Vüqar Rəhimzadə: “Qarşılıqlı əməkdaşlıq müsbət məqamlarla, yaxşı mənada, yaddaqalan hadisələrlə nəticələnəcək”
Məlum olduğu kimi, Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin XV iclası keçirilib. İkigünlük iclasda bir sıra məsələlər müzakirə edilib.
Belə ki, tədbirdə Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli sazişlə bağlı danışıqların cari durumu, ölkəmizdə siyasi dialoq və islahatlar, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat məsələlərinə dair müzakirələr aparılıb. Məlum olub ki, Avropa İttifaqı və Azərbaycan parlamentləri arasında birillik fasilədən sonra 2016-cı ilin sonunda bərpa olunan əlaqələr bu gün çox intensiv xarakter alıb. 2017-ci ildə Azərbaycan nümayəndə heyəti dəfələrlə Brüsselə və Strasburqa səfər edib, eləcə də Avropa Parlamentinin nümayəndələri il ərzində Azərbaycana gəliblər. Görünən odur ki, Aİ ilə Azərbaycan arasında genişlənən əlaqələrdə parlamentlərarası əməkdaşlığın rolu böyükdür.
“Biz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin zamanın nəbzini tutaraq inkişaf etməsindən çox razıyıq”, - deyən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərim qurumla ölkəmiz arasında ortaq çağırışların olduğunu söyləyib. O, mövcud əlaqə və əməkdaşlıqdan danışaraq bildirib ki, Azərbaycanın ticarətinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Avropa İttifaqı ölkələrinin neftə tələbatının müəyyən hissəsini də Azərbaycan təmin edir. Avropa İttifaqı “Cənubi Qafqaz Qaz Dəhlizi” layihəsinə böyük önəm verir. Əməkdaşlığın təkcə enerji ilə məhdudlaşmadığını deyən Sayyad Kərim qeyd edib ki, Avropa İttifaqını Azərbaycanın böyük nəqliyyat qovşağına çevrilməsi də maraqlandırır.
Bir sözlə, reallıq ondan ibarətdir ki, Aİ Azərbaycana xüsusi önəm verir. Ümumilikdə, Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin XV iclasının keçirilməsinin ölkəmiz üçün nə kimi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə buna bir neçə kontekstdən yanaşdı. Onun fikrincə, belə bir tədbirin keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti var: “Məsələ ondadır ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda fəal təmsil olunur. Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin qurulmasında qarşılıqlı əməkdaşlıq prinsipinə söykənir və bunda maraqlıdır. Təbii ki, bu kimi əməkdaşlıq formatında Azərbaycan öz milli maraqlarını hər zaman üstün tutur. İstər dövlətlərarası münasibətlərin qorunub inkişaf etdirilməsində, istərsə də beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasında sistemli işlər görülür. Ümumən enerji və digər məsələlərlə bağlı qarşılıqlı müzakirələrin aparılması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bütün bu müzakirə olunan məsələlər Azərbaycan və Aİ üçün maraqlıdır. Nəzərə almaq lazımdır ki, Avropanın enerji təchizatında Azərbaycanın rolu böyükdür. Növbəti illərdə Azərbaycanın bu məsələdə oynadığı rol daha da artacaq. Bu baxımdan qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunması tam təbiidir və reallığa uyğundur. Parlament tərəfindən lazımi beynəlxalq konvensiyaların ratifikasiyası gündəmə gələcək. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanla Aİ arasında qarşılıqlı əməkdaşlıq fayda verəcək. Qarşılıqlı əməkdaşlıq həm Azərbaycan iqtisadiyyatında, həm də Avropanın enerji təhlükəsizliyində kifayət qədər böyük rol oynayacaq. Eyni zamanda, qarşılıqlı əməkdaşlıq müsbət məqamlarla, yaxşı mənada, yaddaqalan hadisələrlə nəticələnəcək”.
Vidadi ORDAHALLI