“Əcnəbilərin Dağlıq Qarabağda iqtisadi fəaliyyətlə məşğul olmaması üçün tədbirlər görülməlidir”
Azərbaycanın işğal olunmuş ərazilərinə indiyədək qeyri-qanuni maliyyə qoyuluşları aparılıb və bu, indi də davam etdirilir. Bu ərazilərdə yaradılmış qondarma rejimin fəaliyyətinə dəstək göstərilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini yubadır. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Kamil Xasıyev bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amillərindən biridir: “Belə münaqişələr regionlarda qeyri-sabitliyə gətirib çıxarır. BMT-nin qətnamələrinə görə, münaqişə həll olunmalıdır. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilib. Bu qətnamələrdə təkrarən təsdiqlənib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir”.
K.Xasıyev deyib ki, ümumilikdə beynəlxalq cəmiyyətin fikirlərinə, beynəlxalq hüquq normalarının pozulmasına baxmayaraq, Ermənistan işğalçı mövqeyindən geri çəkilməyib: “Ermənistan status-kvonu saxlamağın tərəfdarıdır. O, fiziki güclərini möhkəmləndirməyə çalışır, orada yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını alır. Son illər ərzində də təmas xətti boyunca Ermənistan-Azərbaycan qüvvələrinin dayandığı ərazilərdə Azərbaycan kəndlərinin atəşə tutulması davam etdirillib, Azərbaycan vətəndaşları da hədəf olub”.
Onun sözlərinə görə, Azərbaycan gözləyir ki, Avropa İttifaqı və ona üzv ölkələr beynəlxalq öhdəliklərə uyğun olaraq, eyni vəziyyətlərdə tətbiq etdiyi müəyyən iqtisadi-siyasi tədbirləri işə salsın. Bu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasının qarşısını ala bilər: “Bu, hər hansı malların, xidmətlərin Dağlıq Qarabağa satılmasının qarşısını ala bilər. Ümid edirik ki, bu addım qeyri-qanuni əməliyyatların qarşısını alacaq”.
“Müəyyən tədbirlər görülməlidir ki, Avropa İttifaqına daxil olan ölkələrdən olan fiziki və hüquqi şəxslər işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olmasınlar”. Bunu da K.Xasıyev bildirib.
K.Xasıyev qeyd edib ki, əcnəbilər Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olurlar: “Bir daha vurğulamaq istərdim ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və status-kvo qəbuledilməzdir. Beynəlxalq normalar bunu aydın şəkildə elan edir. Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürür. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.