Ermənistanda yaxın günlər ərzində hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi indi getdikcə daha çox maraq doğurur. İlk baxışdan belə görünür ki, mayın 8-də parlament “Yelk” fraksiyasının başçısı, etiraz hərəkatının lideri Nikol Paşinyanı baş nazir seçəcək. Amma yenə də gözlənilməyən sürprizlər yaşana, hadisələr tamam fərqli məcrada inkiaşf edə bilər.
Elə bundan sonra ölkədə daha qanlı olayların başlanması gözlənir. Başqa bir tərəfdən, Paşinyan hakimiyyətə gəlsə belə, ölkədə yeni əmlak bölgüsü prosesinin başlanması, varlı təbəqəninin var-dövlətinin qəsb edilməsi da qaçılmaz reallıq sayılır. Belə vəziyyət də öz növbəsində yeni qanlı qarşıdurmaların başlanğıcı sayılır.
Qeyd edilənləri nəzərə alan erməni politoloq Qrant Məlik-Şahnazaryan bildirir ki, Nikol Paşinyanın baş nazir seçilməsi durumunda belə Ermənistanda siyasi böhran həllini tapmayacaq: “İstənilən halda, ölkədə siyasi vəziyyətin stabilləşməsinə ümid yalnız parlament seçkilərindən sonra yarana bilər. Bundan sonra ölkədəki siyasi partiyaların çəkisini qiymətləndirmək olar”. Şahnazaryan onu da əlavə edib ki, hazırda Ermənistanda hansı partiyanın daha güclü olması qeyri-müəyyəndir. Belə bir vaxtda Paşinyan özü də baş nazir seçiləcəyi halda hökumətin tərkibinin necə formalaşdırılacağı ilə bağlı suala ətraflı cavab verməyib. Yalnız onu vurğulayıb ki, yeni hökumətin tərkibi mövcud siyasi durumu əks etdirməlidir. Bu da o deməkdir ki, Paşinyan hakim Respublika Partiyasından heç kimi iqtidarda görmək istəmir. ABŞ-ın “The Washington Post” qəzeti yazır ki, məhz bu vəziyyətdə erməni oliqarxları ilə yeni hökumətin ciddi savaşı başlanacaq: “Sovet İttifaqının keçmiş ucqarı olan Ermənistan son 20 ildə hakim iqtidarın siyasi və iqtisadi sahələrə nəzarət etdiyi yumşaq avtoritar dövlət olub. Ölkə nominal olaraq demokratik sayılsa da, bütün demokratik təsisatlar, o cümlədən seçkilər və əsas mətbuat orqanları 1999-cu ildən bəri hakim Respublika Partiyası və onun rəhbərlərinin nəzarəti altındadır. Amma indi Nikol Paşinyan iqtidardakı Respublika Partiyasının parlamentdən qovulmasını istəyir.
Oliqarxik siyasi sistemin üstünlük təşkil etdiyi kasıb, pis idarə olunan bir ölkə – Ermənistan keçmiş sovet respublikaları arasında istisna deyil. Bu ölkələrin əksəriyyətində olduğu kimi, Ermənistanda da əsas küçə nümayişləri bir neçə il bundan əvvəl mümkün deyildi. Burada hərəkat tədricən vətəndaş itaətsizliyinin davamlı böyüməsindən və fəal qruplarla siyasi müxalifət arasında artan əməkdaşlıqdan ortaya çıxıb. Etirazlar davam etdikcə siyasi elita Sarkisyandan uzaqlaşıb, indi Paşinyan və müxalif qüvvələri dəstəkləyən kimi görünür. Eyni zamanda, Sarkisyan Respublika Partiyasının rəhbərliyindən istefa verib. Partiya oliqarxlarının fərqli mənafelərini birləşdirən fiqurun gedişi partiyanı təhlükəyə atıb.
İrəvanın Respublika meydanındakı açıq bir görüşdə Paşinyan bir sıra Respublika Partiyası üzvünü hədələyib. Digər tərəfdən, Ukrayna və digər postsovet ölkələrinin təcrübəsi əsas götürülərsə, Ermənistanın öz vətəndaşlarının tələblərini yerinə yetirməsi çətin məsələdir. Oliqarxlar və digər maraqlı tərəflər yeni sistemdə də imtiyazlarını qorunmasına çalışacaq. Etibarlı siyasi və iqtisadi islahatlar naminə seçkilər keçirilməli, vətəndaş cəmiyyəti hökumət və beynəlxalq birliklə işini davam etdirməlidir. Amma oliqarxlar buna çətin imkan verə”. Məsələnin digər tərəfi budur ki, Serj Sarkisyanın devrilməsindən sonra Nikol Paşinyan hakim Respublika Partiyasını da tamamilə sıradan çıxarmaq və iqtidarı ələ almaq niyyətindədir. Yuxarıda qeyd olunduğu kimi, gözlənilir ki, Ermənistan parlamentinin 8 may iclasında Paşinyan baş nazir seçilsin. Lakin o haqda suallar hələ də açıq qalır ki, Respublika Partiyası, ölkə daxilində ciddi müqavimətə rəğmən, niyə iqtidardan getmir, yaxud 1 may seçkisində Paşinyanın əleyhinə çıxan respublikaçılar 8 mayda onu dəstəkləyəcəklərini niyə elan edirlər? Erməni ekspert Ambartsum Karoyan qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin inaqurasiyasından sonra Ermənistanda nəzarəti ələ almaq üçün hərəkətə keçəcək. Elə Respublika Partiyası da buna arxayındır və məmur oliqarxlar əslində Paşinyana mayın 8-də yeni sürprizlər də hazırlaya bilər: “Nikol Paşinyan Rusiya ilə münasibətləri saxlayacağını desə də, Kremldə buna inanmırlar və Ermənistanda baş verənləri dövlət çevrilişi olaraq qəbul edirlər. Və bu qiyamı boğmaq üçün Putinin andiçmə mərasimindən sonra Rusiya Ermənistana müdaxilə edəcək”. Görünür, Respublika Partiyası məhz Putinin inaqurasiyasına qədər vaxt qazanmağı və Rusiyanın müdaxilə etməsini gözləyirdi. Mayın 1-də Paşinyanın seçilməməsi və növbəti seçkinin 8 maya təyin edilməsi təsadüfi deyil. Fikirlər səslənir ki, növbəti seçkidə də Paşinyan seçilməyəcək və bundan sonra cəza üsulları işə düşəcək.
Gürcü politoloq Simon Kopadze də vurğulayır ki, Ermənistanda baş verən proseslər müsbət heç nə vəd etmir: ”Hakimiyyət uğrunda mübarizədə keçmiş prezident Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdıran Nikol Paşinyan son bəyanatları ilə sübut etdi ki, Ermənistan öz çirkin siyasətindən əl çəkməyəcək. Ona görə də hesab edirəm ki, Ermənistanda baş verən inqilab və hakimiyyət dəyişikliyi nə erməni xalqına, nə də region dövlətlərinə yaxşı heç nə vəd etmir. Erməni xalqının və hakimiyyətdə olanların siyasi baxışları dəyişməlidir. İlk növbədə, Ermənistanda müstəqil dövlət qurulmalıdır. Müstəqil olmayan dövlətin müstəqil siyasəti də olmaz”.
Tahir TAĞIYEV