Qüdsün İsrailin paytaxtı kimi tanınması və Suriya əməliyyatları ilə bütün dünyanın diqqətini Ağ Evə çevirən ABŞ prezidenti Donald Tramp daha bir qalmaqallı qərar verməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, Tramp yaxın saatlarda İranla nüvə razılaşması barədə son qərarını açıqlayacaq.
Trampın ölkəsinin İranla bağlanan nüvə razılaşmasından çıxdığını elan edəcəyi gözlənilir. Trampla danışıqlarda iştirak edən avropalı diplomatlar bu qənaətə gəliblər ki, onlar ABŞ prezidentini İranla nüvə razılaşmasının pozulmasının Qərblə rəsmi Tehran arasında yeni qarşıdurmaya gətirib çıxara biləcəyinə inandıra bilməyiblər. Onlardan birinin sözlərinə görə, Donald Trampın nüvə razılaşmasını saxlayacağına dair şanslar çox azdır.
İran prezidenti Həsən Ruhani, ABŞ razılaşmadan çəkiləcəyi halda, İranın bəzi qisamüddətli problemlər yaşaya biləcəyini deyib. Ruhani görə, problemlər üç aya qədər çəkə bilər.
İran İnsan Hüquqları Komitəsinin katibi Məhəmməd Cavad Laricani isə bildirib ki, Tramp sazişdən çıxarsa, İran üçün də hər şey bitər.
İranın yaxın müttəfiqi Rusiya isə Trampa xəbərdarlıq edərək bildirib ki, müqavilənin ləğv edilməsi mənfi nəticələr doğuracaq. Kremlin sözçüsü Dmitri Peskov, bununla bağlı prezident Vladimir Putinin bununla bağlı qərarlar verəcəyini və mənfi nəticələrin olacağını deyib.
İranın əzəli düşməni İsrail isə Trampın qərarı öncəsi Tehrana qarşı yeni ittihamlar irəli sürüb. Baş nazir Binyamin Netanyahu İranın Suriyaya çox təhlükəli silahlar yerləşdirdiyini və İsraili xəritədən silməyi hədəflədiyini deyib. İsrail baş nazirinin sözlərinə görə, İran tezliklə Aralıq dənizinə çıxa bilər.
Almaniyanın “Deutsche Welle” portalı yazır ki, İran bundan sonra diqqətini ABŞ-a deyil, Avropaya yönəldəcək. qeyd edlir ki, İran, Qərb ölkələrini parçalamağa çalışmasa da belə, ABŞ və Avropa ölkələri arasında fərqli maraqların olmasından istifadə edə bilər və belə bir vəziyyətdə Avropa Birliyi ilə İran arasında yaxınlaşma ola bilər.
İsrail ordusunun keçmiş araşdırma rəhbəri Amos Gilad da bu fikirdədir. Gilad deyir ki, əgər razılaşma çökərsə, İranın nüvə fəaliyyətinə nəzarət etmək çətin olacaq: "Əgər amerikalılar sazişdən çıxsalar, o zaman bununla bağlı alternativ variantlar olmalıdır, amma mən alternativlərin olduğuna inanmıram".
Suriyada, İraqda və Livanda hərbi qüvvələrə malik olan İran, artıq Yaxın Şərqdə Səudiyyə Ərəbistanı ilə rəqabətdə də üstünlük qazanıb. “Deutsche Welle”ə görə, əgər saziş ləğv olunarsa, İran bölgədə daha radikal siyasət yürüdə bilər ki, bu da sonda ABŞ-la müharibəyə qədər gedib çıxa bilər. Fransa prezidenti Emmanuel Makron da Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində bu ehtimalı dilə gətirmişdi.
Ən pis ssenarilərdən biri isə, Trampun İranın iqtisadi əlaqələri ilə bağlı beynəlxalq sanksiyalar bəyan edilməsidır. Obamanın dövründə nüvə razılaşmasının baş koordinatoru olan Carret Blank isə, İranla bu ölkənin xarici ticarət əlaqələrində rol oynayan bankların da sanksiyalar siyahısına salınmasının, Avropada indiyə kimi görünməmiş bir düşmənçilik kimi qəbul edilə biləcəyini söyləyib.
Qeyd edək ki, 2015-ci ildə imzalanmış tarixi razılaşmada ABŞ və İranla yanaşı P5+1 kimi tanınan Çin, Rusiya, Almaniya, İngiltərə və Almaniya da iştirak edib.
TAHİR