Elşən Həsənov: “Gücləri çatsaydı, indiyə kimi edərdilər”
Dağlıq Qarabağdakı separatçıların formalaşdırdığı qondarma “DQR”in rəhbəri Bako Saakyan bu günlərdə Ermənistan parlamentindən ora təşrif buyuran nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibində parlamentdə təmsil olunan bütün fraksiyaların təmsilçiləri olub. Bildirilir ki, görüş zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xüsusilə də Ermənistandakı real vəziyyət ətrafında müzakirələr açılıb. Qondarma qurumun rəhbəri iki tərəf arasında əlaqələrin daha da dərinləşməsinin zəruriliyinə diqqəti yönəldib. Bildirib ki, bu inteqrasiya həm də qondarma qurumun təhlükəsizliyini qarantiyalamış olacaq.
Görüşdən sonra jurnalistlərlə keçirilən mətbuat konfransında Ermənistandan olan deputatlar bildiriblər ki, qondarma qurum rəhbərinin səyləri və aktivliyi həmin ölkədəki gərginliyi azalda bilər. Ermənistan mətbuatı qeyd edir ki, bu səfər Azərbaycan mətbuatında da geniş müzakirə edilib. Guya biz Ermənistan və “DQR” arasında birliyin əldə olunmasından ciddi narahatlıq keçirmişik. Əslində, bu bir bəhanədir. Öz istəklərini dilə gətirmək üçün bizə atılan şərdir. Məqalə müəllifi vurğulayır ki, Ermənistan və “DQR” faktiki olaraq bir ölkə kimi yaşayırlar. Ona görə də birlik istiqamətində səylər genişlənməlidir. Ermənilərin məhz indiki məqamda Ermənistanla qondarma qurum arasındakı əlaqələrin möhkəmlənməsinə, hətta birləşmə meyllərinə aid fikirlərə belə üstünlük verməsi nəyin əlaməti sayıla bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan nümayəndə heyətinin qondarma qurum ərazisinə etdiyi səfər ətrafındakı ajiotajı ilk olaraq onların öz mətbuatı qaldırır: “Bunların görüşləri barədə məlumat mətbuatda hələ bir neçə gün bundan öncə də işıqlandırılmışdı və bu görüş qəfil görüş adlandırıldı. Əslində, məsələ nə yerdədir? Bildiyimiz kimi, Ermənistanın keçmiş prezidenti, sonradan bir neçə günlük baş nazir postunu tutmuş Serj Sarkisyan Qarabağ klanını təmsil edir və Qarabağda “hakimiyyətdə” olan qrupa, o cümlədən Bako Saakyana təsir qüvvəsinə malikdir.
Ermənistanda isə çıxışlar məhz hakimiyyətdə çoxluq təşkil edən Qarabağ klanına qarşı yönəlib. Bu baxımdan adlarını çəkdiyiniz fraksiya və qruplardan olan deputatların Qarabağa səfəri həm də oradakı “hakimiyyəti”, bir növ, sakitləşdirmək baxımından, onları Ermənistanda hakimiyyət dəyişikliyi zamanı Qarabağ məsələsinə münasibətin dəyişməz qalacağına inandırmaq aspektindən vacibdir.
İkinci bir məsələ də ondan ibarətdir ki, Qarabağda yerləşən muzdlu dəstələrin Azərbaycana qarşı fitnəkarlıq xarakteri daşıyan həmlələri ola bilər ki, bu da Azərbaycan tərəfdən cavab tədbirlərinin görülməsinə gətirib çıxarar. Son nəticədə isə bu, Ermənistanda gedən proseslərdə özünü göstərər. Belə olacağı təqdirdə inqilabi hərəkatda olan qüvvəni Qarabağ cəbhəsinə yönləndirib Ermənistan daxilində köhnə rejimi yenidən hakimiyyətə qaytarmaq mümkün olardı. Ermənilərin iki tərəf arasında birləşmə meyllərinin artması haqda dedikləri inandırıcı görünür. Belə çağırışlar keçmişdə də olub. Ancaq bunun üçün ilk olaraq Ermənistan parlamenti cəsarət edib qondarma qurumun “müstəqilliyini” tanımalıdır. Gücləri çatsaydı, indiyə kimi edərdilər.
Düşünürəm ki, vəziyyətin ciddi şəkil alacağı təqdirdə hərbi qarşıdurma qaçılmaz olacaq ki, bu da regionda əlavə risq yarada bilər.
Trampın İlham Əliyevə ünvanladığı təbrik məktubunda “Sizinlə işləməkdən məmnunluq duyuram” kimi fikirlərin yer alması yaxın zamanlarda konfliktin həlli istiqamətində ciddi addımların atılacağına bir işarədir”.
Məhəmmədəli QƏRİBLİ