində xaricdə olan iş adamlarına ölkə iqtisadiyyatının müxtəlif sahələrini satıb. Məsələn, Ermənistanın keçmiş prezidenti “Ermənistan elektrik şəbəkələri”ni ofşor sövdələşmələri hesabına rusiyalı milyarder Samvel Karapetyana satıb. Bu qəbildən olan əməllərin sayı kifayət qədərdir və belə görünür ki, Sarksiyan artıq bütün bunlara görə cavab verməli olacaq. Hər halda, artıq erməni diasporu bu istiqamətdə müvafiq addımlar atmağa başlayıb.
Tahir TAĞIYEV