ABŞ prezidenti Birləşmiş Ştatların İranla bağlanmış 2015-ci il nüvə sazişində qalıb-qalmayacağı barədə qərarını açıqlayıb. Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxdığını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti, razılaşma dövründə, İranın daha çox pul qazandığını, nüvə başlığı daşıya bilən raketlər istehsal etdiyini iddia edib. O, razılaşmadan çəkilməklə yanaşı, sanksiyaların yenidə başlayacağını bildirib.
"Mən əvvəllər də dəfələrlə sazişdəki qüsurlar aradan qaldırılmasa, ABŞ-ın sazişdən çıxacağını söyləmişdim"- deyən ABŞ dövlət başçısı, nüvə sazişinin tarixdə yol verilən ən böyük fəlakət adlandırıb: “Bu qorxunc və birtərəfli razılaşma idi və bu razılaşma heç vaxt olmamalı idi. Heç vaxt sülh və sabitlik gətirmədi, gətirməyəcək”.
"Mən bu gün bəyan edirəm ki, Amerika sazişdən çıxır. Biz İrana yardım edən ölkələrə ən ağır sanksiyalar tətbiq edəcəyik. Biz İran rejiminə "Amerikaya ölüm" deməsi ilə yanaşı nüvə silahı istehsal etməsinə yol verməyəcəyik!...Biz sazişdən çıxdıqdan sonra müttəfiqlərimizlə İranın nüvə fəaliyyətlərinə son qoyulmasına çalışacağıq...” - deyə Tramp bildirib.
2015-ci il sanksiyaları yenidən qayıdır
ABŞ prezidenti ölkəsinin 2015-ci ildə İrana tətbiq etdiyi sanksiyaları da yenidən bərpa edəcəyini deyib. O, İsrailin İranın nüvə fəaliyyətlərinə dair təqdim etdiyi dəlillərin o ölkənin yalan danışdığını sübut etdiyini deyib. Tramp Tehranın nüvə silahı istehsalı cəhdlərini davam etdirdiyini bildirib: “Nüvə razılaşmasına icazə versəm, Yaxın Şərqdə silahlanma başlayacaq. İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün heç bir doğru mexanizm yoxdur. İranın nüvə silahının qarşısını bu çürük razılaşma ilə ala bilmərik”.
Tramp İran xalqına da səsləndi
İran xalqın müraciət edən Tramp ölkənin gələcəyinin İran xalqına məxsus olduğunu önə çəkib: "İran xalqını girov saxlayan rejimə qarşı xalqı uyanmağa çağırıram. İran xalqı üçün çox yaxşı şeylər etməyə hazıram, barış üçün, sizin üçün".
İrandan ABŞ-sız 5 ölkə ilə davam qərarı…
ABŞ-ın nüvə razılaşmasından çəkilməsinə reaksiya verən İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatların sözünə əməl etmədiyini deyib: "ABŞ hansı informasiyalara sahib olduğunu bizə göstərməlidir. İran bütün vəzifələrini yerinə yetirib. Heç bir səhvimiz yoxdur. Ancaq biz bu gün beynəlxalq razılaşmaya hansı ölkənin hörmətsizlik etdiyini gördük. Trampın yeganə tərəfdarının sadəcə İsrail olduğunu görürük. Bu razılaşma 5+1 şərtini itirib. Yalnız 5 ölkəyə davam edəcəyik. Digər beş ölkənin köməyi ilə bütün arzu olunan nəticələrə nail olacağımızı düşünürəm ".
H.Ruhani dövlət televiziyasında xalqa müraciətində bildirib ki, İran uranın zənginləşdirilməsini bərpa etməyə hazır olduğunu bəyan edib: "Gələcəkdə, lazım gələrsə, biz heç bir məhdudiyyət olmadan uranın zənginləşdirilməsini həyata keçirəcəyik. Mən respublikanın atom enerjisi təşkilatına heç bir məhdudiyyət olmadan uranın zənginləşdirilməsinə hazır olmaları üçün göstəriş vermişəm. Lakin biz məsləhətləşmələr aparılan müddətdə bir neçə həftə ərzində səbrli olacağıq".
Trampın qərarı əzəli müttəfiqləri parçaladı
Trampın ABŞ-ın İranla nüvə razılaşmasından çıxması ilə bağlı açıqlamasına Avropa Birliyi də münasibət bildirib. Avropa Birliyi İranla nüvə razılaşmasını qoruyacaqlarını bəyan edib.
AB Şurasının sədri Donald Tusk da Trampın İranın nüvə razılaşması və iqtisadi siyasətinə qarşı AB ölkələrinin birgə hərəkət edəcəyini deyib.
Fransa, Almaniya və Böyük Britaniya liderləri isə ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması haqqında birgə bəyanat yayıb. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Tereza Meyin imzasını daşıyan bəyanatda tərəflər ABŞ-ın bu qərarını kədər və narahatlıq ilə qarşıladıqlarını bildiriblər.
Bəyanatda tərəflərin müqaviləyə sadiq qaldığı və bunun ümumi təhlükəsizlik üçün vacib olduğu bildirilib. Qeyd edilib ki, İranın nüvə sazişi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamə ilə dəstəklənir və bütün tərəflər sazişin tam həyata keçirilməsi üçün məsuliyyətlə hərəkət etməlidir.
Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini isə bildirib ki, saziş 12 illik diplomatiyanın məhsulu və ən böyük uğurlarından biridir: “Bu müqavilə hamımıza aiddir. Bu müqaviləni beynəlxalq ictimaiyyətlə davam etdirəcəyik. Saziş regionun, Avropanın və bütün dünyanın təhlükəsizliyi baxımından çox vacibdir. Aİ təhlükəsizlik maraqlarını əsas tutur. Biz müqaviləni davam etdirəcəyik”,- deyə o, qeyd edib.
İsrail və Səudiyyə Trampın yanında…
İsrailin baş naziri Benyamin Netanyahu Trampın nüvə razılaşmasından çəkilməsini qərarını cəsarətli qərar adlandırıb: "Tramp doğru və cəsarətli bir qərar verdi. Trampın qərarını məmnuniyyətlə qarşılayırıq".
Səudiyyə Ərəbistanı da Trampın qərarını dəstəklədiyini bəyan edib.
Qeyd edək ki, Donald Tramp bu sazişlə bağlı narazılığını dəfələrlə ifadə edərək, Avropa müttəfiqlərinə sazişdəki “dəhşətli qüsurların” aradan qaldırılması üçün mayın 12-dək vaxt verib.
Avropa liderləri Trampa razılıqdan çıxmaması üçün təzyiq göstərirdi. Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri Trampı yola gətirməyə çalışırdı.
Mayın 7-də Berlində keçirilən mətbuat konfransında Almaniyanın xarici işlər naziri Heiko Mass deyib ki, bu saziş olmadan dünya daha təhlükəli bir yer olardı. Eyni mətbuat konfransında onun fransız həmkarı Jan-İv Le Drian deyib ki, Qərb bu sazişin qorunub saxlanmasına çalışacaq. O əlavə edib ki, Trampın qərarından asılı olmayaraq Paris, Berlin və London sazişin şərtlərinə sadiq qalacaq.
Onu da xatırladaq ki, ABŞ-ın qərarın dan əvvəl, Trampla danışıqlarda iştirak edən avropalı diplomatlar bu qənaətə gəliblər ki, onlar ABŞ prezidentini İranla nüvə razılaşmasının pozulmasının Qərblə rəsmi Tehran arasında yeni qarşıdurmaya gətirib çıxara biləcəyinə inandıra bilməyiblər. Onlardan birinin sözlərinə görə, Donald Trampın nüvə razılaşmasını saxlayacağına dair şanslar çox azdır.
İran prezidenti Həsən Ruhani, ABŞ razılaşmadan çəkiləcəyi halda, İranın bəzi qisamüddətli problemlər yaşaya biləcəyini demişdi. Ruhani görə, problemlər üç aya qədər çəkə bilər.
İran İnsan Hüquqları Komitəsinin katibi Məhəmməd Cavad Laricani isə bildirib ki, Tramp sazişdən çıxarsa, İran üçün də hər şey bitər.
İranın yaxın müttəfiqi Rusiya isə Trampa xəbərdarlıq edərək bildirib ki, müqavilənin ləğv edilməsi mənfi nəticələr doğuracaq. Kremlin sözçüsü Dmitri Peskov, bununla bağlı prezident Vladimir Putinin bununla bağlı qərarlar verəcəyini və mənfi nəticələrin olacağını deyib.
İranın əzəli düşməni İsrail isə Trampın qərarı öncəsi Tehrana qarşı yeni ittihamlar irəli sürüb. Baş nazir Binyamin Netanyahu İranın Suriyaya çox təhlükəli silahlar yerləşdirdiyini və İsraili xəritədən silməyi hədəflədiyini deyib. İsrail baş nazirinin sözlərinə görə, İran tezliklə Aralıq dənizinə çıxa bilər.
Avropa Birliyi-İran yaxınlaşmasının yolu açıldı …
Almaniyanın “Deutsche Welle” portalı yazır ki, İran bundan sonra diqqətini ABŞ-a deyil, Avropaya yönəldəcək. qeyd edlir ki, İran, Qərb ölkələrini parçalamağa çalışmasa da belə, ABŞ və Avropa ölkələri arasında fərqli maraqların olmasından istifadə edə bilər və belə bir vəziyyətdə Avropa Birliyi ilə İran arasında yaxınlaşma ola bilər.
İsrail ordusunun keçmiş araşdırma rəhbəri Amos Gilad da bu fikirdədir. Gilad deyir ki, əgər razılaşma çökərsə, İranın nüvə fəaliyyətinə nəzarət etmək çətin olacaq: "Əgər amerikalılar sazişdən çıxsalar, o zaman bununla bağlı alternativ variantlar olmalıdır, amma mən alternativlərin olduğuna inanmıram".
ABŞ-İran müharibəsi təhlükəsi…
Suriyada, İraqda və Livanda hərbi qüvvələrə malik olan İran, artıq Yaxın Şərqdə Səudiyyə Ərəbistanı ilə rəqabətdə də üstünlük qazanıb. “Deutsche Welle”ə görə, əgər saziş ləğv olunarsa, İran bölgədə daha radikal siyasət yürüdə bilər ki, bu da sonda ABŞ-la müharibəyə qədər gedib çıxa bilər. Fransa prezidenti Emmanuel Makron da Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində bu ehtimalı dilə gətirmişdi.
Ən pis ssenarilərdən biri isə, Trampun İranın iqtisadi əlaqələri ilə bağlı beynəlxalq sanksiyalar bəyan edilməsidır. Obamanın dövründə nüvə razılaşmasının baş koordinatoru olan Carret Blank isə, İranla bu ölkənin xarici ticarət əlaqələrində rol oynayan bankların da sanksiyalar siyahısına salınmasının, Avropada indiyə kimi görünməmiş bir düşmənçilik kimi qəbul edilə biləcəyini söyləyib.
Qeyd edək ki, 2015-ci ildə imzalanmış tarixi razılaşmada ABŞ və İranla yanaşı P5+1 kimi tanınan Çin, Rusiya, Almaniya, İngiltərə və Almaniya da iştirak edib.
TAHİR